Mübarək ayda Qəzzada növbəti insanlıq faciəsi yaşanır. Artıq bununla “n”ci dəfədir İsrail günahsız insanların, qadın-qocaların, küçələrdə, dəniz sahillərində oynayan uşaqların başına bombalar yağdırır dünyanın gözü qarşısında. Bəşər adına bu rəzilliyini utanmadan o, yenə “müdafiə haqqı” ilə izah edir, “hədəflərimizə çatmayınca hücum əməliyyatları dayandırılmayacaq”, – deyə bəyan edir.
Hansı hədəflər, hansı haqq-hüquq? Bunlar nədən danışır görəsən?.. Heç bir müharibə, savaş, heç bir haqq dinc əhalinin qətliamına, günahsız insanların iztirablarına, bir körpənin göz yaşlarına dəyməz – fərq eləməz, o uşaq ərəb olsun, yəhudi, türkmən və yaxud kürd.
Bombardmandan balaca bədənləri, başları yarılan fələstinli uşaqları görən İsrail cəmiyyətində heçmi ürəklər parçalanmır? O kadrlara baxmırlarmı? İnsaniyyət tamamən aradan getməyibsə, o zaman nədən qatil hökumətlərinə qarşı etiraz səslərini qaldırmırlar?
Yəhudi xalqını dünyanın ən ağıllı toplumu adlandırırlar. Ancaq ağıllı xalq öncə ədalətli olmalı və bilməlidir ki, başqa xalqa məxsus torpaqlarda, işğal edilən ərazilərdə xoşbəxt olmaq, rahat və təhlükəsiz yaşamaq, güvənli dövlət qurmaq mümkünsüzdür. Nə qədər ki, bu adi gerçək İsrail dövlətinin yetkililərinə çatmayıb, Yaxın Şərqdə, Fələstin torpaqlarında sakitlik, uzunmüddətli sülh bərqərar olmayacaq.
Regionda əmin-amanlıq təbii ki, həm də o səbəbə əlçatmaz olacaq ki, islam, ərəb dünyası pərakəndə vəziyyətdədir, dağınıqdır, bir çox müsəlman ölkəsi bir-birinə qənim kəsilib. Heç kim heç kimin kitabını oxumur, hətta müqəddəs Quranı da hərə özünəməxsus tərzdə – istədiyi kimi təsvir və təqdim edir.
“Müsəlmanlar olaraq baş verən hadisələrə görə utanırıq. Çünki vətəndaş müharibələri baş verir, müsəlmanlar bir-birlərini qətl edirlər”. Türkiyə prezidenti Abdullah Gül bu sözləri Fələstindəki son insanlıq dramından danışarkən söyləyib. İslam dünyasında baş verən mənfi proseslərə diqqət çəkən Gül “Qonşular bir-birlərinin evlərini dağıdır. Digər bir tərəfdən də çox böyük ağrılar çəkirik. Bu, nə müsəlmanlığa, nə də islama yaraşar” deyib.
Onun qənaətincə, Fələstində, Qəzzada yaşananlar çox böyük utanc və acizlikdir. “Öz qüsurlarımızı qarşımıza qoyub mühakimə etməliyik. Bunları dayandırmaq üçün islam dünyasının həmrəylik göstərməsi lazımdır” bildirən Abdulla Gül dünya müsəlmanlarını bir olmağa çağırıb və “çətin bir Ramazan keçiririk” söyləyib. Prezident həmçinin, din adamlarını bu vəziyyətdən çıxmaq üçün köməyə səsləyib.
Utanc hissi… O, əlbəttə ki, normal, ağlı başında olan bəndəyə, imanlı adama xas keyfiyyətdir. Yerdə qalanlardan bunu ummaq yersiz olar. Bu xüsusda cahanda öz hərəkətlərindən utanmalı daha bir toplum varsa, o da İsrail dövləti və cəmiyyəti olmalıdır…
Qaldı islam həmrəyliyinə, bəli, əslində yaşanan faciələrin mayasında məhz onun xroniki çatışmazlığı durur. Belə bir həmrəylik 30-ca faiz təmin olunsaydı, inanın ki, İsrail öz ətrafdakı xalqlara illərlə meydan oxumaz, mübarək ayda belə əzələ nümayiş etdirməzdi.
Əksinə, sən əcaibliyə bax ki, bir yandan müsəlmanlar İsrail bombalarından həlak olursa, o biri yandan özünü saf “Məhəmməd ümməti” adlandıran başkəsən İŞİD-çilər, “əl Nusra”çılar müsəlmanları mifik və allahsız amallar maninə qanına qəltan edir, qırıb çatırlar.
Təbii ki, sonuncuları islam toplumunun mövcudluğu, əmin-amanlığı qayğılandırsaydı, bir güllə də İsrail tərəfə atar, arada topun lüləsini müsəlman şəhərlərindən çəkib o tərəfə də tuşlayardılar. Heç olmasa quruca bəyanatla qətliamlara etiraz bildirərdilər.
Amma susurlar. Demək, işğalçılarla, onların havadarları ilə mənəvi ortaqlardır. Bununla onlar bir daha kirli mahiyyətlərini açır, hansı məkrli güclərin, çirkin siyasətin əlində alət olduqlarını çılpaqlığı ilə ortaya qoymuş olurlar.
Yaxşı deyiblər, gizli saxlanan oğurluqla, əxlaqsızlığı ömrü 40 gün çəkər.