Bugünlərdə “Sevil” adında bir tikinti şirkətinin şefini tutublar. Azərbaycan üçün adi kriminal əhvalatlardan biridir əslində, diqqət çəkən heç zad yoxdur: kiməsə iş görməyə şərait yaradırlar, sonra həm işini, həm pulunu tutub əlindən alırlar, etiraz eləsə tuturlar, eləməsə dalına bir təpik vurub ölkədən qovurlar. Ancaq bu dəfəki əhvalatda həm gülməli, həm də rəmzi bir detal diqqətimi çəkdi.
Sən demə, şirkətin rəhbəri vəhhabilərlə əlaqəli imiş, onlara yığışmaq üçün yer ayırırmış, hətta məscid tikdiribmiş. Hökumət “Hacı Aynur” kimi bizim standartlarda qəribə adlı bu şəxsi elə bu səbəbdən tutubmuş. Onu tutandan sonra şirkətə Hökməli ərazisində böyük yer ayrılmasını da araşdırıblar və yerli bələdiyyənin sədrini də sürüyüb idarəyə aparıblar. Mənim xoşuma gələn detal məhz bu məqamda idi. Hakimiyyət öncə zənn edib ki, bələdiyyə sədri də vəhhabilərə qoşulub. Təzəlikcə “Tərəqqi” medalı yapışdırdıqları sədrin bu cür əlləm-qəlləm yollara düşməsinə dilxor olduqları yerdə Abşeron Rayon İcra Hakimiyyətindən arayış verilib ki, sədr vəhhabi deyil, qorxmayın, torpağı sadəcə… tamahı üzündən verib! Pulla satıb. Bundan sonra sədri bir az sümürüb buraxıblar.
Çox gözəl, dərsliklərə salınası ibrətamiz əhvalatdır. Bu sistem tamahı bağışlayır, ideoloji “sapmaları” isə yox. Neçə illərdir görə-görə gəlirik. Məsələn, nazirlər olub yığdığı rüşvəti balta kəsməzdi, ancaq kiçik tənqidi söz deyənə qədər toxunan yox idi. Oğurluq, rüşvət, kriminal – gözümüz üstdə yerin var! Əqidə, məslək, ideologiya – vur əə, bunu!
Özü də ideologiyanın yönündə qəti fərq yoxdur. İstər liberalizm aşılayan qərblilər olsun, istər dini radikalizm yeridən cənublular – hər biri rejimə düşməndir.
Ona görə də işğal edilən rayonun icra başçısı 4 milyon yarıma villa alması xəbərinə “Burda nə var ki? Əcəb eləmişik! Özü də bu satış yox, barter olub” tipində arın-arxayın, lotuyana cavab verir. Kim bilir, bəlkə villa Vartanın imiş, Şuşaya gedəndə bizim icra başçısı ilə barter edibdir? Əhsən o zaman! Qoymayıb yağı düşmən villanı özü ilə aparsın. Yeri gəlmişkən, bizim 1 milyon qaçqınımız var. Villanı satsaq hərəyə 4 dollar düşür, bununla isə heç dəmiryolu vağzalının yanındakı iylənmiş kafelərdə bir qarın yemək almaq olmaz. İndiki halda qoy icra başçısı villada yaşasın, özü də üçrəngli bayrağımızla məsud yaşasın!
Sosial şəbəkələrdə bu məsələyə münasibət bildirməyin zamanıdır. Mən təklif edirəm xalqımızın dəyərli övladları Kəlbəcərdə əsir götürülən Dilqəm bəyin şəklini öz facebook divarlarından çıxardıb oraya Şuşa icra başçısının fotosunu qoysunlar. Dilqəm bəyi dəstəklədiyimiz yetər, indi Bayram müəllimə dəstək verməyin vaxtıdır. Qaçqın icra başçılarını gözümçıxdıya salmaq 38-42-ci şimal en dairələrinə də ayıb olur. Bəyəm onların başqa icra başçılarından nəyi əskikdir? Əlbəttə, rayonları yoxdur, bir az qəlbləri qırıqdır, nakamdırlar, ancaq qanun qarşısında hamı bərabərdir! Ona qalsa heç Puşkinə də Nobel mükafatı verilməyibdir, Brüs Liyə “kunq-funun tacsız kralı” deyirlər.
Üstəlik, camaat ölkənin 95 faizini uşaqlarının adına keçirdəndə yaxşı olur, bir qaçqın icra başçısı 4-5 milyona villa alanda düşmən? Biz elə Qarabağı da düşmənə bu cür lazımsız, qeyri-vətənpərvər münasibət üzündən verdik. Camaat oturub Bakıdan davaya baxırdı. Elə bil respublikanın qərbi ayrı dövlət idi, şərqi ayrı. Bir olmalıyıq! Bizə birlik gərəkdir, vətənpərvərlik gərəkdir! Bayram müəllim demişkən, “Allah hamıya villa qismət eləsin!”.
Yazının sonunda bir daha ermənilərə üzümü tutub deyirəm: çıxın gedin! İki-üç yazı bundan qabaq xəbər göndərmişdim ki, işğal edilmiş torpaqlarımızdan rədd olsunlar, eşitdiyimə görə hələ tənqiddən nəticə çıxartmayıblar. Təkrar eləyirəm.