Malayziya təyyarəsinin hansı silahlı qüvvələr tərəfindən vurulması, əslində, heç cür mübahisə predmeti ola bilməzdi və olmamalıydı.
Bu, 2+2 misalının cavabını tapmaq qədər asan iş idi. Təyyarənin partlayıb düşdüyü yerin adını Google-də yazıb axtarış vermək, elektron xəritəni tapmaq, bir də Rusiyayönümlü separatçıların əlində olan ərazi və şəhərləri (bunlar barədə də məlumat çoxdur) bilmək kifayət idi.
Məsələ ondadır ki, Ukrayna dövlətinə məxsus hərbi qüvvələrin dislokasiya yerləri (bir neçə istiqamət üzrə) ilə təyyarənin vurulduğu məkana yaxın Torez, Snejnoe şəhərləri və Qrabovo qəsəbəsinin arasında ən azı 100 kilometrlik məsafə var. Luqansk tərəfdən götürsək, bu məsafə daha çoxdur – 150-170 km.
Təyyarənin vurulduğu yer Rusiyadan təlimat və silah-sursat alan separatçı qüvvələrin əlindədir. Bu baxımdan həmin bölgədə 10 km yüksəkdə uçan Malayziya təyyarəsini vurmaq üçün cəmi bir qüvvə vardı – separatçılar.
Bununla belə, istər hərbi-siyasi dairələr, istər informasiya müharibəsinə qoşulmuş media qurumları bilərəkdən suyu bulandırır, təyyarəni kimlərin vurduğu üzərinə müəmma pərdəsi çəkməyə çalışır, bir-birinə zidd olan materiallar yayırdılar.
Elmi texnologiyaların indiki tərəqqi etmiş vaxtında, kosmosdan evlərin taxtapuşundakı dəliyin şəklinin çəkildiyi, telefonla danışan istənilən adamın səsinin asanlıqla yazıla bildiyi dövrdə bu boyda cinayəti ört-basdır etmək mümkün deyildi.
Buna yalnız uğursuz cəhdlər edilə bilərdi. Edildi də. Həm də böyük həyasızlıqla. İnadkarlıq və israrla. Kontr-ittihamlarla.
Fəqət böyük dövlətlərin hərbi-kəşfiyyat dairələri şaşqınlıq içində iki gün susdular, müvafiq araşdırmalar apardılar və ortaya dəlil-sübutlu, bol faktlı verdikt qoydular: təyyarə Rusiyaya bağlı separatçı qüvvələr tərəfindən vurulub. Bu – raket-zenit kompleksinin adı, bu – qurğuların hardan gətirilib hara aparılmasının marşrutu, bu – vuranların ad-soyadları, bu – onların hadisədən sonrakı danışıqları və s.
Ancaq bu, o demək deyil ki, bu qədər təkzibedilməz faktlar qarşısında qalan tərəf günahını boynuna alacaq. Xeyr. Onlar sona qədər dirəşəcəklər. Hətta bir gün bu antibəşəri cinayət aktına görə Haaqadakı beynəlxalq hərbi tribunalın müttəhimlər kürsüsündə otursalar da, “bizim heç bir günahımız yoxdur, beynəlxalq miqyaslı iftiraya məruz qalmışıq” deyəcəklər.
Onların himayədarları, havadarları da çoxdur və onlar heç də təkcə Moskvada, Kremldə oturanlardan ibarət deyil. Dünya üzərindəki milyonlarla anti-Qərb, pro-Rusiya ovqatlı insanlar da orda-burda, hər yerdə belə bir təbliğat aparacaqlar (və artıq aparırlar) ki, Malayziya təyyarəsini əslində Qərb dairələri özləri vurub, qəsdən Rusiyanın üstünə atdılar – onu diskreditasiya etmək üçün.
Bu, son dərəcə həyasızlıqla müşayiət olunan təbliğatı aparanlar heç bir dəlil-sübut ortaya qoymur və qızğınlıqla dediklərini deyirlər. Bu üsul xeyli dərəcədə effekt də verir. Məsələn, onlar artıq dünyada milyonlarla insanı inandıra biliblər ki, 11 sentyabr teraktını əslində ABŞ hökuməti özü təşkil edib (nəyə görəsə).
Bu xəttə bizim ölkəmizdə də qoşulanlar var. Onların bir çoxu kor-koranə şəkildə, bir hissəsi də həqiqəti bilə-bilə, amma hamısı ifrata varmış qızğınlıqla Rusiyanı təmizə çıxarmağa çalışır, “mənfur imperialist dairələri” yamanlayır, öz ərazisini separatçılardan təmizləmək istəyən Ukrayna hakimiyyətini “faşist adlandırırlar.
Ortada beş separatizm yuvası (Qarabağ, Pridnestrovye, Abxaziya, Cənubi Osetiya, Şərqi Ukrayna) və bir himayədar (Rusiya) var. Azərbaycanlı ruspərəstlər isə qeydsiz-şərtsiz Rusiyanın tərəfindədirlər və onun bütün addımlarını müdafiə edirlər. Bu isə, yerli ruspərəstlərin həm də Qarabağ separatizmini müdafiə etmələri anlamına gəlir.
Əgər hər hansı qüvvə bütün hallarda zorlu haqsızın tərəfini tutursa, heç bir halda haqq-ədalət arayışına çıxmırsa, o, çox qorxulu qüvvədir.
Söz yox, Malayziya təyyarəsinin vurulması barədə göstəriş birbaşa Moskvadan, Putindən gəlməyib, amma bunu onun silahlandırdığı adamların etməsi şəksiz-şübhəsizdir. Bunu bilə-bilə əksini demək həm absurddur, həm də aqressiya və cığallığın bariz göstəricisidir.