Rusiya prezidenti Vladimir Putin yaman yerdə ilişib – bic toyuq dimdiyindən ilişən kimi. Hər şeydən göründüyü kimi, Donetskdə vəhşicəsinə vurulub salınan, içərisində 80 uşağın da odluğu mülki təyyarə faciəsi ona ucuz başa gəlməyəcək. Kreml rəhbəri israrla öz yaxasını kənara çəkməyə cəhd eləsə də.
Rusiya yaxın-uzaq tarixində hansı cinayətləri boynuna alıb ki, bunu da alsın? Ancaq indi XXI əsrdir, yüksək texnologiyalar, Marsa aparatlar göndərilən dövrdür və o üzdən beynəlxalq cinayətləri ört-basdır eləmək asan məsələ deyil, faktiki, mümkünsüzdür. Şərqi Ukraynadakı separatçı-quldurlar neçə gündür Moskvanın tapşırığı ilə insanlıq əleyhinə bu böyük cinayətin isti izlərini silməyə çalışsalar da, ortada artıq yetərincə təkzibolunmaz dəlil-sübutlar var və proses Beynəlxalq Məhkəməyə – Haaqa Tribunalına yön alıb.
Bu da o anlama gəlir ki, beynəlxalq ictimaiyyət, Qərb dünyası işin axırına çıxmaqda qətiyyətlidir və Putinin başı gerçəkdən də çox pis ağrıya bilər. Ola bilsin onun özü Tribunala birbaşa çəkilməsin, lakin təsdiqlənsə ki, antibəşəri cinayət onun himayə elədiyi terrorçuların işidir (buna isə çox az adamın şübhəsi qalıb), o zaman Putin yüzdə yüz ən azından, beynəlxalq birliyin əbədi lənətini qazanacaq. Belə vəziyyətdə özünə hörmət qoyan bir siyasətçinin atacağı ən urvatlı addım isə istefa ola bilər. Rusiyanın dünyadan tam təcridi və “izqoy dövlət”ə çevrilməsi də öz yerində.
Putin isə ən yaxşı halda, iddia edir ki, guya rəsmi Kiyev atəşkəs rejiminə sadiq qalsaydı, “Boeing” də vurulmazdı. Əvvəla, belə bir iddia həqiqətən, sərnişin təyyarəsini separatçıların vurub saldığının dolayısıyla etirafıdır. İkincisi, rusiyayönlü separatçılar niyə Ukraynanın ərazi bütövlüyünə qarşı silahlı şantajla məşğul olmalıdırlar ki, mərkəzi hökumət də onlara qarşı ən sərt tədbirlər görmək zorunda qalsın?
Sonra. Məgər Çeçenistan xalqını qan gölündə boğan Putinin özü deyildi? Hərgah, orada separatçılıq yox, əslində milli-azadlıq hərəkatı var idi və çeçenlərin öz müqəddəratını təyin etməyə tam haqqı çatır(dı). İndi necə olur, Çeçenistanda azadlıq istəyənlər separatçı-terrorçular kimi damğalanıb məhv edilir, unitar Ukraynanı silah gücünə parçalamağı hədəf götürən Şərqi Ukraynadakı ruslar isə xalq mücahidləri, könüllülər?!.
***
Dünən Rusiya Təhlükəsizlik Şurasının fövqəladə toplantısı keçirilməli idi. Məlumata görə, toplantıda əsas müzakirə mövzusu kimi Rusiyanın ərazi bütövlüyü məsələsi diqqət mərkəzinə gətiriləcəkdi. Yenə suallar sıralanır: zəmanəmizin ən böyük “xalqlar həbsxanası” olan bir imperiyanın ərazi bütövlüyü önəmlidir, suveren və unitar Ukraynanın yox? Nədən Kreml özünə rəva bilmədiyini öz qonşularına (Ukraynaya, Gürcüstana, Azərbaycana, Moldovaya) görür?
Neçə vaxtdır Putin dünyanın gözünə beləcə kül üfürür, nüfuzlu beynəlxalq təşkilatları ələ salır. Dünyanın isə ondan yek istədiyi budur ki, ədalətli və kişi ol, qonşularla insaflı davran, ikili standartlara son qoy, imza atdığın, səs verdiyin sənədlərə, sazişlərə sayğı göstər. Xeyri yoxdu. Artıq ona Hollandiyanın baş naziri timsalında sonuncu şans verilib ki, haqqa, insanlığa üzünü çevirsin. Çevirəcəkmi?
Şəxsən mən inanmıram…
P.S. Rusiyanın bir şər imperiyası olması, hüquqi dövlət deyil, beynəlxalq hüquqa meydan oxuyan “izqoy dövlət” statusu daşıması Kəlbəcərdə ermənilər tərəfindən girov götürülən Rusiya vətəndaşı Dilqəm Əhmədovun taleyinə tam biganəliyi ilə bir daha ortaya qoyuldu.