Heroin ölkəmizə daha artıq çəkidə daxil olub; Aran rayonlarının birində saflaşdırılıb, Sumqayıtda qablaşdırılıb!
Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) məlum antiheroin əməliyyatından 20 gün ötdü. Bu əməliyyat Qafqaz respublikaları üzərindən daşınan və ələ keçən fantastik qiymətdə, rekord çəkidə olan narkotik partiyası idi – 2 ton 790 kiloqram saflaşdırılmış əfqan mənşəli heroin! Azərbaycan ərazisinin Əfqanıstandan Avropaya uzanan narkotik yolunun bir hissəsi olması ən müxtəlif beynəlxalq təşkilatların hesabatlarında yer alıb. Ölkəmizin yerləşdiyi coğrafi ərazi Azərbaycanı narkomafiya üçün çox önəmli bir məkana çevirib. Yerli məmurlar da bu faktı təkzib etmirlər. Narkoyol zəncirinin bir halqası da qonşu Gürcüstandır. İllərdir ki, narkomafiya Əfqanıstandan İrana, İrandan ölkəmiz üzərindən Gürcüstana, oradan Türkiyə üzərindən keçirməklə Avropaya “ağ ölüm” daşıyır. Ümumiyyətlə isə narkotiklərin daşınmasında şimal və cənub marşrutu var. Həmin marşrutlar bunlardır: Əfqanıstan-İran-Azərbaycan-Gürcüstan-Avropa. Əfqanıstan-Orta Asiya-Azərbaycan-Gürcüstan-Avropa. Əfqanıstan-İran-Azərbaycan-Rusiya-Avropa. Əfqanıstan-İran-Dağlıq Qarabağ-Ermənistan.
Beynəlxalq narkotrafikin mühüm zənciri olan Azərbaycanda bir neçə narkotik saflaşdırma məntəqəsinin varlığı haqda ötən illərdə yazılar dərc etmişik. Son məlumatlara görə Gürcüstanda tutulan yükün çəkisi Azərbaycana daxil olarkən artıq olub! Həmin yükün bir hissəsinin ölkəmizdə qaldığı və saflaşdırıldığı iddia olunur. Saflaşdırma ərazisi kimi Aran rayonlarından biri, yükün təkrar qablaşdırma ərazisi kimi isə Sumqayıt şəhəri göstərilir. Qeyd olunur ki, narkomafiyanın Azərbaycanda olduğu kimi Gürcüstan ərazisində də dayaq məntəqələri var. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) narkotiklərin qanunsuz dövriyəsinə qarşı idarədə məsul vəzifə tutmuş, hazırda təqaüddə olan Arzu Nağıyev “Yeni Müsavat”a müsahibəsində demişdi ki, Gürcüstanda da belə məntəqələr var: “Gürcüstan həmin yükü harada tutulmasını açıqlamır. Niyə? Həmin yük Azərbaycan ərazisindən daşınanda bir adda, Gürcüstanda tutulanda isə başqa adda olub. Həmin yükün adını, daşındığı qablar üzərindəki etiketləri kim dəyişib? Ola bilsin ki, Gürcüstanın ərazisində “perevaloçnı punkt” (keçid, tranzit məntəqəsi) var! Yəni Azərbaycandan başqa mal aparılıb və həmin yükün “perevaloçnı punkt”da tərkibi dəyişdirilib, üzərinə başqa malın etiketləri vurulub. Gürcüstan polisi həmin malı Türkiyə ilə sərhəddə tutub. Yəni Azərbaycan sərhədini keçən kimi tutmayıblar. Həmin maşın Gürcüstan ərazisi ilə on kilometrlərlə yol gedib. Həmin marşrut üzərində “perevaloçnı punkt”un olmasını istisna etmirəm. Azərbaycan sərhədində heç kim o boyda partiya heroini buraxmaz” – deyə Arzu Nağıyev bildirmişdi.
A.Nağıyev bu məqama təsadüfən toxunmur. Mümkündür ki, o, konkret məlumata əsaslanaraq belə bir fikir söyləyir. Belə olan halda narkoşəbəkənin Gürcüstan ərazisində ölkəmizdə olduğu kimi qüsursuz çalışa bilməməsinin səbəbi nədir? Məlumdur ki, narkomafiyanın ərazisindən narkotik daşıdığı ölkələrdə güclü himayəçiləri olur. Azərbaycan da, Gürcüstan da bu baxımdan istisna deyil. Gürcüstanda məlum əməliyyatın baş tutmasının göz önündə olan səbəblərindən biri və ən əsası hakimiyyət dəyişikliyi, əsas postlara yeni kadrların təyin olunması, bu Qafqaz ölkəsinin okeanın o tayından idarə edilməsidir. Sonda bir məqama da toxunaq. Rəsmi məlumatlara görə 1 kiloqram heroinin qiyməti 60 min dollardır. Həmin rəqəmi 2 ton 790 kiloqrama vursaq 167 milyon 400 min dollarlıq heroinin cəmi 1 maşınla ölkəmiz ərazisindən keçdiyini görürük. Narkomanlar arasında “Tanrının göz yaşı” adlandırılan bu yükün Azərbaycan ərazisindən sərbəst keçməsi, heç şübhəsiz ki, böyük pullar hesabınadır. Və bu çirkli paranın sıradan bir narkobaronun cibinə axması sadəcə inandırıcı deyil. O səbəbdən ki, həmin narkobaronun yükün hüquq mühafizə orqanlarının əlinə keçməyəcəyinə qarantiya verməsi 167 milyonluq həmin yükün daşınmasından hansı vəzifəlinin və neçə faiz alması, qazanması sualı bu gün də açıq olaraq qalır.
Xatırladaq ki, iyulun 11-də Gürcüstan Daxili İşlər Nazirliyi beynəlxalq narkotrafikin qarşısının alınması haqda rəsmi məlumat yayıb. Bəlli olub ki, Azərbaycandan Gürcüstan ərazisinə daxil olan yük maşınında 2 ton 790 kiloqram “maye heroin” tutulub. Gürcüstan güc strukturlarının əməkdaşları avtomaşının yük yerində içərisində heroin olan 93 ədəd 30 kiloqramlıq çəllək aşkar ediblər. İki nəfər Gürcüstan vətəndaşı saxlanılıb.
MUSAVAT.COM