Yerli TV rəhbərləri niyə elə düşünürlər ki, rəhbərlik etdikləri televiziya efirinin onların kimliklərinə heç bir dəxli yoxdu? Belə ola bilər?
Birbaşa dəxli var!
Adicə bir restorana girəndə ortamdan bilirsən buranın rəhbəri hansı yuvanın quşudu, necə adamdı, zövqü nədi. Rəhbərlik etdiyiniz efir də sizin sifətinizdi, orda baş verənlərə cavabdeh də sizsiz, xislətinizi, kimliyinizi, içinizi, üzünüzü, mahiyyətinizi ifadə edir sizin efir. Hər detala görə milyonlarla insanın qarşısında məsuliyyət daşıyırsız. Şəxsən mənə yüz il qala bütün yerli TV lər topdan gərək deyil. Arabir peşəkar gözüylə baxıram, vəssalam.
Bədbəxtlik odu ki, bu TV lər mənim ölkəmi təmsil edir dünyada. Dünya izləyicisi baxıb məmləkətim, xalqım, ziyalım, sənətçim, siyasətçim haqda bilgi əldə edir. Məişətimi, adətimi, milli düşüncəmi öyrənir o monitordan. Elə bilirdik rus xalqı üçün ailə qaydaları zadı yoxdu. ORT-nin ” Davay pojenimsya” (Gəl evlənək) proqramını, ora gələn seçilmiş iştirakçıları, işi-gücü, hobbisi, dil bilikləri olanları, qadın-kişi ilişkisində nəzərə aldıqları dəyərləri görəndən sonra fikrimiz dəyişdi. Bəlkə də elə deyil, ancaq televiziya öz xalqı haqda belə fikir formalaşdırır. Örnək göstərir, belə olmalıdı deyir. Effekti də super olur.
Bizimki deyir, ailə böyük dəyərdi, müqəddəsdi. Efirə cahil, dünyada heç bir marağı, sənəti, işi olmayan avara bir arvadı çıxarır, arvad agzının köpüyü dağıla-dağıla başını götürüb qaçan, ilim-ilim itən ərini televizorda axtarır. Şuşanın itirilməsi günü, matəm günü “xalq artisti ” çağırır proqrama, qadın tövşəyə-tövşəyə studiyaya girib bütün Azərbyacan xalqını bayram münasibəti ilə təbrik edir. Nə deməkdi axı bu?!
Elə təəssürat yaranır sanki kimsə toy kassetini efirə verib gedib istirahətə .
Elə təəssürat yaranır sanki dəlixanadayıq.
Görmüşük ki, çaxnaşma, savaş, dava olan ôlkələrdə ilk xəbərləri TV lər verir, online çalışırlar. Biz Turkiyədə baş verən olayları onların TV lərindən izləyirik. Saytlarına baxmasaq bele bilirik orda nələr baş verir. Rusiyalı jurnalist Əl-Cəzirə telekanalının baş direktorundan soruşur ki, dünyaca uğur qazanmağınıza səbəb nədi? Adam deyir, biz xəbərdən qorxmuruq.
Bizim telekanallar xəbərdən qorxur.
Deyək ki, bərk-bərk tapşırılıb ki, qəti ölkədə baş verən neqativ informasiyanı cəmiyyətə ötürməyin. Bunun qarşılığında millət yas içində olanda oppanıb – düşüb əsəb oynadın da deyiblərmi?
Demək, Azərbaycanın yazılı mətbuatı olmasa hər şeydən xəbərsiz oturarıq. Cəbhə xəttində əskərimiz şəhid olar, xarici mətbuatdan öyrənərik.
Qınağın bir ucu da saytların payına düşür. Bir televiziyaçı ermənicə mahnı mızıldamışdı, aləmi qatdılar bir-birinə. İndi bu qədər saytda iki nəfər erməni dilini bilən jurnalist tapılmır ki, onların mediasında gedən xəbərləri çevirib yaysınlar görək nə yazır, nə deyirlər bu hadisələr haqqında.
Qınağın bir ucu elə hamımıza düşür. Biz düşmənin dilini bu iyirmi ildə öyrənməliydik.
Onlar bizim dilimizi əzbər bildikləri kimi. Düşməni yaxşı tanımaq lazımdı, çox yaxşı.
Başımızı soxmuşuq ölkəmizə, dünyadan xəbərsiz yaşayırıq.
Qınağın bir ucu da Müdafiə Nazirliyinə düşür. Belə həssas məsələlərdə cəsarətsizlik sərgiləmək olmaz. Xəbəri doğru yaymaq gərəkdi ki, kimin ağlına nə gəldi verməsin.
Hazırlıqlı, tədbirli, nizamlı olmağa borcluyuq ki, üstümüzə bu qədər əskər meyiti gəlməsin. Çünki savaşın başladığını heç kim rəsmən elan etməyib.
Bakıya qar yağanda aləm bir-birinə dəyir. Qara hazırlıqsız olan Bakıda olay olaya qarışır, qəzalar baş verir, tıxac saatları yaşanır, gah sular donur, gah qaz kəsilir. Ancaq bu həna o hənadan deyil.
Atəşkəsin vaxtı bitəndə düşünmək gərək idi, düşmən iyirmi il dayanmadan atəşkəsi pozanda düşünmək gərək idi. Sulh sazişi imzalamağa nail olmayanda düşünmək gərək idi. Indi ha gizlət neçə şəhid verdiyimizi, hazırlıqsız olduğumuz üçün 18 yaşında cor -cocuğu ölümün ağzına atdığımızı, daha çox iflasdı, daha çox batmaqdı, daha pis görünməkdi bunun adı.
Biz – itirilmiş məmləkətin cocuqları, Dərbənd, Tebriz, Irəvan, Borçalı itkisini hələ təzəcə öyrənirdik, Qarabağ ağrısı gəldi bunun üstünə; Bir də Şuşa gəldi. Gəncliyimiz məmur acgözlüyünü izləməklə keçdi, bilmədik nəyin dərdin çəkək.
174 illik atəşkəsin əzabındayıq.
İtirmiş, zorlanmış, öldürülmüş tərəf olmaqdan utanırıq.
Doğruları bilmək haqqımız var.
Neynədik, necə saldırdıq, necə susdurduq, susdura bildikmi?
Niyə öldü bu əskərlər?
Lütfən, “bizə doğru” məlumat verin.
Yalandan, pafoslu vətənpərvər çarxlardan ürəyimiz bulanır.
Bizə xəbər verin, xəbər! Doğru xəbər.