“Azerbaijan Open Challenge” iyul ayının 31-də Qubada start götürür.
Məlum olduğu kimi tezliklə Azərbaycanda dünya şöhrətli idmançıların da iştirak edəcəyi, “Azerbaijan Open Challenge” kimi qolf üzrə prestijli idman tədbiri keçiriləcək. Turnir Qubada yerləşən qolf-klubda baş tutacaq.
Oxu.Az Azərbaycan Qolf Federasiyasının baş katibi Nigar Süleymanova ilə müsahibəni təqdim edir.
Biz Nigar xanıma turnirə hazırlıqların necə getdiyi, ölkəmizdə qolfu populyar idman növünə çevirmək istiqamətində Federasiyanın gələcək planları və bu idman növünün həvəskarlarını gələcəkdə nələrin gözlədiyi barədə suallarla müraciət etdik.
– Nigar xanım, belə məsuliyyətli vəzifədə, həm də idman klubunda gənc bir xanımı görmək bir az təəccübləndiricidir. Bir qədər özünüz haqqında danışın.
– Mən 19 yaşımdan işləyirəm, 11 illik əmək fəaliyyəti dövründə bir neçə sahə dəyişmişəm – bank sektoru, marketinq, satış, BƏƏ Azərbaycan banklarından birinin nümayəndəliyində işləmişəm. Sonra isə ailə vəziyyətindən doğan səbəblərdən Bakıya qayıtmışam, anladım ki, iş tapmaq üçün heç bir yerə getmək lazım deyil, layiqli işlə elə burada – Vətəndə də məşğul olmaq olar. O zaman üçün bank sektoru mənim üçün keçilmiş bir mərhələ idi və mən yeni sahəni – mehmanxana sahəsini mənimsəmək qərarına gəldim.
Mənə Qolf Federasiyasında iş təklif edəndə, artıq bir neçə il idi ki, ölkənin ən iri otellərindən birində satış meneceri işləyirdim.
Qarşıma da vəzifə qoyulmuşdu – Azərbaycanda qolfun inkişafı üçün normativ bazanın yaradılması. Hər şey faktiki olaraq sıfırdan başlayırdı, çünki qolf Azərbaycan üçün tamamilə yeni və naməlum idman növü idi. İlk iş yerli məşqçilərdən ibarət komanda yığmaq idi…
– Azərbaycanda qolf üzrə məşqçiləri hardan tapdınız? Axı son zamanlara qədər burada qolf haqqında çox az məlumatı olan var idi.
– Əslində bu, çox böyük əmək tələb edən bir iş oldu – bir idman növünün təqdim edilmədiyi və heç bir maraq kəsb etmədiyi bir ölkədə lazımi təcrübəyə malik insanları tapmaq çox çətin idi. Bu, praktiki olaraq imkansız idi, amma biz təcrübəli və ambisiyalı gənclər tapdıq, onlar Türkiyədə, BƏƏ və Avropa ölkələrində bir neçə il müddətində qolf ilə məşğul olublar. Beləliklə, bizim üç nəfərdən ibarət məşqçi komandamız yığıldı, onlar məktəblərdə uşaqlar ilə fəal şəkildə məşğul olmağa başladılar. Biz praktiki olaraq Bakının bütün iri məktəblərini – 23,166, 66 nömrəli, eləcə də TİSA, Oksford məktəbini əhatə etdik. Bu gün üçün bizim intensiv tədris keçən, 1500 uşaqdan ibarət bazamız var. Qrup şəklində olduğu kimi fərdi dərslər də keçirik.
Biz həmçinin, Şotlandiyadan, beynəlxalq səviyyəli məşqçi – Spenser Hendersonu da işə cəlb etmişik. O, uşaqlarla iş üzrə 25 illik təcrübəyə malik, çox təcrübəli qolfçudur. Onunla müştərək şəkildə gənc istedadların inkişafı proqramını hazırlayırıq – bu, Olimpiya oyunlarında və aparıcı dünya turnirlərində Azərbaycanı layiqincə təmsil edə biləcək, yeni istedadları üzə çıxarmaq və qolf sahəsinə maraqlarının artırılmasına istiqamətlənmiş iri şirkətlər tərəfindən dəstəklənən bir layihə olacaq.
Ən böyük nailiyyətimiz isə gənc azərbaycanlı peşəkar-qolfçu tapmağımız oldu. Kamran Zeynalovun cəmi 22 yaşı var, o, Birminhemdə Qolf menecmenti fakültəsində təhsil alır. O, Azərbaycan qolfu üçün tapıntıdır və “Azerbaijan Open Challenge” turnirində və çox güman ki, daha sonra isə əsasən ulduzların iştirak etdiyi “European Challenge” turinirində Azərbaycanı təmsil edəcək. Federasiya Kamranı daha yüksək reytinq səviyyəsinə qaldırmaq üçün hər cür dəstəyə hazırdır.
– Qarşıdan gələn turnir barəsində daha ətraflı danışardınız.
– Bu, çox mötəbər turnirdir, burada Kanada, Hindistan, Fransa, İspaniya, İsveçrə, Avropanın və ABŞ-ın digər ölkələrindən 156 peşəkar-qolfçu iştirak edəcək, Koreyadan da çoxsaylı oyunçunun gələcəyi gözlənilir. Biz özümüz Türkiyə, Rusiya, Qazaxıstan, Ukrayna və Estoniyadan oyunçular dəvət etmişik.
Eləcə də bir çox ölkələrdən qonaqların axını gözlənilir. Tədbirin çox yaddaqalan olmağı vəd edilir. Biz Azərbaycanın regionlarının prestijli idman yarışlarına ev sahibliyi etməyə hazır olduğunu nümayiş etdirəcəyik. Biz fəxr edirik ki, bizim Federasiya Quba kimi gözəl regionu və dünya standartlarına uyğun qolf-klubu təqdim edəcək.
Tədbiri xüsusi dəvət edilmiş media-komanda çəkib yayımlayacaq. Turnir dünyada ən çox izlənən qolf-resurs olan “Europeantour.com” veb-saytı tərəfindən yayımlanacaq, bütün idman kanalları bu qəbildən olan informasiyanı məhz bu saytdan əldə edirlər.
Bir neçə məşhur jurnalistlər bu turniri işıqlandırmaq məqsədi ilə Azərbaycana gəlmək üçün özləri təşəbbüs göstəriblər. Məsələn, biri Hollandiyadan və biri ABŞ-dan – onlar dünyada ən aparıcı qolf-şərhçiləridir.
– Turnirdə istənilən şəxs izləyici qismində iştirak edə bilərmi?
– Bəli, turnirə giriş azaddır, sadəcə özünüz haqqında məlumat verəcəksiniz. Federasiyanın avtobusları arzu edənləri Bakı mərkəzindən Quba qolf-klubuna aparacaq. Bu, turnirin keçirildiyi dörd gün ərzində saat 08:00 və 19.00-a qədər davam edəcək. Qolf-klubun ərazisində keyfiyyətli istirahət üçün hər bir şərait var, o cümlədən “Rixos” otelinin gözəl restoranları da yaxınlıqda yerləşir.
Qonaqlar üçün – həm də qeyd edim ki, uşaqlar üçün məxsusi animasion proqramlar təşkil ediləcək. Onlar ilə sadəcə bizim deyil, eləcə də turnirdə iştirak edən peşəkar oyunçular da məşğul olacaq.
– Federasiyanın gələcək planları nədən ibarətdir?
– Hər şeydən öncə bu, qolf üzrə gənclərdən ibarət komanda üzərində işdir ki, gənclərimiz peşəkar turnirlərdə təqdim edilsin.
Məqsədimiz qolfu Azərbaycanda sadəcə müəyyən təbəqə üçün deyil, hamı üçün əlçatan etməkdir. Bir çox ölkələrdə qolfun bahalı idman növü olduğu düşünülür, amma biz düşünürük ki, ümumi səylərlə və Azərbaycan Gənclər və İdman Nazirliyinin, müxtəlif fondların və korporativ əməkdaşlarının dəstəyi ilə ölkəmizdə qolf mədəniyyətini inkişaf etdirə biləcəyik. Çünki bu, çox faydalı, maraqlı və gözəl, həm də praktiki olaraq heç bir yaş həddi və fiziki məhdudiyyəti olmayan idman növüdür.
Biz həmçinin, ictimai təşkilat kimi müxtəlif sosial proqramlar üzərində çalışırıq, amma bununla yanaşı, kommersiya layihələrinə də dəstək oluruq. Bizə qolfun inkişafı üçün ölkənin müxtəlif holdinqləri müraciət edir, çünki bu, ölkəmizi turistlərin gözündə cəlbedici edəcək. Hal-hazırda biz bir neçə qolf sahəsinin tikilməsi layihəsi üzərində çalışırıq. Onlardan ikisi Bakıda yerləşəcək. Onlardan biri “ippodrom”, uşaqlar üçün əyləncə mərkəzli, kantri-klub çərçivəsində həyata keçiriləcək. Bizim Akademiya filial kimi təqdim ediləcək. Bununla yanaşı Akademiyada təhsil alan uşaqlar üçün Qubada yerləşdirilmə və peşəkar sahədə gücləndirilmiş məşqlərin daxil edildiyi paketlərdən ibarət yay uşaq lagerlərinin yaradılması planı da var. Valideynlər üçün isə endirim paketləri mövcuddur.
Gələn yaydan isə uşaqlar üçün qolf tədrisi ilə yanaşı, ingilis dili kurslarını da işə salmağı planlayırıq.
Regionlarda da bir sıra layihələr həyata keçiriləcək, bu isə gələcək inkişafımız üçün çox vacibdir, belə ki, biz böyük turist axını gözləyirik.
Və biz bu istiqamətdə böyük səylə çalışırıq. Bizim Federasiya digər ölkələrin Federasiyaları ilə yaxından əməkdaşlıq edir, çünki müştərək turnirlərin keçirilməsi çox vacib məsələdir. Məsələn, sentyabrda Ukrayna Qolf Federasiyasının dəstəyi ilə bir sıra tədbirlər keçirməyi planlayırıq, bu tədbirlərdə həmin ölkənin qolfçuları iştirak edəcək.
Beləliklə, əhval-ruhiyyəmiz optimistikdir. Əminik ki, qarşıdakı turniri yüksək səviyyədə keçirəcəyik, qolfun isə bizim ölkədə parlaq gələcəyi olacaq.