Bəlkə 3 ton heroin də Müsavatın ayağına yazılsın!..
Hakimiyyət müsavatçılarla çəkinib-eləmədən, dünyanın gözü qarşısında haqq-hesab çəkir, onlardan ailəlikcə qisas alır. Bu, artıq əlahiddə bir presedent, təsadüfə oxşamır, ənənə şəklini almış, düşünülmüş siyasət təsiri bağışlayır.
Müxalifətə, Müsavat fəallarına qarşı repressiya maşını, şərləmələr hətta mübarək Ramazan ayında da dayanmadı, əksinə, özünü bütün qəddarlığı ilə göstərdi.
Budur, Tofiq Yaqublu ailəsinə edilən sitəm, haqsızlıq bitib-tükənməmiş, indi də müsavatçı Rafiq Kərimli və onun övladlarına qarşı şər-böhtan kampaniyası bütün dolağı ilə işə salınıb. Əcaib mənzərədir.
İşə bir baxın: müxalifətçi gənc fəalı insult vəziyyətində olan anasını həkimə gətirdiyi yerdə başına torba salıb oğurlayanlar, ona işgəncə verənlər, az öncə guya səhvən digər qardaşını oğurlayıb aparanlar, daha betəri, onların hər ikisinə qarşı artıq beynəlxalq təşkilatlarda da ikrah doğuran bir maddəni – narkotik ittihamını irəli sürüb şərləyənlər utanmadan Azərbaycanı yenə də hüquqi dövlət adlandırırlar.
Sonra da deyirlər ki, Leyla Yunus niyə radikaldır, nə üçün fəryad qoparır, nədən Avropa Yay Oyunlarının Bakıda keçirilməsinin boykot edilməsi üçün israrla demokratik Avropaya çağırışlar edir, “gözü götürməzlik” edir, “milli maraqlar” əleyhinə gedir?
Ölkədə elementar haqq-ədalət istəyənlər, günahsız insanlara, müxalifətçilərə və onların ailələrinə, azyaşlı övladlarına qarşı repressiyaya son qoymağı tələb edənlər, buna qarşı bacardığı qədər, ən müxtəlif üsullarla mübarizə aparanlar belələrinin – ölkəni fəzilətli ayda belə çapıb-talamaqdan doymayanların, dünyada rəzil edənlərin gözündə həmişə cin-şeytan, əcinnə qismində görünüblər.
Yeri gəlmişkən, yanılmırıqsa, Müsavat Partiyası da hakimiyyəti xəbərdar eləmişdi ki, siyasi məhbuslar tezliklə azadlığa buraxılmasa, Yay Oyunlarını boykot kampaniyasına başlayacaq. Siyasi məhbuslar isə nəinki azadlığa çıxdılar, üstəlik, onların sırası daha da genişləndi – özü də yenə müsavatçıların hesabına…
Ancaq şəxsən mən Bakıda Avropa Oyunlarının keçirilməsinin əleyhinə deyiləm. Çünki belə tədbirlər ölkənin tanınma məsələsi ilə yanaşı, daxildəki rejimin sivil dünyanın, Qərb mətbuatının diqqətinə gəlməsi baxımından önəmlidir. “Eurovision”u yada salın. Hakimiyyət hələ də insan haqları ilə bağlı sərt qınaqların, yazılan kəskin məqalələrin təsirindən çıxa bilməyib. Bu da olsun – ikinci “Eurovision”. Ona qalsa, gərək 2018-ci ildə Rusiyada da futbol üzrə dünya çempionatı keçirilməsin, çünki Putin neçə aydır dünyaya meydan oxuyur…
Mövzumuza qayıdaq. Bəzi vicdansız ağzıgöyçəklər də iddia edirlər ki, guya Müsavat hakimiyyətlə 2015-cil il seçkiləri ilə bağlı mandat anlaşması içindədir. Hanı bəs? Hanı o bazarlıq? Olmaya deputat mandatlarını Müsavat yetkililəri Tofiq Yaqubluya və Yadigar Sadıqova ərməğan edəcəklər – zindanda göstərdikləri dəyanətə, sınmadıqları, əfv ərizəsi yazmadıqlarına görə?! Ya bəlkə müsavatçı Rafiq Kərimliyə ləyaqətli müsavatçı övladı yetişdirdiyi üçün veriləcək? Müsavatın adicə qurultay keçirib əzəmətli görünməsindən təlaşa düşüb də ona babat yer ayırmayan bir hakim qüvvənin Rəsulzadə partiyasına reveransı mümkünmü, əcəba?
Cavabı yazmağa dəymir və belə görünür, ölkədə rejim dəyişməyincə dəyməyəcək də. Hələliksə, hakimiyyətin narkotik arsenalı qurtarmaq bitmir. Deyirik, bəlkə elə 3 ton heroini də müxalifətin, Müsavatın ayağına yazıb tək-tük müxalifət partiyalarını birdəfəlik bağlasınlar, YAP iqtidarının da canı müxalifətdən birdəfəlik qurtarsın. Fəqət, qurtaracaqmı?
Çətin. Çünki müqəddəs yer boş qalmır. Onu İŞİD kimilər də tuta bilər. İslam adına, insanlıq adına ləkə olsalar belə. O zaman çətin ki, narkotiklə şərləmələrə, siyasi şoulara və qondarma məhkəmələrə vaxt qalsın. Məncə, hakimiyyət hazırkı mötədil, demokratik müxalifətin qədrini çox sonralar biləcək – əfsus ki, iş-işdən keçəndə, İŞİD kimi əcaib qüvvələr gələndə…