Bu yazı qonşuluğumuzda yerləşən və xüsusi münasibətimiz olan iki dövlətin rəhbəri haqqındadır. Bu dövlətlərdən biri Rusiya, o biri Türkiyədir. Hər ikisi qardaşdır. (Oxucu öz zövqünə görə bu qardaşlığın birini dırnaq arasına ala bilər. Hər iki dövləti uzun müddət “böyük qardaş” bilmişik. Birini hələ də elə bilirik, o birini isə vaxtilə o cür bilənlər çox idi, indi də az-az var).
Bu dövlətlərdə gedən siyasi proseslərin, baş verən hadisələrin ölkəmizə çox ciddi təsirləri olur və bu, heç də azalan xətt üzrə inkişaf etmir, əksinə, ildən-ilə artır.
Uzun illərdir biz böyük qonşularımıza baxa-baxa ölkəmizdə demokratiyanın, haqq-ədalətin bərqərar olmasını istəyirik. Çoxdan avtoritar idarəçiliyin pəncəsində olan Rusiyanın ardınca Türkiyə də o yola qədəm qoymaqdadır.
Həm Vladimir Putin, həm də Rəcəb Tayyib Ərdoğan öz ölkələrində və xaricdə “güclü siyasətçi”, “sərt rəhbər”, “xarizmatik lider” kimi tanınırlar. Və burada yanlış yoxdur. Onlar məhz o cürdür.
Qəribəsi odur ki, bu sərt rəhbərlər demokratik dövlətlər tərəfindən qınandıqca, sıxıldıqca, öz ölkələrindəki nüfuzları, reytinqləri artır.
Bu gün həm Rusiyada, həm də Türkiyədə “o, olmasa ölkə batardı”, “o gəldi, milləti xilas etdi”, “məhz o çökməkdə olan dövləti dirçəltdi”, “iqtisadi sıçrayışımız onun adıyla bağlıdır” kimi yarıdürüst-yarıyanlış qənaətlər var və müvafiq təbliğat tezisləri hər iki xalqın dilinin əzbəridir.
Putinin siyasəti də ölkəsini beynəlxalq təcrid vəziyyətinə gətirib, Ərdoğanın yeritdiyi siyasi xətt də. Biri zatən uzun illərdir ABŞ-la intriqada idi, o biri isə müttəfiq idi. Artıq ABŞ-ın Rusiya ilə mükalimə tonu necədirsə, Türkiyə ilə də o cür olmağa başlayır.
Avropa dövlətləri də hər iki sərt liderə tənqidi münasibət (birinə az, birinə çox) sərgiləyir.
Türk və rus xalqları isə aparılan total təbliğata qulaq verərək, inanaraq öz liderlərinin böyüklüyünə, xalqı xoşbəxt etmək üçün dünya gücləri ilə kəllə-kəlləyə gəlməkdən çəkinmədiklərinə inanır və onları sevir.
Bu liderlərin böyüklüyünün mahiyyətinə varmaq, yeritdikləri siyasətin yanlışlığını sübut etmək üçün boğaz yırtanlar isə azlıqdadır və xalq onları dinləmir.
Tarixdə bu cür “xarizmatik liderlər” çox olub və onlar bir çox ölkələrin taleyində mənfi rol oynayıblar. Sanki hər bir xalq öz “sərt lider”inin əlindən yamanlıq görməli, qırx arşın quyunun dibinə düşməlidir ki, bu sayaq idarəetmənin yanlış olduğunu, yeganə əlacın demokratiyada, hakimiyyət komandalarının tez-tez, vaxtaşırı dəyişməsində olduğunu anlasın.
Bir şəxsin hakimiyyətinin uzun müddət davam etməsi müəyyən sahələrdə sabitliyə, inkişafa səbəb ola bilər, amma o heç vaxt bütövlükdə dövlətə, millətə xoşbəxtlik gətirə bilməz. Əksinə, ona olduqca böyük problemlər yarada bilər. Ortada Hitler, Mussolini, Stalin, Franko, Pinoçet, Samosa, Markos, Şarl de Qoll, Kastro, Səddam Hüseyn, Qəzzafi, Hüsnü Mübarək, Düvalye, Stressner, Peron və başqa nümunələr var.
Artıq Ərdoğan 12, Putin isə 14 ildir hakimiyyətdədirlər və niyyətləri ən azı daha 10 il hakimiyyətdə qalmaq, dövləti bildikləri kimi idarə etməkdir.
Son aylarda onlar öz ölkələrindən çox, qonşu ölkələrin problemləri ilə məşğuldurlar və öz üzərlərinə “əzilməkdə olan qonşu xalqların himayədarı” funksiyası götürüblər. Putin Ukraynada “qırğına məruz qalacağı gözlənilən rus azlığ”ın pasibanıdır, Ərdoğan isə hər gün “Qəzzada ölən dindaşlarım” deyir.
Müşahidəçilərin fikrincə, Ərdoğan Qəzza problemindən öz seçkiqabağı təbliğat kampaniyasının aparıcı ünsürü kimi istifadə edir və prezident seçildikdən sonra anti-İsrail ritorikasını xeyli yumşaldacaq. Putinin isə bütün bu sərt tövrlərinin Avrasiya İttifaqının qurulmasına yönəldiyini düşünənlər və deyənlər var.
Biz də bizə iki yaxın dövlətin rəhbərliyinə, idarə edənlərinə baxa-baxa qalmışıq. Belə bir qənaət var ki, bu iki dövlət gerçək demokratiya yoluna qədəm qoyanda, biz də onlardan örnək götürəcəyik.