İyulun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Qaradağ rayonunun ərazisində yerləşən “Norm” sement zavodunun açılışında iştirak edib.
Müəssisədə inşaat işlərini Çinin “CNBM” korporasiyasının “CTİEC” tikinti şirkəti həyata keçirib.
Mərasimdə qeyd edilib ki, “Norm” sement zavodu nəinki Azərbaycan, ümumilikdə Cənubi Qafqazda sement istehsalı ilə məşğul olan ən böyük müəssisədir. Hazırda müəssisədə 350 nəfər çalışır. Daha 150 nəfər isə xammal yataqlarında və digər köməkçi sahələrdə işlə təmin olunub.
Məlumat verilib ötən il Azərbaycanda sement satışının həcmi 4,3 milyon ton təşkil edib ki, bunun da 40 faizi yerli istehsalçı olan “Holcim Azərbaycan”ın payına düşür. Tələbatın digər hissəsi isə idxal və klinkerdən istehsal edilən sement hesabına ödənilib. Proqnozlara görə, ölkədə sement istehsalı artmaqda davam edəcək və ilin sonunadək daxili tələbat tamamilə yerli istehsal hesabına ödəniləcəkdir. İllik gücü 2 milyon ton olan “Norm” zavodunun fəaliyyətə başlaması ilə yerli sement istehsalının həcmi 5,2 milyon tona çatacaq. “Norm” sement zavodunun istehsal gücü gündə 5 min ton klinker və ildə 2 milyon ton sement təşkil edir. Müəssisənin istehsal gücünü 4 milyon tona çatdırmağa imkan var. Zavodda neft sənayesi üçün Azərbaycanda indiyədək istehsal olunmayan və xaricdən idxal edilən “API” standartlarına uyğun quyu-tamponaj sementi də istehsal ediləcək. Hazırda zavodda üç çeşiddə sement istehsalı planlaşdırılır. Yaxın gələcəkdə isə məhsulun çeşidinin artırılması nəzərdə tutulur. Əsas xammal Qaradağda əldə edilir, qatqı materialları isə Şəmkir, Goranboy, Ağstafa və Tovuz rayonlarından gətirilir.
Prezident İlham Əliyev zavodu işə salıb.
Zavodun fəaliyyəti ilə tanışlıqdan sonra dövlət başçısı kollektivlə görüşüb. İlham Əliyev qısa nitq söyləyib.
Prezident deyib ki, bu zavodun fəaliyyətə başlaması sement istehsalında bütün hədəflərimizə çatmaq üçün bizə imkan yaradır.
”Çünki bizim əsas məqsədimiz ondan ibarət idi ki, bu sahədə idxaldan asılılığımızı aradan götürək və nəinki özümüzü tam şəkildə təmin edək, eyni zamanda, kifayət qədər böyük ixrac potensialının yaradılması da bizim hədəfimiz idi”.
Zavodun inşasına 350 milyon dollar sərmayə qoyulduğunu xatırladan İlham Əliyev deyib ki, müəssisənin fəaliyyətə başlaması, eyni zamanda, 500 yeni iş yerinin yaradılmasına imkan verir.
”“Norm” zavodunun fəaliyyətə başlaması Azərbaycanda sement istehsalını 5 milyon tona çatdırır, bəlkə ondan da bir qədər çox. Tələbat isə 4,5 milyon tondur. Yəni, biz artıq fikirləşməliyik ki, ilk növbədə, daxili bazarımızı qoruyaq. Bu məqsədlə İqtisadiyyat və Sənaye Nazirliyi təklifləri hazırlayır. Çünki artıq bu zavodun fəaliyyətə başlamasından sonra xaricdən sementin gətirilməsi məqsədəuyğun deyildir. Eyni zamanda, biz öz sementimizlə, ixrac məhsulumuzla yeni bazarlara çıxmalıyıq. Əslində bizim ixrac potensialımızın gücləndirilməsi artıq təmin edilir. Nəzərə alsaq ki, bu zavodda istehsalı artırmaq üçün imkanlar var, hesab edirəm, gələcəkdə yeni bazarlara çıxdıqca Azərbaycanın bütün sement zavodları öz fəaliyyətlərini genişləndirə bilər”.
Prezident deyib ki, Azərbaycanda həm dövlət investisiyaları, eyni zamanda, özəl investisiyalar böyük həcmdə qoyulur. Dövlət investisiyaları daha çox infrastruktur layihələrinə, sosial infrastruktur layihələrinə yönəldir və eyni zamanda, büdcədən özəl sektora kredit şəklində güzəştli şərtlərlə vəsait ayırır.
”Özəl sektor isə Azərbaycanın sürətli inkişafından istifadə edərək öz sərmayələrini bax, belə gözəl müəssisələrə yönəldir və beləliklə, Azərbaycanda dövlət və özəl tərəfdaşlıq ən yüksək səviyyədə təmin edilir. Son vaxtlar Azərbaycanda yaradılan sənaye müəssisələri, infrastruktur layihələrinin icrası, sənayeləşmə ilə bağlı atılan addımlar əminəm ki, gələcəkdə daha da gözəl nəticələrə gətirib çıxaracaqdır.
Bu gün biz ölkəmizdə gedən sənaye və iqtisadi prosesləri istiqamətləndiririk və burada əsas məsələ bu sahədə təhlükəsizliyi tam şəkildə təmin etməkdir. İlk növbədə enerji təhlükəsizliyidir ki, Azərbaycanda bu, artıq 100 faiz səviyyəsində təmin edilib və hətta biz başqa ölkələrin enerji təhlükəsizliyinə öz töhfəmizi veririk”.
İlham Əliyev deyib ki, Azərbaycanda nəqliyyat təhlükəsizliyi təmin edilir və son vaxtlar icra edilən və icrada olan layihələr – Bakı-Tbilisi-Qars dəmir yolu, Gəmiqayırma zavodu, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi, digər layihələr nəqliyyat təhlükəsizliyimizi tam təmin edəcək.
”Coğrafi vəziyyətimiz elədir ki, əgər biz müasir infrastrukturla bu coğrafi üstünlükləri zənginləşdirsək Azərbaycan ərazisindən böyük həcmdə yüklərin keçirilməsi mümkün olacaqdır.
Ərzaq təhlükəsizliyi təmin edilir. Biz yaxın zamanlarda özümüzü əsas ərzaq məhsulları ilə 100 faiz təmin edəcəyik. Hazırda Azərbaycanda inşaat materiallarının istehsalı istiqamətində böyük işlər görülür. Sement sahəsində biz bunu artıq tam şəkildə təmin etmişik, böyük metallurgiya kompleksinin tikintisi artıq başlamışdır”.
Prezident bildirib ki, Azərbaycanın zunmüddətli dayanıqlı inkişafı təmin ediləcək, iş yerlərinin yaradılması prosesi davam etdiriləcək və ölkəmizdə qeyri-neft sektoru daha da böyük paya malik olacaq.
”Hazırda ümumi daxili məhsulumuzda qeyri-neft sektoru 55 faiz təşkil edir. Baxmayaraq ki, biz indi böyük qaz layihələrini icra etməyə başlayırıq və əlavə böyük qaz hasilatı gözlənilir, əminəm, yaxın illərdə qeyri-neft sektorumuz ümumi iqtisadiyyatda daha da böyük paya malik olacaqdır.
Bu zavodun fəaliyyətə başlaması məni çox sevindirir. Çünki bir daha demək istəyirəm ki, mən burada dövlət siyasətimizin təzahürünü görürəm. O siyasət ki, bu gün Azərbaycanda böyük inkişafa səbəb olmuşdur. Ölkəmizin inamlı, uzunmüddətli dayanıqlı inkişafını təmin edən bizim siyasətimizdir – daxili siyasət, siyasi sahədə atılan addımlar, iqtisadi islahatlar. Təsadüfi deyil ki, dünyanın aparıcı maliyyə və iqtisadi qurumları Azərbaycanda iqtisadi sahədə görülən işlərə çox böyük qiymət verir. Rəqabətqabiliyyətliliyinə görə Azərbaycan dünya miqyasında 39-cu yerdədir. Belə zavodların işə düşməsi nəticəsində bizim yerimiz daha da yüksək olacaqdır”.
Modern.az