Mübariz Qurbanlının Dini Komitəyə sədr qoyulmasının yeganə məntiqi izahı odur ki, bundan qabaq komitəyə sədrlik edənlərdən biri vəhhabi, o biri nurçu olub, indi də yapisti balans yaratmaq üçün rəhbər qoyublar. Hakim partiyanın tarixən bircə dini-imanı olub – pul. Orada dollar və avroya tarixən fövqəltəbii qüvvə kimi sitayiş ediblər.
Ancaq sistem elə vəziyyətdədir ki, ordan Mübariz Qurbanlı kimi üzü üzlər görmüş kadrdan özgəsini tapıb çıxartmaq da mümkün deyil. Yuxarıda yazdığım kimi: bir gənc eşələyib tapmışdılar, onu da Ərdoğan gözündən vurdu. Nəticədə qoca kommunistlər və artıq pensiya yaşı çatan komsomolçuların Əli Əhmədovu baş nazir müavini qoymaqdan özgə çarələri qalmır. Bircə Səyavuşa da hansısa nazir vəzifəsi verilsə, düşük çayxanalarımızda deyilən kimi, “komplekt”in başı bağlanardı. Məsələn, mən təklif edərdim Səyavuş Novruzovu Dövlət Gömrük Komitəsinə sədr qoysunlar. Yoxsa iki həftədir o boyda idarə daş atılmış qurbağa gölünə dönmüşdür, Azərbaycan sərhədlərini 2 dəfə keçib Gürcüstana çatan 3 ton heroinə izahat verə bilmir. Səyavuş müəllimin yeri məlum… İndi elə gopa basıb o heroini qanuniləşdirərdi ki…
İnternetdə bir maraqlı video yayılıb, orda Bakının mərkəzində qanunu pozub qarşı yola çıxan, qəza vəziyyəti yaradan avtomobil göstərilir. Avtomobil Prezident Administrasiyasına məxsusdur, konkret yazsaq prezidentin mətbuat katibi Azər Qasımov adlı şəxsə. Videoda bir nəfərin başını pəncərədən çıxardıb haqsız yerə qışqırması da düşüb, elə həmin şəxs də mətbuat katibinə oxşayır.
Necə gözəl təsadüfdür! Milli Mətbuat Günü ərəfəsində prezidentin mətbuat siyasətini bundan gözəl simvolizə eləmək olmazdı ki, Azər müəllim elədi. Sağ olsun. Bütün yoluna canavar çıxıb blokda ölən jurnalistlər, yoluna dovşan çıxıb kələmə dönən və Bibiheybət yolunda turşuya qoyulan jurnalistlər adından dərin minnətdarlığımızı bildiririk. Qanun hamı üçün qanundur, Prezident Administrasiyasında yaşayanlar üçün lap qanundur! Oruellin dahi əsərindəki prinsiplərdən biri yada düşür: “Bütün heyvanlar bərabərdir, lakin bəzi heyvanlar başqalarından daha çox bərabərdir!” Bərabərlik, sosial ədalət və qardaşlığımız var olsun! Durun gedək ASAN-xidmətə!
Sosial ədalət demişkən, dünən bir dostum zəng vurub deyir ki, Bakıda ona bütün apteklərin 130 manata satmaq istədikləri dərmanı Türkiyədən 20 manata aldırıb. Adam qüssə ilə soruşurdu ki, bu heyvani qiymət soyğunçuluğunun, dərəbəyliyin, qansızlığın, faşizmin səbəbi nədir? Çətin sualdır. Faşizmin səbəbini mən hardan bilim? Belə baxanda bütün insanlar doğulanda qəşəng, toppuş olurlar, ancaq sonra yekəlirlər, qarşı yola maşın sürürlər, anqıran siqnallar qoydururlar, eşşəklik eləməkdən qürur duyurlar. Sözgəlişi, aktyor Ələsgər bəyin alçaldıcı şəkildə avtomobil siqnalı kadrına çəkilməsini izlədim. Bir aktyora bundan artıq nə hörmətsizlik eləmək olar? Bunu çəkən debillər guya yumor yaratdıqlarını düşünürlər? O cümlədən, avtomobilinə “Ələsgər, ay Ələsgər… Nə var e, Ələsgər, Ələsgər” replikasını siqnal kimi qoyduran gicbəsərlərin çoxalması münasibətiylə TQDK-nı, təhsil naziri Misir müəllimi, onun yerinə keçən Mikayıl müəllimi, Mübariz Qurbanlının partiyasını, yaxından uzaqdan məclisimizə gələnləri təbrik edirəm. Azərbaycan xalqı tam sizin istədiyiniz plastilin şəklinə düşmək üzrədir. 3-4 sarsaq mübariz qalıb, onları da əridəndən sonra “mübarizqurbanlı” növü cəmiyyətdə tam qalib gələcəkdir.
Daha adam özünə “bunlar nə yeyib-içirlər” sualını da vermir. Yemək-içmək mərhələsi arxada qalıb, indi həzm eləyirlər. Axırıncı mərhələni – həzmdən sonranı ta özünüz bilirsiniz, nə yazım? Bircə qeyd edim ki, son mərhələdə burnunu tutub qaça bilənə əhsən…