Cənab prezidentin tapşırığı var, hər kəs idmanla məşğul olmalıdır. 2015-ci ildə Bakımızda 1-ci Avropa Oyunları keçiriləcəkdir. Bu münasibətlə hər kəsi təbrik edirəm, arzu edirəm xalqımız ancaq idmanla məşğul olsun. İdmandan sonra da ancaq çay içsinlər. Sağlam bədəndə sağlam ruh olur.
Uzun sözün qısası, mən də idmanla məşğul oluram – vaxtım olanda qaçıram. Qarşımda duran əsas məqsəd ölkədən baş götürüb qaçmaq, sonra Avropada oturub burdakı əziz camaatımıza dəyərli məsləhətlər verməkdir. Zarafat edirəm, qorxmayın, sizi atıb hara gedirəm? Mənim sizsiz bir günüm olmasın. Adam gərək hər an öz xalqının doğma qoxusunu duysun, metroya minsin, beş qəpiyə görə üzünə durmağa hazırlaşan insanlarla həmrəy olsun. Yaşa, yaşa, Azərbaycan, qadir sovet ellərində! (Sonuncu ayrı yazıdan idi, təsadüfən bura düşdü, siz də özünüzü elə aparın guya görməmisiniz).
Məqsədim haçansa marafon qaçmaqdır. Çünki bunun tarixindən çox xoşum gəlir. Təsəvvür elə, 42 kilometr qaçırsan, düşmənlər üzərində qələbəni camaata xəbər verib ölürsən. Çox romantik ideyadır. Özü də hazırkı Güney problemi baxımından, farslar üzərində qələbə söhbətinə görə mən marafon qaçışına böyük inamla yanaşıram. Görək nə olur.
İndi nəhayət keçim başıma gələn əhvalata, yoxsa əziz oxucular qaçıb gedəcəklər başqa cızmaqaraları oxumağa.
İki gün qabaq yaxınlıqdakı istirahət və mədəniyyət parkında qaçırdım. Burada yenə bir zəruri haşiyə çıxım və park haqda da uca, sevgili xalqıma məlumat yetirim. Həmin park cənab prezidentin 2012-ci il, 13 aprel, 1126 saylı sərəncamı ilə əsaslı surətdə təmir edilmişdir, hər bir nöqtəsinə daş əkilmişdir. Ümumən, biz dünyada yeganə dövlətik ki, hətta parkda skameykanı rəngləmək üçün də gərək ayrıca sərəncam olsun, yoxsa iş yerimir. Təkcə rəngləmək deyil, o cümlədən hansı skameykada kim oturmalıdır, semiçka qabığını hara atmalıyıq, yelləncək işlədənə hər yellənməyə görə neçə qəpik tarifi nəzərdə tutulur, ağacın dibində qızı öpərkən polis yaxınlaşsa “ASAN-xidmət”dən arayış lazımdırmı və sairə – bunlar hamısı üzrə müvafiq sərəncamda maddələr yazılır, xərclər Nazirlər Kabinetinə tapşırılır, Artur müəllim 3 ay ərzində bunların hamısını işləyir. Ancaq bizim parkda mədəniyyət hissəsinə nə aiddir, bunu mən hələ ayırd edə bilməmişəm. İstirahət var, buna söz yox. Bəs parkın adındakı “mədəniyyət” sözü nədir? Parkımızda mədəniyyət yoxdur. Nə üçün parkda sirk ustalarının, Bakı Şəhər İcra Hakimiyyətinin, səyyar musiqiçilərin konsertləri, saqqallı rəssamların sərgiləri nümayiş etdirilməsin? Söz əlaqədar təşkilatlarındır.
Hələ burda qalan səbirli oxucular varsa, onlara mövzunun ardını yazıram. Səhər vaxtı şirin-şirin qaçıram, özü də musiqi dinləyirəm, necə deyərlər, tam nirvana vəziyyətindəyəm. Onuncu kilometrin ortalarında (inanmayan daşa dönsün) bir də görürəm parkın gözəl, baş daşına oxşayan daşlarından birinin arxasından 40-50 yaşlarında, eynəkli, buna görə də ziyalıya və AYB üzvünə oxşayan bir şəxs çıxdı, başladı nəsə deyə-deyə, əliylə işarə edərək mənimlə yanaşı qaçmağa. Açığı, ilk anda elə bildim dəyərli oxucularımızdan biridir, avtoqraf istəyir, ona görə dedim, bağışla, bu saat qələm üstümdə yoxdur. Ancaq qardaş təkidlə qaçmağa davam edəndə qulaqcığı çıxartdım, dayanmadan soruşdum ki, nə istəyir. Cavab fantastik idi: “Bir manat ver də!” Sən demə, bu yoldaş, əlim də gəlmir o ziyalı görkəmə aid eləyim, dilənçi imiş! Həyatımda ilk dəfə idi qaça-qaça, idman eləyən adamdan pul istəyən şəxs görürdüm. Əhvalat o qədər xoşuma gəldi, dünyada analoqu olmayan bu hadisəyə görə Prezident Administrasiyasına, yaxından uzaqdan əziyyət çəkib bu yazını oxuyan hər kəsə minnətdaram!
Təəssüf ki, qaçanda adətən cibimdə pul olmur, o üzdən 1 manatı verə bilmədim. Buna görə isə özümü şiddətlə qınayıram.