Britaniyanın keçmiş baş naziri Toni Bleyer Azərbaycan qazının Avropaya nəqli üzrə BP-nin başçılıq etdiyi konsorsiumun məsləhətçisi təyin edilib.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə “The Financial Times” “Şahdəniz-2” layihəsinə yaxın mənbəyə istinadən yazıb.
Mənbə bildirib ki, Toni Bleyer BP və partnyorları tərəfindən yaradılan, Almaniyanın keçmiş xarici işlər naziri Hans-Ditrix Genşer və “Goldman Sachs International”ın sədri, BP-nin keçmiş icraçı direktoru Piter Sazerlendin daxil olduğu məsləhət qrupuna işə cəlb edilib.
45 milyard avroluq layihə Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı TANAP və TAP kəmərləri ilə Avropaya nəql etmək, bununla da Avropanın Rusiya qazından asılılığını azaltmaq üçün nəzərdə tutulub.
BP bildirib ki, Cənub dəhlizinə dair məsləhət qrupu “Şahdəniz-2”, TANAP və TAP layihələrinin reallaşması dövründə meydana çıxa biləcək siyasi, ekoloji, imic və sosial problemlərin həlli üzrə məsləhətlər verəcək. Toni Bleyer bu qrupa siyasi və işgüzar təcrübəsi nəzərə alınaraq seçilib. Mənbə deyib ki, Cənub dəhlizinə yeddi ölkə cəlb olunduğundan ortaya çoxsaylı normativ və eekoloji problemlər çıxa bilər.
Virtualaz.org saytı xatırladır ki, Toni Bleyer 2009-cu ilin dekabrında Azərbaycanda oliqarx Nəsib Piriyevin və oğlu Nizami Piriyevin “AzMeCo” şirkəti tərəfindən Avropa Yenidənqurma və İnkişaf Bankının krediti hesabına inşa edilən metanol zavodunun təməlqoyma mərasimində iştirak edib, bu mərasimdə 20 dəqiqəlik çıxışı üçün 200 min dollar qonorar alıb. Həmin açılışda iştirakına görə Toni Bleyer Britaniya mediası, deputatları və insan haqları fəalları tərəfindən amansız tənqidə məruz qaldı. Ondan tələb edirdilər ki, aldığı pulu ya geri qaytarsın, ya da insan haqlarının müdafiəsi ilə məşğul olan təşkilatlardan birinə versin.
Toni Bleyer həmçinin 2011-ci ildə Qazaxıstan hökumətinin islahatlar proqramında məsləhət xidməti verib və Nazarbayevlə oturub-durmasına görə xeyli tənqid olunub.
Toni Bleyer Yaxın Şərq kvartetinin-ABŞ, Avropa İtttifaqı, BMT və Rusiyanın xüsusi təmsilçisidir. Lakin o, Yaxın Şərqə səfərlərindən öz biznesi üçün istifadə edir. Keçmiş baş nazirin “Toni Bleyer Associates” adlı konsaltinq şirkəti var, həmçinin iqlim dəyişikləri üzrə “Climate Group” fondu ona bağlıdır.
Britaniyanın keçmiş baş nazirinin Azərbaycan qazı ilə bağlı məsləhət işinə təyin edilməsi ərəfəsində Yorq hersoqu şahzadə Endryü Bukinhem sarayında BP-nin icraçı direktoru Robert Dadli ilə məxfi görüş keçirib. Bu görüşün ardınca Britaniyanın enerji naziri Maykl Fellon Bakıya səfər edib və Cənub qaz dəhlizinin reallaşmasına dair danışıqlar aparıb.
Virtualaz.org