22 iyulda prezidentin Xızı rayonuna səfəri zamanı Xızı şəhərində 25 evdən ibarət qəribə bir yaşayış kompleksinin də açılışı oldu. Bu evlərin qəribəliyi əsasən ondan ibarət idi ki, rəsmi məlumatda həmin mənzillərin təbii fəlakətlərdən əziyyət çəkmiş xızılılara verildiyi bildirilsə də, açılışda heç bir mənzil sakini nümayiş etdirilmədi. Sitat: “Bu yeni massivin sakinlərinin əvvəlki evləri rayonda müxtəlif illərdə baş vermiş ekzogen proseslər, o cümlədən qeyri-normal yağıntı, torpaq sürüşməsi, çökmə nəticəsində yaşayış üçün yararsız vəziyyətə düşüb. İkimərtəbəli evlərdə hər cür şərait yaradılıb” (AzərTAc).
Məsələni şübhəli edən təkcə bizim xəbərsiz qaldığımız “ekzogen proseslər”, anonim Xızı sakinləri deyil. Hamımız bilirik ki, yapistlər təbii fəlakətdən zərər çəkənlərə heç vaxt qıyıb 2 mərtəbəli evlər tikməzlər.
Evlərin AzərTAc-ın saytındakı fotoları da ciddi şübhə oyadırdı, çünki bunlar sadə xızılıya tikilən yaşayış mənzilinə yox, hansısa oliqarxın istirahət mərkəzindəki super təmirli kotteclərə bənzəyirdi. Bəs bu mənzillərdə kim yaşayacaq?
Açığı, mən bərbəzəkli, ancaq insansız evlərin fotolarını görəndə ilk ağlıma Xaçmazın məşhur Xraxoba kəndi gəldi. Orda yapistlər Palıdlı adında təzə yaşayış massivi qayırıblar, evlərin dəbdəbəsi və sayı da təxminən eynidir. Yeni kəndə isə şübhəli şəkildə… naxçıvanlı olduqları deyilən kürdləri yerləşdiriblər. Bu haqda mediada çoxlu reportajlar gedib, ancaq icra hakimiyyəti kürdlərin Naxçıvandan Xaçmaza köçürülməsinə heç bir məntiqi izahat verməyib. Xızıda da eyni siyasət güdüləcəkmi – buna sonra baxarıq.
Xızı dağları xınalı-xınalı boylanmaqda qalsın, sizə xəbər verim Cibutidən. Bəli, yanlış oxumadınız, Afrikada, materikin burnunun ucunda yerləşən Cibuti adlı cırtdan bir dövlət var, 21 iyulda bu Cibuti Ermənistanın Azərbaycana yönələn işğalçı siyasətini pisləyən kəskin bəyanat vermişdir, yapistlər də həmin bəyanatı “bəh-bəhlə” hər yerdə yayıblar.
Varını verən utanmaz, əlbəttə, biz əhalisi Gəncədən bir az çox, ərazisi isə Salyan və Sabirabad qədər olan Cibuti dövlətinə dərin minnətdar oluruq ki, bizim uğurlu xarici siyasətimizi dəstəkləmişdir. AzərTAc yazır ki, bəyanatda “Cibuti hökumətinin işğal olunmuş Azərbaycan ərazilərində mülki Azərbaycan əhalisinə qarşı törədilmiş hərəkətləri bəşəriyyətə qarşı cinayət hesab etdiyi bildirilir.
İslam Əməkdaşlıq Təşkilatının, BMT Baş Məclisinin və Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələrin xatırlandığı bəyanatda işğal altındakı Azərbaycan ərazilərində yerləşən arxeoloji, mədəni və dini abidələrin talan edilməsi və dağıdılması kəskin şəkildə pislənilir” və sairə və ilaxır.
Bir sözlə, dəhşət bəyanatdır, ola bilsin Cibutinin sayəsində biz gələn il Zəngilanda xarı-bülbül çiçəyi yeyəcəyik, Kəlbəcərdə qanqal otlayacağıq, Füzuli rayon mədəniyyət evinin qabağında dahi şairimiz Seyran Rövşənin AYB sədri Anara həsr edilən “Erkəklər ağlamaz!” poemasını dinləyəcəyik! Yaşa, yaşa, Azərbaycan, qadir sovet ölkəsində! Qoy millətdə ruh yaşasın! (Poeziya üçün bu qədər yerimiz var idi).
Ancaq Cibutini bizə doğma, əziz, mehriban eləyən təkcə Qarabağ siyasəti və müsəlmançılığı deyildir. Sən demə, bu dövlətin bizə çox bənzəri vardır. Buyurun, faktlara baxın.
Cibuti 1977-ci ildə Fransa müstəmləkəsi olmaqdan qurtulub (böyük ehtimalla fransızlar özləri bezib gediblər, çünki sərvəti-zadı olmayan, dəvə otlayan mənasız bir yerdir), özünü respublika elan edib və o vaxtdan keçən 37 il ərzində bu dövlətciyin cəmi… 2 prezidenti olmuşdur.
Birinci prezident Həsən Güləd Aptidon (Cibuti dilində “Həsənquliyev Qüdrət” kimi oxunur) adında bir nəfər olub, bu qardaş 1977-ci ildən 1999-cu ilə qədər prezident işləyib. 22 il. Sonra bezib və vəzifəni öz doğma bacısı oğluna, İsmayıl Ömərov-Əliyevə, üzr istəyirəm, yanlış yazdım, İsmayıl Ömər Gəllah adlı yoldaşa bağışlayıbdır. Həsənqulu müəllimin öz uşaqları yox imiş.
O vaxtdan bəri İsmayıl müəllim Cibutinin əvəzedilməz, dahi, müqəddəs, ümummilli, günəşəbənzər, yağış yağdıran (nəzərə alın ölkə Afrikadadır), kölgəlik salan, sərinlik verən, canım sənə desin, dəvə yağlayan tək lideri olaraq qalmaqdadır. Özü də İsmayıl müəllim çox zarafatcıl adamdır – hərdən prezident seçkiləri də keçirdir. Məsələn, 2005-ci ildə seçki zamanı o, tək namizəd olub və səslərin… 100 faizini toplayıb. Mən bunu anekdot-zad kimi yazmıram, istəsəniz internetdə bu faktları müstəqil şəkildə tapa bilərsiniz.
Sonda bir daha ermənilərə üzümü tuturam: rədd olun!