Müsavatçı gənc Fərəc Kərimlinin günün günorta çağı oğurlanması, başına torba keçirilib küçədə döyülərək aparılması, daha sonra bu əməlin polis tərəfindən təsdiqi Azərbaycan səmasında ildırım kimi çaxdı. Uca millətimiz qəfil diksindi, çox narahat oldu, insanlar hadisəyə etiraz əlaməti olaraq “Jalə” şirəsi içməkdən imtina etdilər, bununla da Fələstinə görə “Coca Cola”nı boykot edən yoldaşlarımızın sırası genişləndi. İnşallah, Yeni İl axşamı İsa Bulağında sürüşərik! (Qabaq Novruz bayramında Cıdır düzündə tonqal qalayırdıq, bunun düşər-düşməzi olduğunu nəzərə alaraq milli adət-ənənələrimizdə kiçik düzəliş yapılmışdır).
Doğrudan da sevgili xalqımızın qan yaddaşında heç belə əhvalat yoxdur. Əbülfəz bəyin keçmiş iş yerində – Əlyazmalar İnstitutunda saxlanılan mənbələrə görə axırıncı dəfə eramızdan 5 min il qabaq hansısa gəncin küçədən oğurlanıb polisə aparılması baş vermişdir. Polisin hadisəyə verdiyi izahatda deyilir ki, Fərəc Kərimlinin üzərindən 3 ton heroin tapılmışdır, həmçinin bu gənc sosial şəbəkələrdə narkotik maddələrin təbliği ilə məşğul olurmuş. Guya biz Hollandiyada yaşayırıq, narkotik aptekdə satılır! Utanmaz! 3 ton heroini isə böyük ehtimalla növbəti dəfə Gürcüstana keçirmək istəyibdir. Ar olsun!
Xalqımız şokdadır. Bizdə polisin kimisə şərləyib cibinə narkotik atması, bunun nəticəsində əməliyyat tədbirləri həyata keçirdərək tərəfimizdən İbrahim Ləmbəranskinin oynadığı Muradik roluna sənətsevərlərimiz qiymət vermişdir. Cümlə bir az dolaşıq alındı, yola verin getsin, hamısı hiddətimizə, nifrətimizə, məhəbbətimizə görədir. Hər gün kimisə siyasi səbəblərdən tutmurlar ki!? Azərbaycanda siyasi məhbusların axırıncısını Təbəri 9-cu əsrdə Bəzz qalasının ətəklərində görübdür. O vaxtdan bəri polis kimin cibinə narkotik atırsa haqq eləyir. O gündən bəri iqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir! O andan bəri sosial şəbəkələrdə cənab prezidenti tənqid eləmək sərbəstliyi bütün xalqımıza verilmişdir, hətta istəsən facebookdakı divarına alkopon üzlük çəkdirərsən, tvitterdəki profilinə qazon əkərsən, odnokllasnikidə isə qızlara məktub yazarsan. Bəli, tam demokratiyadır, azadlıqdır, rabitə nazirinin əziz, keçəl başına, milli təhlükəsizlik nazirinin qaşına, polis nazirinin göz yaşına (qafiyə üçün yazdım, Zəlimxan müəllimin yerinə sənəd verməyə hazırlaşıram) and olsun!
Ancaq Fərəc Kərimlinin həbsi qəlbimizdə müəyyən kədər də oyadır. Bax, artıq neçənci gəncdir şərləyib, döyüb tuturuq, lakin xalq sakitləşmək istəmir, yeni qüvvələr ortaya çıxardır. Bu qüvvələr isə dövlətin tərəfimizdən ofşor şirkətinə döndərilməsinə, banan dövləti olmasına, dünyanın biabırçı repressiv quruluşlarından birinə çevrilməsinə dözmək istəmirlər. Bir gənci tutursan, yerinə üçü gəlir, üçünü tutursan, səkkizi gəlir… Anlamaq olmur ki, bunlar nə istəyirlər. Yaltaqlıq eləyib süfrədən qırıntılar qopartmaq, xarici turist səfərlərində hansısa oliqarx balasının aftafasını daşımaq, nazir uşaqlarının maşınlarının təkərini qaraltmaq yerinə bu gənclər xaricdən maliyyələşən qara qüvvələrə qoşulur, respublika rəhbərliyi haqqında internetdə ağızlarına gələni yazırlar. ASAN-xidmət sizin burnunuzdan gəlsin! Nə üçün gedib ordan arayış almırsınız!? Camaat gedib sənəd alır, sonra həmin sənədi itirib təzədən alır, üzünü çıxardıb yenidən alır, sənədləşmə işlərindən yüksək kayf tutur, bunlar isə respublikamızdakı uğurları görmək istəmirlər.
Hələ sən fikir ver, bu Fərəc Kərimlinin internetdə hökumət əleyhinə açdığı səhifənin adı “Basta!” imiş. İspanca “bəsdir!” deməkdir. Düzgün adamsansa, səhifənin adını niyə xarici dildə düzəldirsən? Bizim muğam kimi sənətimiz var! Elə polis də onun cibinə narkotiki “basta” eləyib – basıb.
Yaxşı oğlan olsa indidən əfv ərizəsini yazar. Mən 17 variantda yazmışam, hər ehtimal üçün. ASAN-xidmətdə təsdiqlətmişəm, evdə durur.
Bir təklif də edim: təzəlikcə məhkəmə müsavatçı Yadigar Sadıqlının 6 illik həbsindən 2 il kəsmişdi. Həmin 2 il havada qalmışdı, külək aparıb Ermənistana-zada salardı, sərvətimiz itərdi. Məncə indi o 2 ili Fərəc Kərimliyə halallıqla vermək olar. Bu da müsavatçıdır, o da…