Tərif elə şeydir ki, bəşər əhlinin doxsan doqquz tam milyonda doxsan doqquz faizinin xoşuna gəlir. Əlbəttə, tərif manyakları başqadır, onlar sutkada 24 saat tərif eşitsələr, yenə doymazlar. Amma ən kamil insan da tənqid və tərif seçimi qarşısında qalsa, ikincini seçər.
İnsan oğlunun bu xüsusiyyətini bildiklərindəndir ki, digər insan oğulları nəsə əldə etmək istəyəndə işlərinin aşdığı adamı tərifləməyə başlayırlar. Adam buna layiq oldu, olmadı, dəxli yoxdur, tərif sellənir – ta o vaxta qədər ki, iş aşıran adam yumşalır, deyir, bu ki belə mərifətli, qədirbilən adamdır, qoy bunun işini düzəldim, getsin yaşasın.
Baxın ölkəmizin türmələrinə, görün işəridə nə qədər tənqidçi var. Yox, onları “hökuməti əsassız yerə tənqid etdiyinə görə” maddəsi ilə tutmayıblar, Cinayət Məcəlləsində belə maddə yoxdur (amma olsaydı, camaat işini bilər, dilini saxlayardı), amma narkotikə dair maddə var və bu tənqidçilərlə mübarizədə işə yarayır.
Bəs baxaq, görək türmələrdə hökuməti tərifləyənlərdən kimsə varmı? Yoxdur. Hərçənd elələri var ki, vaxtilə hökuməti üzdə tərifləyir, daldada söyürmüşlər, yaxud uzun müddət tərifləyiblər, sonra fikirlərini dəyişib tənqidə keçiblər, ifşa olunublar, ona görə də indi içəridədirlər. Yəni tərif deyərkən, türkün sözü, yalakalıq edərkən, səmimi olacaqsan, arkadaş.
Uzun müddət hökuməti tənqid eləyən adamın birdən-birə dönüb tərif deməsi, hətta öz sənətində irəliləyərək ağzıköpüklü məddaha çevrilməsi isə, oxumuş adamlar demişkən, prinsipcə, xoşagələn tendensiyadır. Belələrinin də işi düzəlir. Köhnə düşmənlik bir xeyli unudulur, sarayda fikirləşirlər ki, uşaq olub, bilməyib, indi səhvini başa düşüb, keçib bu tərəfə, qoy tərifləsin, nə ziyanı var, bir yeyənimiz artıq, bir deyənimiz əskik olsun.
Rusiyanın ən liberal faşisti Vladimir Jirinovskinin ölkəmizə münasibətdə ağzıpərto tənqidçidən yaltaq məddaha çevrilməsinə bir də bu prizmadan baxmaq lazımdır.
Orası da var ki, Volfoviçin ipinin üstünə odun yığmaq olmaz. Bir də görərəsən, gözünü qıyışdırdı, ağzını eymələdi, hansısa tribunadan beyninə nə gəldi, döşədi qabırğamıza. Onun xasiyyəti belədir. Dumada qadınlarla saçlaşıb söyüşən, üstlərinə su atan, təpikləşən, qulun kimi çığıran adamdan durub sabitqədəm mövqemi gözləyəcəyik?
Ancaq bir halda ki, o, ölkəmizi, hökumətimizi tərifləyir, qoy tərifləsin – sarayda belə fikirləşirlər.
Budur, Prezident Administrasiyasında bu kimi mühüm işlərə baxan (xaricdən üzü bəri tənqid deyəni pisləmək, tərifləyəni alqışlamaq) səlahiyyətli şəxs – Novruz Məmmədov Jirinovskinin ünvanına təşəkkür mesajı göndərib. Vaxtında atılmış addımdır, amma azdır. Təşəkkürlə yanaşı, ona başqa şeylər də (ənam, qonorar, bəxşiş və s.) göndərmək lazımdır. Qoy həvəslənsin, gələcək tərifnamələr üçün stimulu olsun, anlasın ki, tərifini qədirbilən adamlara ünvanlayıb.
Baxmayın, onun öz ölkəsində yeddi-səkkiz milyon tərəfdarı var. Bu çıxıb ünvanımıza artıq-əskik bir söz deyəndə yerlərdəki gənc faşistlərin başı çönür, gedib bazar-bazar dolaşır, qabaqlarına çıxan qaraşın adamları döyürlər, heç baxmırlar ki, bu, gürcüdür, ermənidir, azərbaycanlıdır. Arada yazıq taciklər də zərər çəkir. Halbuki Jirinovski fitva verərkən erməniləri nəzərdə tutmur, əsasən gürcülərə və bizimkilərə barmaq tuşlayır, gənc faşistlər isə belə xırdalıqlara məhəl qoymurlar.
İndi belə bir adam durub ölkəmizi, pomidorumuz, hökmdarımızı tərifləyirsə, bundan dövlətçilik üçün, xalqımızın ümdə maraqları və milli mənafeyi üçün yararlanmaq , onu lazımınca qiymətləndirmək gərəkdir.
Yoxsa o, pomidorumuzu tərifləyib deyə ona bir yeşik təzə pomidor, faraş xiyar göndərmək olmaz. Xətrinə dəyər. Çixar canlı efirə, pomidoru, xiyarı göstərib deyər, siz bu azərbaycanlıların təfəkkürünə, təşəkkürünə baxın, görün, məni nəylə ələ almaq istəyirlər. Ertəsi gün bizimkilər hansı bazarda pomidor-xiyar sata bilər?
Jirinovskiyə yaşıl və ya qırmızı rəngli nəsə göndərmək lazımdırsa, bu rəngdə kağızlar (dollar, avro) var, hərəsindən 50-100 banderol olmaqla bir yeşik göndərmək olar, o da çıxıb efirdə qarpızımızı da tərifləyər, narımızı da, hələ kartofumuzu da.