Ağdamın işğal günü ilə əlaqədar artıq 21 ildir Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimova öz ad gününü qeyd etmir. Amma özünün dediyi kimi təbrik edənlər olur.
ANS TV-nin məlumatına görə, Azərbaycan estradasının canlı əfsanəsi, səsinin sehri ilə milyonları heyran qoyan Flora Kərimova ixtisasca həkim olsa da, bu sənətin ardınca getmədi. Onun insanlara məlhəmi səsi olur. O səs ki, insanın ruhunu oxşuyur, həm də onun qəlbinin məlhəmi olur. “Bu qatarın dalınca baxma”, “Aldatma məni”, “Əzizim”, “Bunu səndən gözləməzdim” və başqa yüzlərlə sevilən mahnılara həyat verir, səhnə ömrü yaşadır.
Xaraktercə üsyankar biri olduğunu deyən sənətkar həyat yoluna nəzər salarkən qazandıqları üçün Allahına minnətdar olduğunu deyir.
Səsi ən yüksək nota qədər qalxsa da, sənət aləmində müəyyən dövrlərdə qarşısına çıxan maneələr Flora xanımı hər yüksəlişinin qarşısına bir sədd çəkir. Beləcə 60 illik sənət həyatının cəmi 15-20 ilində xalq artisti öz səsini eşitdirə bilir. İçində olan vətən sevgisi isə ona hər şeydən əzizdir. “Acı bir günü yaşayıram” deyən sənətkarın ən böyük arzusu isə Şuşaya, Qarabağa qayıtmaqdır.
Xalq artisti Flora Kərimova deyir ki, mənim ad günüm yoxdur, mən Xankəndini istəyirəm.
“Oxuduğum mahnılar həyatımdır” deyən Flora xanım bu günlərdə boğazından ağır əməliyyat da keçirib. Amma tamaşaçılarını, sevənlərini nigaran qoymaq istəmir. Deyir ki, 2-3 aya əsrarəngiz səsi ilə yeni mahnılarını bizə təqdim edəcək.