Əməkdar artist Suğra Bağırzadənin Milli.Az-a müsahibəsi.
– Suğra xanım, artıq uzun illərdir ki, sənətdəsiniz. Amma son zamanlar sizi filmlərdə az-az görürük. Bu nə ilə əlaqədardır?
– Bunun müəyyən səbəbləri var. Seriallardan və filmlərdən dəvət alıram, ancaq əksər hallarda ssenari və rejissor işi məni qane etmədiyinə görə çəkilməkdən imtina edirəm.
– Sonuncu dəfə nə vaxt kamera qarşısına keçmisiniz?
– Bu yaxınlarda Ramiz Fətəliyevin filmində çəkilmişəm. Ancaq hələ heç bir televiziya kanalında yayımlanmayıb.
– Sizi həmişə gözəl və baxımlı görmüşük. Maraqlıdır, əvvəllər necə geyinirdiniz? Geyim tərzinizdə valideynləriniz tərəfindən sizə sərbəstlik verilirdi?
– Bizim evdə geyim barədə bir problem olmayıb. Həmişə dəblə geyinmişik. Hətta atam özü bizim zövqlə geyinməyimizin tərəfdarı idi. Nəinki valideynlərim, heç həyat yoldaşım da mənə bir dəfə də olsun deməyib ki, onu geyinmə, bunu geyin. Amma bu o demək deyil ki, açıq-saçıq geyinirdim. Mən heç vaxt aşırı dərəcədə açıq geyimlərdən istifadə etməmişəm.
– Bəs özünüz necə, qızlarınızı bu baxımdan “azad buraxmısınız”?
– Mən də onlara heç bir qadağa qoymamışam bu vaxta qədər. Necə istəyiblərsə, elə də geyiniblər.
– Çox gənc yaşlarınızdan etibarən filmlərdə çəkilməyə başlamısınız… O vaxt aldığınız qonorarla indi ödənilən qonorar arasında nə qədər fərq var? Artıb, yoxsa azalıb?
– İnanın, mən o vaxt o qədər pul alırdım ki, haraya xərcləyəcəyimi bimirdim (gülür). İşimizin müqabilində çox yaxşı qonorar alırdıq. Qazandığım bütün pulları anama veriridim. Xoşlayırdım ona pul verməyi.
– Bir çox aktyorla tərəf-müqabili olmusunuz. Ən çox kiminlə işləməkdən zövq alırdınız?
– Mənim üçün ən yaddaqalan tərəf-müqabillər Muxtar Maniyev və Fuad Poladov olub.
– Bir ara sizi kliplərdə çox görürdük. İndi niyə ara vermisiniz?
– Bəli, bu da bir zamana qədər oldu. Sonuncu dəfə Faiq Ağayevin klipinə çəkildim. Nə bilim, yəqin ki, yaş artıq yavaş-yavaş öz sözünü deyir (gülür).
– Ümumiyyətlə, fikrinizcə, indi neçə yaşlı bir xanım obrazını oynaya bilərsiniz?
– Hal-hazırda maksimum 45-50 yaşlı bir qadın canlandıra bilərəm. Ana, nənə, qaynana və s. kimi obrazları canlandıra bilərəm.
– O vaxtlar çox məşhur idiniz. Rejissorlar sizin kimi gözəl surətə malik olan bir aktrisanı “çıraqla axtarırdılar” bəlkə də… Heç xarici dövlətlərdən işləmək təklifi almısınız?
– Bəli, getdiyim ölkələrin bir çoxundan təkliflər almışam. Amma ailəmi burada qoyub hansısa xarici bir ölkədə yaşaya bilməzdim. Ona görə də aldığım bütün təklifləri geri çevirirdim.
– Xarici filmdə də çəkilməmisiniz?
– Bir dəfə çəkilmişəm. Braziliyadan olan bir rejissorun filmində rol almışam. Həmin filmdə Muxtar Maniyevlə tərəf-müqabil olmuşdum.
– Həmin film nümayiş olunmadı?
– O filmə heç mən özüm də baxa bilmədim (gülür).
– Gəncliyinizdə güzgüyə baxanda nə düşünürdünüz?
– Özlüyümdə bilirdim ki, gözəl qadınam. Amma bu gözəlliyimdən heç vaxt sui-istifadə etməmişm.
– Gəncliyinizdə nəyi itirdiniz?
– Vaxt. Kaş ki, o vaxt atamın sözünə qulaq asmazdım, sənətə vaxtında gələrdim.
– Gözünüzün içinə düz baxa bilməyənlər var?
– Mən hamının gözünə düz baxıram, yəqin ki, mənim gözümün içinə düz baxa bilməyənlər var. Onlarla da ki, üzbəüz əyləşmirəm.
– Öz həyat yoldaşı ilə indiyə qədər birlikdə olan azsaylı incəsənət nümayəndələrindən birisiniz. Aranızda nə qədər yaş fərqi var? Artıq neçə ildir ki, bir yerdəsiniz?
– Qırx ildən çoxdur ki, ömür-gün yoldaşıyıq. Aramızda elə də yaş fərqi yoxdur. O məndən altı ay kiçikdir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.