Könül novatorluq istəyir. Şərləmə olanda nə olar, bunda da yenilik, kreativlik, məsələyə yaradıcı yanaşma lazımdır. Yoxsa camaatın uşağını nə qədər eyni maddəylə, eyni üsulla tutacaq, eyni cür mühakimə edəcək, eyni cəzanı kəsəcək, eyni məzmunda əfv ərizəsi yazdıracaq, eyni şərtlərlə azadlığa buraxacaqlar?
Oxucular da narazıdır. Hər dəfə eyni xəbərləri (“Müxalifətçi gənc narkotiklə tutuldu”) oxuyanda insanlar hirslərindən gülürlər. Daha doğrusu, bir müddət öncəyə qədər gülürdülər, amma daha gülmürlər. Çünki eyni komediyaya da çox baxanda adama gülməli gəlmir.
Məsələn, Çarli Çaplinin filmlərinin təzə vaxtlarında kinoteatrlarda gülməkdən qəşş eləyib bayılanlar olurmuş, amma indi olsa-olsa qımışanlar olar – o da bəsitliyə, primitivliyə.
Ona görə də hakimiyyətdə fəal gənclərin zərərsizləşdirilməsi ilə məşğul olan komitə və ya komissiya (belə bir qurum rəsmən yoxdursa da, yaratmaq lazımdır) məcburdur ki, işə kreativ düşüncəli şərləmə texnoloqlaru cəlb eləsin.
Çətin olan yeni şərləmə metodunu tapmaqdır, onu həyata keçirə biləsi adamlar həm çoxdurlar, həm də səriştəlidirlər. Üstəlik, həvəslidirlər. Eyzən üstlərində torba gəzdirirlər, sifariş gələn kimi, hooop, torba barmaq tuşlanmış başa keçirilir.
İçəridə torbatikmə işinə isə başqa mütəxəssislər baxır. Onlar da səriştəlidir, eyzən üstlərində, iş masalarının siyirməsində psixotrop maddə də gəzdirirlər. Lazım gələndə sənədləşdirmək üçün. Demək, bir müstəntiq üçün vacib olan şeylər budur: qələm, kağız, narkotik maddə. Üçü də əvvəlcədən hazır olmalıdır. Çünki tutulacaq adama da, onu tutanlara da etibar yoxdur, birdən üstlərində heç nə gəzdirmədilər, olayı sənədləşdirmək lazımdır, ya yox?
Budur, srağagün daha bir müxalifətçi, müsavatçı gənc fəalı tutublar, yeddi saatdan sonra elan ediblər ki, üstündən narkotik maddə çıxıb, üstəlik, o, psixotrop maddələri təbliğ edirmiş.
İctimaiyyət, həmişə olduğu kimi ittihama inanmır. Ancaq bəziləri müdrik-müdrik fikirləşir və deyirlər ki, yaxşı, bəs bu gənci durduğu yerdə niyə tutublar.
Sanki bu, bir ilkdir. İndiyəcən bu ölkədə narkotiklə tutulan gənc siyasi fəal olmayıb. Elə bil, bunlar ömründə siqaret çəkməyən, astması olan adamın nəşəxor kimi həbs olunduğu ölkədə yaşamırlar.
Narkotik maddələrin təbliğinə gəlincə, ona qalsa, mərhum şair Süleyman Rüstəmi “Ələmdən nəşəyə” şeirinə görə tutmaq olardı. Əlbəttə, o sağ və müxalifətə yaxın olsaydı, bunu da edərdilər: Bayram Kürdəxanılıdan əskik şair deyil ki…
Belə baxanda bu olayda qeyri-adi, sıradışı bir şey yoxdur. Artıq iki ildir hökumət qoca müxalifətçilərlə qurtarıb, gənclərlə işləyir. Özünü fəal göstərənlərə müvəqqəti, mövsümi olsa da, 6-7 il iş təşkil edir, qayğılarına qalır, təhlükəsizliklərini təmin edir, düz yola qayıtmaqlarına çalışır və sair və ilaxır.
Narahatlıq doğuran məqam sırf ssenarinin eyni olmasıdır. Açığı, bu “narkotiklə tutulma” haqq-hesabı, yuxarıda dediyim kimi, insanlara ləzzət eləmir, könülləri yeni bir şey istəyir.
Məsələn, görəsən, gəncləri zorlama üstündə tutmaq olmazmı? İctimaiyyət üçün də, media üçün də daha maraqlı olar. Saytlarda gedəsi 16+ işarəli başlıqları (“Gənc fəal qurbanını necə zorladı – şok, şok, şok!!!”; “Zorlamada suçlanan gəncin ilkinc etirafları – şok!”; “Müxalifətçi gənc tərəfindən zorlanan qızın müdhiş dramı – Tükürpədici hekayət”) təsəvvür edin.
Bunun o işə də xeyri olar ki, camaat bu kimi haqq-hesablara o qədər də şübhə etməz. Baxın, narkotik söhbətinə çox adam inanmır, amma zorlama iftirası ayaq tutub yeriyə bilir. Çünki hamı o fikirdədir ki, xamır yeyənin fağırı olmaz, od olmasa, tüstü çıxmaz, kələ göz eləməsə, düyə şikayətçi olmaz, qonşuda qız sevənin ürəyində yağ olmaz və sair və ilaxır.
Bircə çətini müxalifətçi gənci şərləmək üçün müvafiq partnyor tapmaqdır, elələri də hüquq-mühafizə orqanlarının əlində, trass qırağında nə qədər desən… Götürün, işlədin.
P.S. Bu, torbatikənlər üçün yeni ideya olmaqla yanaşı, fəal gənclərə də xəbərdarlıqdır. Ehtiyatlı olun.