Ali Radanı rusiyayanlılardan tamamilə təmizləmək üçün Petro Poroşenko komandası ən qəti addımı atdı; 30 gün sonra Ukrayna yeni parlament seçkisi elan edə bilər
Ukraynanın baş naziri Arseniy Yatsenyuk istefa verib. Ukrayna hökumətinin başçısı qərarını koalisiyanın dağılması və hökumətin təşəbbüslərinin nəzərə alınmaması ilə əsaslandırıb.
İyulun 24-də səhər saatlarında Ali Radanın sədri Aleksandr Turçinov “Avropa seçimi” koalisiyasının fəaliyyətini dayandırmasını elan edib. Turçinov bildirib ki, UDAR və “Svoboda” fraksiyaları koalisiyadan çıxdıqlarını rəsmən elan ediblər. Bundan başqa daha 19 deputat koalisiyadan getdiyini açıqlayıb. Bir neçə saat sonra isə Yatsenyuk istefa verib.
Unian.net xəbər verir ki, Ali Radada çıxış edən baş nazir bildirib ki, Regionlar və Kommunist partiyaları ilə koalisiyaya gedilməsini mümkün saymır, qüvvədə olan koalisiya isə dağıldığı üçün artıq hökumətə rəhbərlik etməsini lüzumsuz görür: “Yeni hökumət formalaşması üçün hansı variantlar var? Ukrayna parlamentli-prezidentli respublikadır. Mövcud koalisiya dağıldığı üçün şərtlər “regonlar”ın və kommunistlərin iştirakı ilə yeni koalisiya yaradılmasını diktə edir. Ancaq mən heç bir halda bu cür koalisiyanın qurulmasında iştirak edə bilmərəm. Bu səbəbdən də istefamın qəbul edilməsini xahiş edirəm.”
Yada salaq ki, UDAR və “Svoboda” fraksiyaarı bu addımı prezident Petro Poroşenkonun parlamenti buraxmaq səlahiyyətlərinin yaranması üçün atıb. Ölkə Konstitusiyasına görə, 30 gün ərzində parlament yeni hökuməti formalaşdıra bilməsə, Ali Rada buraxılaraq yeni parlament seçkisi elan edilməlidir.
Musavat.com