Dünən günlərdən əlamətdar gün idi – əlbəttə ki, bizim üçün. Mətbuat gününü qeyd edirdik. Etdik də. Təbrik təbrikə calanmışdı. Dostlar, tanışlar, qohum-əqrəbanın qəzet, sayt oxuyan kəsimi, bəzi işləri jurnalistlərdən keçən dövlət strukturlarının işçiləri ünvanımıza təbrik mesajları yollayırdılar.
Çoxunun təbrikində belə bir söz keçirdi: “Qələminiz iti olsun!”
Dostlar, qardaşlar, həmkarlar, deyim, bilin və agah olun, təbriklərdəki bu kimi kəlmələr dünyanın ən qeyri-səmimi və ən riyakar arzusudur. Əslində bu ölkədə heç kəs (xırda istisnalarla) jurnalistin qələminin iti olmasını arzulamır.
Çünki bu iti qələm kiminsə çörəyini, kiminsə rüşvətini, kiminsə poqonunun tikişini, kiminsə nəfəsini, kiminsə səsini, kiminsə dilini kəsə bilər – həm də qayışda itilənmiş dəllək ülgücündən də pis.
Məsələn, özü də jurnalist olan Azər Qasımov (Prezidentin mətbuat xidmətinin rəhbəri) jurnalistlərin qələminin (və ya fotovideokamerasının) iti olmasını niyə istəsin ki… Adam yolda qoşa xəttin tələbini pozaraq qayda pozuntusuna yol verir, jurnalist də bunu çəkir, saytlarda görüntüləyir və yol polisindən ona cəza tələb edir, deyir, biz qaydanı pozanda cərimələniriksə, o da cərimələnməlidir. Belə yerdə o, mərdiməzar jurnalistlərə nifrət eləməyə məcburdur – özü də jurnalist olmasına baxmayaraq.
Əməkdaşımız Fərahim İlqaroğlunu döydürən və hələ də cəzasız-cəzasız, amma tasa-pasası yatmış halda gəzən Aynar Məmmədov jurnalistlərin qələminin iti olmasını, əlbəttə, istəməz. Çünki ilin əvvəlində onu heç kəs tanımırdı, amma itiqələmli jurnalistlər onun adını ölkəylə bir elədirlər. Hətta Aynar vaxtında tormoz eləməsəydi, daha məşhur əmisioğlundan da məşhur olacaqdı.
Hacıbala Abutalıbov jurnalistlərin qələminin iti olmasını niyə istəsin ki… Budur, yeddi ildir jurnalistlər onu azı 21 dəfə vəzifəsindən çıxarıblar. Adam milyonçu olanda nə olar, elə bilirsiniz, işdən çıxarılma xəbəri kiməsə xoş gələn şeydir? Nə qədər stress, nigarançılıq, əndişə deməkdir bu. İstənilən daş qəlbli insan “bəlkə bir bildikləri var, ona görə yazırlar” deyə təşviş keçirə bilər.
Hələ onun yerinə “qoyulan” məmurların hər dəfə umsuq olmalarını demirəm. Düzdür, onlar istərdilər ki, jurnalistlərin qələmi iti olsun, köməkləşib Abutalıbovun ipini (söhbət çilçıraqa bağlanan ipdən getmir) kəssinlər, amma özlərinə gələndə qoy o qələm korşalsın.
9-cu mikrorayonda binanın küçəyə baxan tərəfini Sinqapur göydələnlərinin fasadı kimi bəzəyən, amma həyət hissəsini bomba düşmüş Qəzza beşmərtəbəsi kimi saxlayan İH başçısı və digər məmurlar jurnalistlərin qələminin iti olmasını istərlərmi heç? Axı itiqələmli jurnalist bu fırıldağı çəkib, yazıb, gözlər önünə sərəndə yuxarılardan danlağa məruz qalmasalar da, aşağıların dilində lağlağı hədəfi olurlar.
Müəllimlərin adına kredit götürən, amma borcu onların ödəmələrini tələb edən məktəb direktoru jurnalistlərin qələminin iti olmasını bir şərtlə istəyər ki, yıxılanda gözlərinə, ürəklərinə, həyat üçün vacib olan digər orqanlarına girsin. Ona görə ki, məhz jurnalistlər adamı durduğu yerdə dilə-dişə saldılar. Yoxsa hansı müəllimin cəsarəti çatardı ki, özgə kreditini ödəməsin…
Bir sözlə, ölkədə bir xeyli tanınmış və tanınmamış müftəxor, rüşvətxor, haramxor, şeyxor, vicdansız, amansız, oğru, quldur, talançı, yalançı və sair tip adam var ki, jurnalistlərin qələminin iti olmasını da istəməzlər, ümumiyyətlə, özlərinin mövcud olmasını da. Onlar “min yeyənim olsun, bir deyənim (yazanım) olmasın” şüarıyla yaşayanlardır. Ona görə də o cür adamların təbriki boğazdan yuxarı, qasıqdan aşağıdır. Fikir verməyin.
Amma bu ölkədə əzilən, sürünən, haqqı tapdanan xeyli adam da var və onlar jurnalistlərin qələminin iti, sözlərinin ötkəm olmasını çox istəyirlər. Çünki bu, onlar üçün son instansiya, axırıncı ümid yeridir.
Bax, elə adamlardan təbrik eşidəndə bilirsən ki, səmimidirlər, yalan danışmırlar.
Mədəni Avropa ölkələrində medianı sevə-sevə “gözətçi iti” adlandırırlar və jurnalistlər bundan incimir. Doğrudan da mətbuatsız cəmiyyət gözətçi iti olmayan xaraba qəsr kimi bir şeydir.