Leyla Yunus və Arif Yunusun “dövlətə xəyanət” maddəsi ilə ittiham olunması bir daha bu maddəyə diqqətimizi yönəltdi. 90-cı illərdə yapistlər xalqımıza işgəncə vermək istəyəndə “vətənə xəyanət” adlı maddədən istifadə edirdilər. Sonradan bunun adı dəyişdirildi, indi “dövlətə xəyanət” şəklindədir. Hakimiyyətin xoşu gəlməyən bir çox şəxslərə yapışdırılıb.
Ancaq hesab edirəm Cinayət Məcəlləsində bu, çox mənasız, irticaçı, vaxtı keçmiş bir maddədir. Dövlətə xəyanət o qədər yayğın, bir az da romantik anlayışdır ki, bunun içinə istənilən söhbəti dürtüşdürmək mümkündür. İnsanı casusluqda şərləsinlər, dövlət əmlakını xarici şpionlara satmaqda suçlasınlar, nə bilim, cibinə narkotik atsınlar – bunların hər birində hansısa məzmun var. Dövlətə xəyanət isə çox düşük söhbətdir. Dövlət bəyəm insanla ər-arvad münasibətləri qurur ki, sonra onu pozanları tutur? Sən zəhmət çək, yoldaş Dombalanskiyə əmr elə, normal bir maddə tapsın.
Yeri gəlmişkən, bu “dövlətə xəyanət” qədim Romada yaranmış bir hüquqi anlayışdır, sonradan orta əsr Avropa dövlətlərində də krala, hökmdara xoş gəlməyən insanları öldürmək üçün istifadə edilib. Dövlət deyərkən kralı nəzərdə tutublar. Sonra Avropa dövlətləri bu axmaq maddədən imtina ediblər. Keçmiş SSRİ-də bu maddə ən populyar maddə idi, rejimin xoşu gəlməyən minlərlə insanı bununla öldürüblər. İndi də Rusiya, Azərbaycan, Şimali Koreya kimi postkommunist rejimlərdə dövlətə xəyanət aktual ifadədir.
Hazırda normal dünya dövlətlərindən demək olar heç birinin qanunvericiliyində qalmayan bu maddə, maraqlıdır ki, ABŞ-da hələ saxlanılır. Amma necə? Amerikada “dövlətə xəyanət” yeganə cinayət maddəsidir ki, bunun necə deyərlər, təfsirini birbaşa konstitusiyaya yazıblar. Sadə səbəbdən: məhkəmə hakimləri, prokurorlar, dövlət bu maddədən vətəndaşlara qarşı kefi istəyən kimi yararlana bilməsin! Təfsir (açıqlama) isə belədir ki, yalnız Amerikaya qarşı müharibə elan edən şəxs xain sayılır. İkinci Dünya Savaşından bəri – son 70 ildə ABŞ-da “dövlətə xəyanət” maddəsi ilə… cəmi 1 nəfər suçlanıb: “Əl Qaida” üzvü Adam Qadan adlı şəxs. O da qiyabi ittihamdır, yanılmıramsa Qadan heç tapılmayıb, hardasa Əfqanıstan dağlarında sülənir.
Ancaq yenə yazıram, Azərbaycan, Rusiya kimi ərazilərdə hər il xeyli insan dövlətə xəyanətdə suçlanır. Adamı yandıran da odur ki, barı dövlət də bir dövlət ola… Böyük hissəsini düşmən tutub, qalanı da YAP-çıların əlindədir. Misal üçün, biri var adamı Monika Beluççiyə xəyanətdə suçlayalar, biri də var İlhamə Quliyevaya. Fərqli hisslər deyilmi? İkinci daha sarsıdıcı, işgəncəli, ağır deyilmi? Söhbət budur.
Leyla Yunus və Arif Yunusun bu maddə ilə suçlanmasına gələndə, burda absurd gözə girir. Hətta onlara casusluq ittihamı da yapışmır, çünki hər hansı dövlət sirrinə çıxışları olmayan, o cümlədən dövlət orqanı qarşısında öhdəlik götürməmiş şəxslərdir. Ancaq gəlin MTN və Baş Prokurorluğun dünənki gülünc bəyanatından bir cümləni oxuyaq və hələlik zövq alaq. Şəxsən mən bu uzunluqda cümləni quraşdıran müstəntiqin beynində bağırsaq partlaması (qrıja) yaranmasından qorxuram, adama yazıq olub, Anadolu türkləri demiş. Buyurun: “Eyni zamanda Leyla və Arif Yunusovlar hələlik adları açıqlanmayan ayrı-ayrı Azərbaycan Respublikası vətəndaşlarını da məxfi əməkdaşlığa cəlb edilmələri üçün Ermənistan xüsusi xidmət orqanının nümayəndələri ilə əlaqələndirərək, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplanılması, işğal altında olan torpaqlarımızın azad edilməsi müqabilində Dağlıq Qarabağdakı qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar”. Burdakı başqa şəxslərə də torba tikmə hazırlıqları mesajı bir yana, bunun özü nə deməkdir? Dağlıq Qarabağı tanıyıblar? Əgər zövq almadınızsa, axırını bir daha oxuyun: “Qondarma rejimin müstəqilliyinin tanınmasının zəruriliyinin təbliğ edilməsi barədə onlara konkret tapşırıqlar verilməsi ilə üzərinə düşən vəzifəni başa çatdırıblar”. Üzərlərinə düşən vəzifə tanınmağın zəruriliyinin təbliği olub, yoxsa konkret tapşırıqların verilməsi? Belə cümlə qurmaq dövlətə sədaqətdir?
Sonda onu deyim ki, heç Monika da düzgün arvad deyil, o cür bazburutlu aktyor əri Vensan Kasseli qoyub Telman İsmayılov tipli idiotlarla aşnalıq edirdi. Axırda da boşandılar.