“Hər bir yaşayış məntəqəsinin inkişafı onun yolundan başlayır. Müasir və rahat yol sürətli sosial-iqtisadi inkişafın başlıca şərtidir. Füzuli rayonunda da yol infrastrukturunun inkişafı diqqət mərkəzində saxlanılır, kəndlərdə yeni avtomobil yolları çəkilir. Ərazidəki yol-nəqliyyat infrastrukturunun yeniləşməsi və kəndarası yolların asfaltlanması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Son illərdə bu sahədə əldə edilmiş nəticələr insanların rahat gediş-gəlişini təmin etməklə bərabər, rayonun simasını da büsbütün dəyişir».
Bu fikirlər Füzuli rayonunun Mirzənağılı, Əhmədalılar, Arayatılı, Şükürbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Kərimbəyli kəndindən keçən hissəsində 1,5 km asfalt yolun əsaslı təmirdən sonra istifadəyə verilməsi münasibəti ilə keçirilən açılış mərasimində bildirilmişdir.
Açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Milli Məclis sədrinin müavini Bahar Muradova, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, yerli icra nümayəndələri, bələdiyyələr və ictimaiyyət nümayəndələri iştirak etmişdir.
Açılış mərasimində çıxış edən Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əlamətdar gün münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Bildirmişdir ki, yolun əsaslı şəkildə yenidən qurulması dövlət başçısının füzulililərə göstərdiyi qayğının daha bir nümunəsidir.
Milli Məclis sədrinin müavini Bahar Muradova açılışda çıxış etmiş, respublikamızda rayon mərkəzlərinin və kəndarası yolların abadlaşdırıldığını bildirmiş, avtomobil yollarının təmiri və yenidən qurulması istiqamətində ardıcıl iş görüldüyünü qeyd etmişdir.
Sonra Mirzənağılı, Əhmədalılar, Arayatılı, Şükürbəyli, Qarabağ və Birinci Mahmudlu kəndlərini birləşdirən avtomobil yolunun Kərimbəyli kəndindən keçən hissəsində 3000 nəfərdən artıq əhalinin istifadə edəcəyi 1,5 km asfalt yol kənd sakinlərinin istifadəsinə verilmişdir”.
Oxuculardan üzr istəyərək bir dostumun publika.az saytından götürüb mənə yolladığı bu materialı olduğu kimi dərc elədim. Çünki mən bunun üstündən nə yazsam, necə analiz eləsəm, zəif olacaq. Bu, həmin təsadüflərdən biridir ki, material özü danışır, gözəllik özü vəsf edir, pianino bəstəkarsız dillənir, zurna qavalsız oxuyur, respublika baş nazirsiz inkişaf edir və sairə və ilaxır. Ancaq hər halda cəhd edək bir-iki kəlmə yazaq, yoxsa tam biabır olarıq, oxucular önündə olan-qalan bir-iki qramlıq hörmətimiz də itər.
İnformasiyanı bir daha oxuyun. Gördüyünüz kimi, Füzuli rayonunda bir kənddən keçən kilometr yarım (1500 metr) yol əsaslı təmir edilib, əhvalat o qədər vacibdir ki, hətta deputatxana sədrinin müavini Bakıdan durub açılışa gedibdir. Ancaq tədbir iştirakçıları yoldan məhz 3000 nəfərin istifadə edəcəyini nə cür dəqiqləşdiriblər? Bəlkə bəzi günlərdə kəndə Bakıdan qonaqlar çox gəldi, 4000 nəfər oldu? Bu zaman yol dağılarmı?
O cümlədən, rayonlarımızda çoxlu gilas, şaftalı, armud, qarpız yetişir, lakin kənd təsərrüfatı naziri nə üçün gilas səbətlərinin açılış törənini yapmır? Təhsil naziri Mikayıl müəllim hər bir şagirdin 5 qiyməti alması münasibətiylə tədbir eləsə pis olarmı? Hər bir kəndarası yolda 2 cüt eşşək arabası görünsə, bu, rayonun simasına necə təsir göstərir? Füzulidə çəkilən min beş yüz metrlik yoldan Ağdamda niyə heç olmazsa beş yüz metri qayırılmamışdır? Tərtərdə su krantının açılışı olanda deputatxana spikeri ora getməlidirmi?
Bunlar hamısı nəzəri suallardır, dövlətçiliyimizi möhkəmləndirən şeylərdir. Yazının sonunda 1,5 kilometr yoldan hazırda istifadə edən 3000 kənd sakinini səmimi qəlbdən təbrik edirəm, arzu edirəm onlar sutkada heç olmazsa 2 dəfə bu yolu o baş bu başa gedib-gəlsinlər ki, kilometraj 3-ü göstərsin, 300 kilometri basıb rayondakı bu möhtəşəm açılışa gedən Bahar Muradovanın qəmli könlü şad olsun.
Yazının lap qurtaracağında bir-iki qarış yeri qalmışdı, ora da Məhəmməd Füzulinin rayondakı həmin yol münasibətiylə yazdığı qəzəldən bir parçanı yerləşdirək:
“Degilsən çoxdan, ey gərdun, cahan seyrində yoldaşım,
Nola xəm olsa qəddin, səndən artıqdır mənim yaşım.
Füzuli, xazini-gənci-vəfayəm, ol səbəbdəndir,
Gühərlər tökdü israf ilə bu çeşmi-gühərpaşım”.