– Fərid, idmanla məşğul olmağa başlayanda heç düşünürdünüz ki, vaxt gələcək və Azərbaycan bayrağımı olimpiya oyunlarında qaldıracaqsınız, yoxsa bu əlçatmaz görünürdü? Qarşıya hansı məqsədlər qoymuşdunuz və düşündüyünüzün hamısına nail oldunuzmu?
– Sözsüz ki, hər kəs idmanla məşğul olmağa başlayanda qarşısına müəyyən məqsədlər qoyur. Mənim əsas məqsədim öz yaşıdlarıma qalib gəlmək idi. Dünya çempionu olmaq və s. sonradan gəldi. Güləşlə peşəkar səviyyədə məşğul olduqdan sonra, çoxsaylı məşqlərdən sonra anladım ki, çempion olmaq lazımdır. Bunu çox istəyirdim. İdmanla məşğul olursansa, mütəmadi məşq edirsənsə, özünü göstərməlisən, müəyyən nəticələr əldə etməlisən ki, buna çatasan.
Şükür Allaha ki, 100 faiz olmasa da, qarşımda qoyduğum məqsədlərin 95 faizinə çatmışam. Həmişə indakar olmuşam. Öz xarakterim sayəsində, inadkarlığın və daimi məşçqlər sayəsində arzularıma nail olmuşam, çempion olmuşam.
– Qələbə anlarını yaşamaq, yəqin, böyük xoşbəxtlikdir. Siz xoşbəxtsiniz, çünki bu anları bir neçə dəfə yaşamısınız. Qələbələrə öyrəşmək olarmı, yoxsa hər dəfə, sözün yaxşı mənasında, sarsılırsınız?
– Qələbə hər zaman həyəcanlı bir şeydir. Hər bir idmançının həyatında əlamətdar və məsuliyyətli andır. Çünki qələbə olanda sənin vətəninin himni səsləndirilir. Piedestal üstündə duran anda idmançının keçirdiyi hissləri izah etmək mümkün deyil. Arzu edirəm ki, hər bir idmançımız öz karyerasında bu hissi yaşasın və Azərbaycan bayrağını zirvəyə qaldırsın. Bu hisslərə öyrəşmək mümkün deyil. O hisslər sadələşə bilməz. Bu mümkün deyil.
Mən ikiqat dünya çempionu və olimpiya çempionuyam. Sözsüz ki, bu titulları əldə etdiyim zaman keçirdiyim hisslər fərqlidir. Bütün yarışlar tarixdir. İstənilən qələbə sənin yaratdığın tarixin bir hissəsidir.
– Səhv etmirəmsə, uşaqlıqda həkim olmaq istəmisiniz… Öz uşaqlarınızdan da olimpiya çempionu yetişdirmək istəyirsinizmi?
– Doğrudan da, məktəb vaxtı həkim olmağı arzulayırdım. 9-cu sinifə qədər yaxşı oxuyurdum və əlaçı idim. Ancaq sonra 1997-ci ildə kadetlər arasında gümüş mükafatçı oldum. Bundan sonra beynəlxalq yarışlarda mütəmadi iştirak etməyə başladım. Sözsüz ki, bu dərslərə də təsirsiz ötüşmədi. Çünki iki işi eyni zamanda yüksək səviyyədə görmək mümkün deyil. Onda seçim etməli oldum: ya dərs, ya da peşəkar idman. Açığı desəm, bizim ailədə həmişə təhsilə önəm veriblər. Bu, birinci yerdə dayanıb. Yəqin valideyinlərim də gördülər ki, güləşdə daha çox uğurlu ola bilərəm, nəinki elmdə. Mənim arzularımı və hədəflərimi gördülər. Bu səbəbdən də mənə mane olmadılar.
Müsahibənin tam mətnini bu keçiddə rus dilində oxuya bilərsiniz.