Şəkildəki 12 nömrəli formada olan futbolçu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğandır. Dünən o, şou xarakterli bir matçda meydana çıxıb və het-trik edib, 3 qol vurub.
Baş nazirin 3 qol vurması fenomenal hadisə deyil, istənilən prezident və ya baş nazir bu sayaq matçlarda meydana çıxsa, ona da qol vurmaq üçün şərait yaradacaqlar.
Ancaq Ərdoğanın qolları, prinsipcə, onlardan fərqlənməliydi və elə də olub. Adamın futbolçu keçmişi var. Topu ram etməsi, cürbəcür fəndlərlə qapıya yönəltməsi göstərir ki, o, keçmiş peşəsindən qalan vərdişləri hələ də unutmayıb. Xüsusilə birinci və ikinci qolu gerçək bir ustalıq göstəricisidir.
Bəlkə də o futbol karyerasını davam etdirsəydi və gəlib milli komandanın baş məşqçisi olsaydı, Türkiyə yığması indi olduğundan daha yüksək yerlərdə olardı.
Bu fotoda isə Ərdoğanın formasındakı nömrə xüsusi əlamət daşıyır. Futbolçuların ən sevimli nömrələri 7, 9, 10, 15, 20, 25-dir və onların içində 12 yoxdur.
Ərdoğanın bu nömrəni seçməsi isə sırf simvolik səciyyə daşıyır və Türkiyə xalqına mesajdır. Hazırda o, ölkəsinin 12-ci prezidenti olmağa hazırlaşır. Bu, həmin 12-dir, “prezident özüm olacam” deməkdir.
Het-trikə gəlincə, Ərdoğan seçkilərdə ard-arda qazandığı qələbələri idman termini ilə ifadə etməyi sevir, demək istəyir ki, son 12 ildə qazandığı qələbələrə birini də əlavə edəcək.