Rusiyanın dəstəklədiyi terrorçuların Ukrayna göyündə Malayziya uçağını vurmasından bir həftəyə yaxın vaxt keçir. Ancaq dünən Avropa Şurası Nazirlər Komitəsinin sədri Elmar Məmmədyarovun yadına düşüb ki, o da nəsə bir sözlər qırıldatmalıdır. Sitat: “Hadisədən şoka düşmüşəm, faciənin hərtərəfli, müstəqil, şəffaf araşdırılması haqda müraciətlərə qoşuluram”.
Avropanın başına daş elə o vaxt düşdü ki, Azərbaycan kimi avtoritar, geridəqalmış dövlətlər ya vəlvələdən, ya zəlzələdən onun rəhbər orqanlarına seçildilər. Mən başa düşürəm, bu, sıralama qaydası, əlifba siyahısı üzrə olan formal bir vəzifədir, ancaq yapistlərin başçılıq etdiyi rejimlərə hətta bu təsadüfi vəzifələri də qıymaq olmaz. Qıyarsan, o zaman hər yoldan ötən üstünə gələr, Donetskdə donuz otaran sənin vətəndaşın uçan uçağı salmağa cürət edər. Bir ata sözümüzdə deyilən kimi, ölünü özbaşına qoysan kəfəni batırar.
Yenə yazıram, faciə olub 17 iyulda, Elmar Məmmədyarov isə 22 iyulda bəyanat verir. Nəyi gözləyirdi? Rusiyadan qorxurdumu? Elementar başsağlığı verməyə nə sözünüz? Bir həftəyə şoka düşüb… “Müraciətlərə qoşuluram” ifadəsi lap sarkazmdır. Camaat sənin – Avropanın heyvərə bir qurumunun rəhbərinin müraciətinə qoşulmaq istəyir, sən isə ona-buna qoşulursan. Yazıqlar olsun… Avropa faşizm dövründən bəri (bir də Yuqoslaviya böhranı olub) belə biabırçı rəhbər qurumlar görməmişdi. AzTV “Avropa dağılır” deyərkən necə uzaqgörən imiş… Bilirdilər ki, bizim üzv olduğumuz təşkilatda gec-tez ala qarğa da bala çıxartmayacaqdır.
Uzaqgörənliyin başqası bu ilin fevralında elə Məmmədyarovun dilindən səslənmişdi. O zaman nazir demişdi ki, Azərbaycan vətəndaşlarına Ukraynaya getməyi məsləhət görmürük, məcburən gedənlər də camaat toplaşan yerlərdən uzaq olsunlar. Klassik yapist məsləhəti idi. Qırağından kəsmə, ortasına dəymə, doğra, doyunca ye. Bakıda camaatı toplaşmağa qoymadıqları bəs deyil, xaricdə də toplaşmaqlarını istəmirdilər. Ancaq indi məlum olur salamatçılığımızı istəyirmişlər. Bəs necə, toplaşdığın yerə birdən gəlib raket düşdü? Ətrafımız xarici düşmənlərlə, qara qüvvələrlə doludur. Sabitliyi dərhal qorumaq lazımdır. Küçədə görsən kimsə musiqi çalır, dərhal təpəsindən dəyənəyi vur! İki gənc bir-birinə telefonda mesaj yazsa, o anda nəslini kəs! Bəlkə sabah bunlar qızışıb internetdə “Yaltaqlığa son verək!” səhifəsi açacaqlar, cənab prezidentin siyasətini tənqid edəcəklər, nə bilim, əsgər ölümlərinə “dur!” deyəcəklər?! Əski ədliyyə nazirimiz, rəhmətlik Südabə xanımın bu mövzuda klassikaya çevrilmiş bir afyorizmi var idi: “Demokratiyanı beşiyində boğmaq lazımdır!”. Eh, biz nə günlər yaşadıq…
Söz düşmüşkən, bizim Xarici İşlər Nazirliyi xarici vətəndaşlara münasibətdə də dəqiq, uzaqgörən, məqsədyönlü siyasət yürüdür. Onun bir saytı var, həmin saytda Bakıya gəlməsi qadağan edilən xeyli əcnəbinin adı yazılıbdır. Bakını ona görə ayrıca yazıram ki, həmin xarici vətəndaşlar Azərbaycanın başqa yerlərinə, məsələn, Qarabağa gedəndə Məmmədyarovdan icazə almırlar. Hərçənd, bizə elə Bakı da bəsdir. Qoy ürəkləri partlasın, Bakımızın gözəlliklərini görə bilməsinlər. Paytaxtımızdakı hasarların sorağı bütün dünyaya yayılmışdır. Avstraliyada yaşayanlar daim çalışırlar gəlib bizim ASAN-xidmətdən kenqurular üçün pasport alsınlar.
Son kəskin, müstəqil, dövlətçi bəyanat baş nazirin müavini Əli Həsənovdan gəlmişdir. Deyir, Beynəlxalq Qırmızı Xaç Komitəsini Azərbaycandan qova bilərik, nə üçün onlar Kəlbəcərdəki əsirlərimizlə maraqlanmır. Anlamadım, bəyəm bizim yerli “Qızıl Aypara” və onun manıs-deputat şefi Novruzəli müəllim bəs deyilmi? Qovun o xaçpərəstləri! Novruzəli müəllim İsmayıllıdakı poçt qutusundan girov çıxardar, lazım gəlsə!
Fürsət ikən, yazıma girmişkən Əli müəllimdən Gürcüstana keçən 3 ton heroinimiz haqda soruşmaq istərdim. Axı o, həm də narkotiklərlə bağlı hansısa vəzifəni daşıyırdı. Əli müəllim, bunu hansı vəzifəlinin uşağı eləyib?