Azərbaycan xalqı haqda pessimist düşünənlərin yanlış fikirdə olduğu bir daha ortaya çıxdı. Hər zaman bu fikirdə olmuşam, indi də bu fikirdəyəm ki, Azərbaycan xalqı qəhrəman xalqdı. Son olaraq bu xalq cəbhədə on beş şəhid verdi. Vətənimizin, xalqımızın, dövlətimizin başı sağ olsun.
Bundan əvvəl də şəhidlərimiz olub, onların da ruhu şad olsun. Ermənilərlə son döyüşlər bir gerçəyi üzə çıxardı. Topxana meşəsində ağacların qırılmasına etirazla başlayan milyonların kükrəməsi ilə nəticələnən vəziyyət hə an yarana bilər. Bu xalq öz taleyini, dövlətini, torpağını qorumağa hazırdır. Bu günlər ərzində gördüyümüz, söhbətləşdiyimiz, danışdığımız adamların birinci sualı, sözü cəbhədəki vəziyyətlə, şəhidlərimizlə bağlı oldu. Hər kəs də Azərbaycanın şəhidlərimizə görə qisas almalı, buna cavab verməli və müharibəyə başlamalı olduğunu deyir. Qürurverci haldı, millət ayaqdadı, torpaqlarının itirilməsi ilə barışmayıb, övladlarının şəhid olmasına biganə yanaşmır, millət olaraq bir qisasçılıq ruhu var.
Həm də xalq bu ruhu dövlətindən, onun rəhbərliyindən gözləyir. Dövlətin rəhbərinin kim olmasından asılı olmayaraq, iqtidarlı-müxalifətli hər kəs bu üzücü xəbərlərdən sonra ən azından bir təsəlli xəbəri gözləyir. Bu da bilirsiz nədir? Cəbhədəki uğurlu əməliyyatlar. Düşmənə layiqli cavab. Bunu etmək lazımdır. Xalq bunu gözləyir, bunu istəyir.
Cəbhədən gələn adi bir uğur xəbəri xalqı ruhlandırır. Azərbaycan ordusunun hansısa bir uğurlu əməliyyatı haqda xəbər xalqa ruh, torpaqlarımızın azad olunacağı haqda bir inam verir. Dünən gün ərzində belə xəbərlər yayıldıqca, insanlarımızın danışığında, baxışında bir dəyişiklik var idi. Avqustun 1-də gələn zənglər, dostların, tanışların səsi də cəbhədən gələn qara xəbər kimi qara idisə, avqustun 2-də Azərbaycan ordusunun cəbhədə uğurlu hərbi əməliyyatlar keçirməsi xəbəri xalqı xeyli ruhlandırmışdı.
İtkilərimiz böyük olsa da, təmasda olduğumuz bütün insanlarımız savaşın davam etdirilməsini, daha da böyüdülməsini, bütün xalqın bu prosesə cəlb olunmasını istəyir. Bunu siyasətçi də, müəllim də, həkim də, sürücü də, alverçi də istəyir. Bəziləri hər nə qədər desə də ki, xalq yatıb, bu yalandı. Xalq oyaqdı, torpağının, dövlətinin azadlığının qorunmasının fərqindədir. Qarabağı da, torpağını da hər şeydən çox istəyir.
Təkcə bir statistika verim. Avqustun 2-də “Yeni Müsavat”ın Musavat.com saytına unikal giriş sayı 105 mini keçmişdi. Yazıların oxunma sayına baxanda görünürdü ki, ən çox oxunan xəbərlər cəbhədən gələn xəbərlərdir.
Son günlərin hadisələri göstərir ki, Azərbaycanın inkişafı, bütövlüyü, torpaqlarını işğaldan azad etməsi, ermənilərə və onun arxasında olan qüvvələrə dərs verməsi xalqla bütünlükdən keçir. Elə xalqın da hakimiyyətdən gözləntisi budur. Bu ölkədə ən böyük LAZIM xalqdır.
Heç olmasa ölkəmiz, torpaqlarımızın azadlığı, şəhidlərimiz üçün xalqla bütünləşmək lazımdır.
Xalq isə göründü ki, onun haqda pessimist olmağa dəyməz, öz ölkəsinə, torpaqlarına sahib çıxmaq gücündədir. Sadəcə bir ruh lazımdı. Təki bu ruh cəbhədən gələn əsgər ölümləri xəbərinə köklənməsin.
Cəbhədən şad xəbərlər eşitmək ümidi ilə.