Müsavat Partiyasının qurultayı yaxınlaşdıqca sövq-təbii təşkilat daxilində siyasi mübarizədən doğan ehtiraslar da qızışır. Təbiidir, ən azı o səbəbə ki, budəfəki ali tədbirin əvvəlkilərdən köklü şəkildə fərqlənəcəyi və tarixə böyük ehtimalla bənzərsiz özəlliyi ilə düşəcəyi gözlənilir – möcüzə baş verməsə, Müsavat növbəti qurultayda yeni başqanını seçəcək.
Ancaq qeyri-təbii görünən söz-söhbətlər var ki, bir müsavatçı olaraq onlara münasibətimi dəyərli partiyadaşlarımın diqqətinə çatdırmaq istərdim.
Biri – nizamnaməni dəyişmək söhbətidir. Məlumat var ki, partiyada müəyyən kəsim bir şəxsin ardıcıl iki dəfədən artıq başqan olmasını yasaqlayan normanı götürməyin, başqa sözlə, ömürlük başqanlığın yolunu “açmağın” tərəfdarıdır. Olsun. Hər kəsin təşəbbüskarlıq göstərmək, öz namizədliyini vermək, kimisə dəstəkləmək və ya dəstəkləməmək hüququ var. Fəqət, qəribəsi odur ki, iddialara görə, nizamnaməyə düzəliş heç də İsa Qəmbərin başqan qalması zərurəti ilə bağlanılmır, post-İsa Qəmbər dönəminə hesablandığı deyilir.
Əlbəttə ki, heç bir konstitusiya, qanun, nizamnamə Quran ayəsi deyil. İstənilən vaxt, daha dəqiqi, milli-ictimai maraqlar diktə etdikdə onların hamısına düzəlişlər oluna bilər və olunmalıdır. Ancaq zəruri bilindikdə! Buradaca mütləq mühüm bir detal unudulmamalıdır – düzəlişə eyni zamanda müasir dünyanın imperativləri nəzərə alınmaqla və geriyə addım niyyəti güdülməməklə gedilməlidir. Yoxsa ki, düzəliş xətrinə düzəliş olacaq və o, qrup-klan maraqlarına xidmət edəcəksə, insan haqlarının fəlsəfəsi ilə uzlaşmayacaqsa, əksinə, avtoritar-totalitar idarəçiliyə yol açacaqsa, ona indidən və fikirləşmədən “yox” demək lazım!
Müsavata gəlincə, daha çox liberal yönümlü təşkilat olan bu partiyada iki dəfə norması, yanılmırıqsa, elə başqanın özündən gəlib və düz də edib. O da yaxşı bəllidir ki, İsa Qəmbər başqanlıdan getməkdə israrlıdır və bu da yenə onun halal haqqıdır, demokratiya, demokratik fəlsəfə ilə uzlaşan mövqedir.
Gerçək bundan ibarətdir ki, inkişaf təşəbbüskarlıqda, yenilikdədir, durğunluqda, ətalətdə, reallıqla barışmaqda yox. Müsavat kimi partiyanın daxili potensialını hərəkətə gətirmək, onu dinamiklik verib təravətli vəziyyətdə saxlamaq, Müsavatın lider sarıdan “qısır” təşkilat olmadığını nümayiş etdirmək üçün başqan dəyişikliyi də vacibdir. Müsavat demokratik qurumdursa, o zaman demokratiyada nə çarə tükənər, nə də ki, əvəzedilməz şəxs problemi yaşanar.
İstənilən halda, ehtiyac yaransa, İsa bəy 4 il sonra yenidən demokratik yolla başqanlığa qayıda bilər, zira, partiyada, ümumən müxalifətdə yaxın illərdə İsa Qəmbər zirvəsinin fəth edəcək siyasi fiqur yoxdur, gözlənilmir. Amma İsa bəyin qalması, yaxud daha betəri, onun yerinə gələcək şəxsin əbədi başqanlığı üçün nizamnaməni dəyişməyin Müsavat adına zərərdən başqa xeyri ola bilməz. O zaman əbədi prezidentlik üçün konstitusiyanı saxta referendumla dəyişib bir nəfərin ömürlük prezidentliyi önündə hüquqi əngəli götürən hakim qüvvə ilə Müsavatın nə fərqi oldu ki?..
Müqayisə bəlkə də qüsurlu olar, Azərbaycanın qanunları, konstitusiyası kifayət qədər ədalətli və normaldır, universal dəyərləri nəzərə alır. Amma bu, mövcud hakimiyyətə onları ayaqaltı etməyə, milli sərvətləri mənimsəməkdə davam etməyə mane olmur. Sabah hakimiyyət dəyişəcək, ola bilsin yeni rejim əksinə, onlara sayğılı olacaq? Sivil dünya çoxdan bu testdən keçib: konstitusiyanı, oyun qaydalarını bir nəfərə yox, bir nəfəri konstitusiyaya (nizamnaməyə, oyun qaydalarına) uyğunlaşdırmaq gərəkdir.
Sözümüzün canı odur ki, problem kağızda deyil, əbədi problem olan təfəkkür tərzindədir. Yaxşı deyiblər, “Niyyətin hara, mənzilin də ora”. Hamımız üçün ifrat diqqətli olmaq zamanı çatıb. Qarşıdakı bir neçə ayda elə edək ki, sözümüzdən tutub Müsavatı qınaq hədəfinə çevirməsinlər. Gözlər Müsavatdadır.
Bu, öyüd deyil, Rəsulzadə işığına toplaşanlardan səmimi bir xahişdir. Müsavat qurultaydan öz adına, şanlı keçmişinə layiq şəkildə çıxmağa borcludur. Və təkcə yeni başqanla yox, həm də yeni və modern düşüncə ilə, daha monolit qüvvə kimi bu mərhələni aşmalıdır.