Hamı bilirdi ki, cinayət işi açılıb, Leyla Yunusu istintaqa cəlb ediblər, sorğu-saul edirlər, köməkçisini axtarırlar, ərini hədələyirlər, bank hesabını dondurublar, özünü izləyirlər, amma yenə də heç kəs inanmırdı ki, onu tutarlar.
Bir çoxları söz düşəndə deyirdilər ki, onu yekə yerdən tapşırıblar, Fransa prezidenti Olland Əliyevə ağız açıb, ona görə də, xanım Yunusu bir az qorxudacaqlar, incidəcəklər, amma tutmayacaqlar.
Al, sana Ollandın tapşırığı, hollandların dəstəyi… xanım artıq həbsdədir.
Yox, ölkə ictimaiyyəti bu xəbərdən şoka düşmədi. Allah tərəfi, başqa vaxt yel vurub hansısa müğənninin rübəndini atması və bədəninin bir yanının görsənməsi halını xəbər edən, xəbəri “Şok! Şok! Şok!” başlığı ilə verən saytlar da ölkənin bir nömrəli hüquq müdafiəçisinin, xalq hərəkatının ilk liderlərindən birinin həbs olunmasını “şok xəbər” kimi vermədilər. Ümumiyyətlə, bu xəbər ölkədə faciə kimi qarşılanmadı. Çünki biz belə həbsləri çox görmüşük.
Amma beynəlxalq təşkilatlar ya doğrudan da şoka düşüblər, ya da özlərini şoka düşmüş kimi aparırlar. Hələ bilmək olmaz, prezident Olland nə günə düşüb. Bu saat hamısı sərt bəyanat hazırlayır. Gözləmirmişlər. Elə bilirmişlər, bizim ölkəmizdə də hər şeyin bir əndazəsi var, siyasiləri, gəncləri tutmaq olar, amma hüquq müdafiəçilərini olmaz.
Əlbəttə, soyuqqanlı avropalılar bizim nə dərəcədə hirsli olduğumuzu, “nervilənəndə” qəti qərarlar vermək qabiliyyətimiiz bilmirlər. Bilsələr, bu cür haqq-hesablar baş verəndə şoka düşməzlər, başa düşərlər, bilərlər ki, bizim xasiyyətimiz bu cürdür, şəxsimizlə söz güləşdirilməsini sevmirik, biri sözümüzün qabağında söz deyəndə, haqq-ədalətdən danışanda hiddətlənirik. Axırı da belə olur.
İctimai-siyasi fəallarımız isə, maşallah, daha aktivdirlər, hər bir həbs xəbərinə anındaca reaksiya verdikləri kimi, Leyla Yunusun da həbsinə operativ təpki verməkdədirlər.
Bir xanım sosial şəbəkədə yazır: “Leyla Yunusu həbs etdiyinə görə hakimiyyəti qınayıram…” Qeydin burasına qədər oxuyursan və avtomatik olaraq beynində bu cür cəsarətli, obyektiv vətəndaş mövqeyi sərgiləyən şəxs barədə minnətdarlıq duyğuları oyanır və dərindən nəfəs alaraq, statusun mabədinə baxırsan və görürsən ki, xanım fikrini bu cür bitirib: “Yox, ona görə yox, ona görə ki, onu həbs etməyi gecikdirib”.
Afərin! Heç demə, hakimiyyət Leyla Yunusu daha öncələr, məsələn, 1998-də, 2008-də, heç olmasa cari ilin əvvəlində həbs etsəymiş, daha çox savab qazanarmış. Bu cür obyektiv və operativ vətəndaş mövqeyi sərgiləyənlərin sayəsində biz əvvəl-axır xoşbəxt olacağıq, görərsiniz. Nazim Hikmət demişkən, gözəl günlər görəcəyik, cocuqlar. Daha dəqiqi, görəcəksiniz, biz gördüyümüzü görmüşük.
Başqa biri isə həbs xəbərinin altına şərh yazıb göndərib: “O anası ermənini düz eləyib tutublar”.
Demək, bu yarlıq az qala L.Yunusun vikipedisinə də yazılacaq. Budur, xanım 25 ildir anasının erməni olmadığını ha sübut edirsə, xeyri olmur, hər dəfə yeni bir dalğa gəlir. Birincisi, heç kəsi anasının erməni olmasına görə tutmaq olmaz, ona görə ki, adamın anası ermənidirsə, atası da azərbaycanlıdır. İkincisi, konstitusiyamızda “anaları bizimlə müharibə vəziyyətində olan xalqın nümayəndəsi olan insanların toxunulmazlıq hüququ məhdudlaşdırılır” qeydi yoxdur. Hətta belə bir cinayət növü (bir qrup şəxslə əvvəlcədən əlbir olaraq anasının erməni olmasından sui-istifadəyə görə) Cinayət Məcəlləsində də yoxdur. Üçüncüsü, anası, arvadı, sevgilisi erməni millətindən olmağa qalsa… onda gərək Qasım kişi danışmasın, çünki onun da dilini gödək eləyən şeylər var (“Qatarda” tamaşasından).
Yazının sonunda Leyla Yunusla bağlı bir gülməcənin də yeri gəlir. Deyilənə görə, bir gün Yaşar Türkazər dünyaca ünlü və mübariz qadınlar barədə danışarkən deyib: “Adamın arvadı olanda da Benəzir Bhutto, Tansu Çillər, Marqaret Tetçer, heç olmasa, Leyla Yunus kimi arvadı ola…”
Yaşar belə deyərkən, onu nəzərdə tutub ki, bu cür güclü qadınlar məşhur dekabristlərin xanımları kimi yeri gəlsə Sibirə də gedə bilərlər. İndi Arif Yunus o güclü qadınlardan biri olan, türmədən “n” qədər dustaq çıxaran Leyla Yunusa sovqat aparacaq.