Metroda jurnalist həmkarlarımdan biri ilə rastlaşdım. Elə hal-əhval tutmuşduq ki, bizdən təqribən beş addım kənarda dayanmış dəyərli hüquqşünas Qulamhüseyn Əlibəylini göstərib “gör dünyanın harasıdır e, AXCP Ali Məclisinin sədri olmuş bir adam metro ilə gedib-gəlir” – dedi.
Əslində mən təəccüblənmədim, bu ölkənin baş naziri olmuş Pənah Hüseyn də adətən metro nəqliyyatından istifadə edir. Düzdür, kənardakılar təəccüblə baxır, bəziləri üçün əlçatmaz görünən bir siyasətçini bu basırıq mühitdə, kasıblar içərisində görmək bəzilərini heyrətləndirir də. Yaxınlaşıb şəkil də çəkdirənlər olur. Təbii ki, normal ölkələrdə belə hadisələr təəccüb doğurmur…
Əslində metroda daha heyrətamiz mənzərə içəridəki bürkü idi və tanınmış siyasətçini bu istidə əzab çəkən görmək çoxlarını heyrətləndirə bilərdi. Adətən adamlar yayda sərin yer axtaranda metrodan istifadəyə üstünlük verirdilər. Amma indi artıq fərqli mənzərədir, sanki Bakı Metropoliteninin tunellərində ocaq çatılıb. Metroda üzünə su çilənib özünə gətirilən sərnişinləri bu günlər çox gördüm.
Hər dəfə metronun nəzarətçilərinə yaxınlaşıb “metroda niyə hava yoxdur” sualını versəm də, cavab ala bilməmişəm, bəziləri sadəcə çiynini çəkib, uzaqlaşıblar. Sonuncu halda isə sütunlardan birinin üzərinə bərkidilmiş termometrə baxdım, temperatur 30 dərəcəni keçirdi! Bu halda metronu sauna, hamam, ya çimərliklə də müqayisə eləmək olardı.
Bəs, metropolitenə ayrılan vəsaitlər hara gedir? Niyə heç olmasa havalandırma sistemi normal vəziyyətə gətirilmir? Nədən səlahiyyət sahibləri Bakı metrosundan istifadə edən yüz minlərin taleyinə belə biganədir? Cavab yoxdur təbii ki. Keçmiş sədr Tağı Əhmədov olsaydı, yəqin “ə, bir-bir”, “biri ordan dızıldayır, biri burdan” deyib nə iləsə əsaslandırmağa çalışardı. Ya da “xoşun gəlmir, minmə” deyib başından eləyərdi. Ancaq təzə rəislə danışmaq imkanı da yoxdur ki, nə baş verdiyini aydınlaşdırasan.
Fakt budur ki, metroda durum fəlakətlidir. Düzdür, son vaxtlar elə gün olmur ki, metroda panik vəziyyət yaranmasın. Gah qatarlar tuneldə qalır, sərnişinlərin bağrı çatlayır, gah mənşəyi bilinməyən kəskin qoxu yayılır, gah qatarlar qarşı-qarşıya gəlir, gah da qrafik pozğunluğundan adamlar dəli olmaq həddinə çatdırılır. Ancaq metroda hava çatışmazlığının olması da sadə məsələ deyil.
Bəzi mənbələr deyir ki, ventilyasiya sistemi sovet dövründən qaldığından köhnəlib və faktiki olaraq öz funksiyasını yerinə yetirə bilmir. Ancaq başqa mənbənin fikrincə, havalandırma sisteminin müəyyən saatlarda dayandırılması həm də külli miqdarda enerji qənaəti deməkdir. Bakı Metropolitenində işləmiş bir nəfər deyir ki, metropolitendə güclü ventilyasiya sistemi olsa da, həmin ventilyasiya şəbəkəsi həmişə qoşulmur və ya qoşulduqda dərəcəsi az qoyulur. Adam bilmir hansına inansın. Hər iki hal Azərbaycanın, Bakının adına ciddi minusdur. Biz adətən qonaqları düşünürük. Deyirik, biz heç, özgələrdən ayıbdır. Gələn il Avropa Oyunları keçiriləcək, barı onu düşünün. Bakı metrosuna bir dəfə minən əcnəbi qonaq ikinci dəfə minmək istəməz, “əmin olun”. Bizə baxmayın, biz dözümlüyük, öyrəncəliyik.
Dünyanın hansı vaxtıdır ki, metroda havalandırma sıfır dərəcəsindədir? Qonşu ölkələrə baxın, ucqar bölgələrə işləyən avtobuslarda belə kondisioner var. Nə böyük işdir metroda insanlara bir udum sərin hava vermək? Vaqona girən kimi səs ucalır: “uşaqlı qadınlara, qocalara… yer verin”. Başa düşdük, heç olmasa siz də onlara oksigen verin. Biri dəsmalını çıxarıb damcılayan tərini silir, o biri əlindəki qəzetlə özünü yelləyir. Bu, nə zülm-zillətdir?
Görün nə vəziyyətdir ki, sərnişinlər təmiz hava almaq üçün qatarın hərəkətə başlamasını intizarla gözləyir. Heç olmasa açıq pəncərədən külək vurar deyə. Bu da var ki, ventilyasiya sistemlərinin çıxışı da əksər yerlərdə zəbt olunub, ətrafı tikilib. Metropolitenin yeni rəisi Zaur Hüseynov metro ticarətini yığışdıraraq normal gediş-gəlişi təmin etdiyi kimi bu məsələ ilə bağlı da ciddi ölçü götürsə, çox yaxşı olar. Yoxsa adamlar boğulur.
Sinoptiklərin proqnozuna baxdım. Metronu son dəfə müşahidə etdiyim gün Bakıda istilik 33-38 dərədcə, dəniz suyunun temperaturu isə Buzovnada 27-28, Şıx və Sahil çimərliklərində isə 28-29 dərəcə olub. Uzağa niyə gedirsiniz ki? Çimmək istəyən buyursun… metroya. Onsuz da suda çimə bilmirik, boğuluruq. Bəlkə elə havasızlıqdan boğulmaq daha yaxşıdır…