Mübahisənin yeri yoxdur: Müsavatın başqanı müsavatçı olmalıdır. Onun hansı millətdən, etnik qrupdan olması fərq etməz. Məsələ bu qədər bəsitdir və mübahisə predmeti olmağa layiq deyil.
Həm də bu, təkcə Müsavata aid deyil, dünyəvi dəyərlərə, demokratik prinsiplərə önəm verən istənilən partiyaya, eləcə də dövlətə aiddir.
Bir də əsas məsələ odur ki, başqan (prezident) olacaq şəxs komanda formalaşdırarkən, rəhbərliyinə seçildiyi orqanı idarə edərkən öz seçdiklərinin hansı millətdən, etnik qrupdan olması arasında fərq qoymasın.
Əks təqdirdə, alınmayacaq, söz-söhbət başlayacaq və idarə olunması çətinləşən bir durum yaranacaq. Çünki etnik azlıq nümayəndələri də hansısa bir idarəedici qurumun nüvəsində çoxluq təşkil edərlərsə, bu, balansın süni şəkildə pozulması deməkdir.
Üzvü olduğumuz Avropa ailəsində millətçi şüarlarla heç bir uğur qazanmaq, Avropaya, demokratik dünyaya inteqrasiya olunmaq mümkün deyil.
Bariz bir nümunə: 10-12 il əvvəl Avstriyada parlament seçkilərində böyük səs üstünlüyü ilə qalib gələrək hökumət qurmaq imkanı əldə etmiş millətçi (daha dəqiqi, açıq faşizm ideyaları təbliğ edən) partiyanın sədri bir gün belə baş nazir ola bilmədi. Bütün Avropa dövlətlərinin göstərdiyi təzyiq nəticəsində o, geri çəkilməyə məcbur oldu.
Bütün bu cür söz-söhbətlər seçki ehtirasından doğur. Seçki elə bir şeydir ki, insanlar adi, ənənəvi, normal düşüncə tərzinin çərçivəsindən kənara çıxır, ehtiraslara qapılır, harasa seçilməyi ölüm-qalım məsələsinə çevirirlər. Bu zaman qarşılıqlı əks-təbliğat, qara piar elementləri müşahidə olunur, yalan vədlərə, iftiraya əl atıldığı olur.
On illərlə eyni partiyada çiyin-çiyinə, ən ağır şərtlər altında fəaliyyət göstərən siyasi fərdlər belə bir gün rəqibə çevrilərkən aralarında gərgin münasibətlər yaranır.
Öz partiyasının üzvündən düşmən düzəltmək ənənəsinin tarixi qədimdir. Məsələn, çoxlarımızın orta məktəbdə dərs kimi keçdiyimiz Kommunist (bolşeviklər) Partiyasının tarixi bu baxımdan çox zəngindir. Stalin hakimiyyətini möhkəmlətmək üçün minlərlə silahdaşını, partiya yoldaşını sözün birbaşa mənasında məhv edib.
Elə ən yeni tariximizdə də partiyadaxili intriqalara dair çoxlu faktlar tapmaq olar. Bir təşkilat (məsələn, AXC), bir partiya daxilində “hakimiyyətə gəlmək”, söz yiyəsi, idarəedici olmaq üçün nə qədər intriqalar, qovğalar yaşanıb, parçalanmalar baş verib.
Əslində müəyyən qədər də o cür “qırğınlar”ın yaratdığı əlverişsiz mühit üzündən oldu ki, AXC-Müsavat hakimiyyəti süquta uğradı və onların qurmaq istədikləri gənc dövlət YAP-ın pəncəsinə keçdi. Budur, 21 ildir ki, YAP köhnə Kommunist Partiyası kimi, öz daxilində təfriqəçiliyə, fraksiyaya, hər hansı bir intriqaya yol vermədən, sırf inzibati-amirlik metodu ilə özünü də idarə edir, dövləti də.
Əlbəttə, bu, düzgün idarəetmə forması deyil. YAP-da demokratiyadan, ədalətli seçmədən, yeni nəfəsdən, təşəbbüskarlıqdan əsər-əlamət yoxdur. Partiya dediyin qaynar qazan kimi olmalıdır. Amma o dərəcədə də qaynar yox ki, üstü qaynayıb daşsın, dibi yansın.
Hazırda Müsavatda seçki ehtirası partiya çərçivəsini aşaraq ictimaiyyətin diqqətinə təqdim edilmiş durumdadır. Bu, bir çox yerlərdə müzakirə predmetinə çevrilib. Bir tərəfdən, bu təbiidir, bir ana müxalifət partiyasının rəhbərliyindəki dəyişiklik ciddi məsələdir, 1 ildən sonra xalq növbəti seçki üçün sandıq başına gedəndə onsuz da yeni adları çox eşidəcək.
Ancaq seçki ehtirasına qapılaraq vəziyyəti o yerə çatdırmaq da lazım deyil ki, xalq tərəflərin hər ikisindən narazı qalsın.
Bundan başqa, yarışma elə olmalıdır ki, seçki ehtirası səngiyəndən sonra bir tavanın altında yenidən çiyin-çiyinə mübarizə aparmaq mümkün olsun.
Bir də bütün enerjisini öz qrup liderinin partiya başqanı seçilməsinə sərf etməyə hazır görünənlər bilməlidirlər ki, indiki şərtlərlə, Azərbaycan tipli ölkələrdə ana müxalifət partiyasının rəhbəri olmaq adama hər hansı bir imtiyaz vermir, əksinə, bu gedib topun qabağında durmaq, cibinə nəşə atılmaq riskinə, Kürdəxanı təcridxanasına yaxınlaşmaq deməkdir.
Müxalifət partiyasının lideri seçilmək hakim partiyanın rəhbəri olmaqla eyni deyil, müxtəlif məşəqqətlərə qatlaşmaq deməkdir. Ona görə də bir qədər təmkinlə, soyuqqanlılıqla yarışmaq gərəkdir.