Dünən şəhərdə iki unikal, bənzərsiz avtomobil gördüm. Önümdə gedirdilər və təxminən iki işıqfor məsafəsi boyunca aşağı-yuxarı yanaşı getdilər.
Maşınlardan biri son model idi, ya keçən ilin sonlarında buraxılıb, ya da bu ilin əvvəlində – necə deyərlər, yağın içində, sellofonlu, qəttəzə.
O birinin buraxılış ili məlum deyildi, amma 50-dən az yaşı olmazdı – o da yağın, mazutun, qırın, çirkin, his-pasın içindəydi.
Təzə maşının qiyməti 200 min manatdan az olmazdı ki, çox olardı. Bu cür maşını almağı atasının 200 mini olan hər bir gənc arzulayır.
Köhnə maşının qiyməti 200 manatdan çox olmazdı ki, az olardı. Yəni yiyəsi onu satmaq istəsə, yalnız ələ gələn ehtiyat hissəsi ola biləcəyini düşünən insanlar onu ala bilər.
Birinci kimi idman stilli maşınlar yol açıq olanda adamın yanında bir saniyə də dayanmırlar, “vvvv” səsi çıxararaq gözdən itirlər. Öndə maşınlar vardı deyə bu bahalı maşın “vvvv” edə-edə qalmışdı.
İkinci avtomobil isə səsboğucusunun deşik olması səbəbindən “vvvv” edirdi, amma sadəcə, hərdən öz tüstüsündə gözdən itirdi, tüstü çəkilən kimi görürdün ki, uzaqda deyil.
Bahalı maşının qapısının necə açıldığı (böyürəmi, altdan yuxarımı, üstdən aşağımı) bəlli deyildi.
Ahıl maşının qapısı isə ümumiyyətlə bağlanmırdı, kilidi yox idi, sürücü onu ya əli ilə tutmuşdu, ya da məftillə örükləmişdi.
İdman maşınının üstündə toz danəciyi, ən kiçik cızığı belə yox idi, bəlkə də sahibi onu gündə 3 dəfə yuduzdurur.
O biri maşının çəkic və müxtəlif rəngli boya dəyməyən, əzik olmayan, hamar sayıla biləcək bir kvadratsantimetr yeri yox idi və axırıncı dəfə onun nə vaxt yuyucu sexinə salındığını ekspertiza aparmadan bilmək mümkün deyildi.
Bahalı maşının sükanının arxasında saç düzümü son modaya uyğun şəkildə dağınıq, ağ köynəkli, ağbəniz sifətli bir gənc oturmuşdu.
Köhnə maşının sükanı arxasında küləyin pərişan etdiyi saçıyla, sifəti günəşdən yanıb qaralmış, qara köynəkli bir gənc vardı.
Onlar eyni küçə ilə gedirdilər. Heç biri təhlükəsizlik kəmərini taxmamışdı.
Bahalı maşının sürücüsü bunu harınlığından, ədabazlığından etməmişdi. Əslində isə onun buna çox ehtiyacı vardı, çünki hiss olunurdu ki, yol açılan kimi yüksək sürətlə şütüyüb aradan çıxacaq.
İkinci maşının sürücüsü isə təhlükəsizlik kəmərini o səbəbdən taxmamışdı ki, maşında kəmər ümumiyyətlə, yox idi. Əlbəttə, nə vaxtsa bu maşında da təhlükəsizlik kəməri olub, amma indi tısbağa sürəti ilə hərəkət edən maşının o inventara ehtiyacı da yox idi.
Hər iki sürücü yol hərəkətinin təhlükəsizliyi gərəyi istər-istəməz bir-birinə baxdılar, mənim onları görməyim təbii olduğu üçün onların da bir-birini görməsi labüd idi.
Heyf ki, bahalı maşınının sürücüsünün bu hər yanı əzik, cırıq, qapısı bağlanmayan maşını görərkən sifətində yaranan ifadəni görmədim, o sürüb getdi. Əvəzində köhnə maşının sürücüsünün sifətindəki ifadəni gördüm.
O, özününkündən 200 dəfə bahalı, 100 dəfə sürətli, 50 dəfə rahat maşını gördüyündə halını qətiyyən pozmadı. Adam sakit idi. Sifətində həsəd yoxdu. Sadəcə, öz qayğısı vardı.
Bəli, avtomobillər arasında da yer-göy qədər fərq vardı, onların sahiblərinin maddi imkanı, həyat tərzi, fizionomiyaları, geyim-kecimləri, qayğıları, düşüncələri arasında da.
Amma onların hər ikisi eyni yolla gedirdi və hər ikisi eyni yerə istiqamət götürmüşdü. “Eyni yer” deyərkən, heç də şəhərin hansısa kvartalındakı mənzillər nəzərdə tutulmur. Bütün insanların yönü son mənzilə olduğu kimi, onlar da ora gedir və ora gedərkən adamın 200 minlik, yaxud 200 manatlıq avtomobilə sahib olmasının fərqi olmur.
Bakı, bax, bu cür paradokslar şəhəridir. Onun küçələrində bu cür avtomobillər yanaşı gedə, göydələnlərin yaxınlığında kasıb bir daxma dura bilər.
İnsanlar paralel həyatlarını yaşayırlar. Arada onların yolu epizodik olaraq kəsişir. Amma bu, uzun çəkmir. Hərəsi öz dünyasına çəkilib gedir. Hələ onu da bilmək olmaz ki, onlardan hansı özünü öz dünyasında daha rahat, daha xoşbəxt sayır. Hər kəsin öz qayğısı və özünə görə problemi, dərdi var.