2007-ci ildə ölkəmizdə həbs edilən jurnalistlərin sayı 10-a çatmışdı. Dünya üzrə tərtib olunan uyğun cədvəlin ən ön sıralarında Çin, İran, Türkiyə, Rusiya ilə yanaşı ölkəmizin də adı vardı.
Qüdrətli dövlətlərin, beynəlxalq təşkilatların hazırladığı hesabatlarda da Azərbaycanın adı başdan keçirdi və ölkə rəhbərliyi buna görə eyzən tənqidə məruz qalırdı.
Sonradan məhbus jurnalistləri iki bir – üç bir buraxdılar.
Amma bu həbslərin ölkə mediasında izi qaldı – 32 sağlam dişinin öndən ikisi-üçü çəkilmiş adam kimi. Bu gün də milli mediamız güləndə və ağlayanda dişinin mırıqları görünür.
O qədər jurnalistin bir neçə ayın içində tutulmasının əsas məqsədi də, belə çıxır ki, elə bu idi: jurnalistika dişsiz olsun, özünüsenzura rejiminə girsin, redaksiya daxilində toxunulmaz adların siyahısını hazırlasın, dərinliklərə varmasın, qəliz araşdırmalara baş qoşmasın, ordan-burdan yazsın, başını girləsin.
Hakimiyyət həyata keçirmək istədiyi bu planın böyük hissəsini reallaşdıra bildi. Hazırda jurnalistikamız, etiraf edək ki, bəlli bir çərçivədə fəaliyyət göstərə bilir.
Müxalif qüvvələrin, tənqidçi jurnalistlərin ram olunmasından sonra növbə müstəqil qeyri-hökumət təşkilatlarına da çatıb.
Bu kampaniya da ötən ilin bu vaxtlarından start götürüb.
O zamana qədər hamı hesab edirdi ki, aktiv müxalifətçiləri, ipə-sapa yatmayan jurnalistləri tutsalar da, hər halda hüquq müdafiəçilərini tutmazlar. Adları üstlərindədir – hüquq müdafiəçiləridir.
Ancaq həm hüquq müdafiəçisi, həm də tanınmış jurnalist olan Pərviz Həşimli həbs ediləndə, məhkəməsində işgəncələrə, fiziki və psixoloji təzyiqlərə məruz qaldığını ictimailəşdirəndə bu illüziya dağıldı. O da bəlli oldu ki, bu, adi həbslərdən deyil, davamı olacaq.
Ötən ilki seçkidən dərhal sonra seçkilərin monitorinqi ilə məşğul olan QHT-nin rəhbəri Anar Məmmədli və onun yardımçısı Bəşir Süleymanlı həbs olundu. Beləcə, “toxunulmaz sektor”un immuniteti aradan qalxdı.
Bu gün həbsdə artıq xeyli hüquq müdafiəçisi, QHT təmsilçisi var.
Yayılan informasiyaya görə, vətəndaş cəmiyyətinin təxminən 300 nəfər təmsilçisi bu və ya digər şəkildə nəzarət altındadır, istintaqa cəlb edilmək üzrədirlər. Bu kampaniya yuxarıdan gələn əmrlə durdurulmasa həbslər davam edəcək.
Məqsəd yenə aydındır: üçüncü sektoru ram etmək, müstəqil QHT-lərin mövcudluğuna son qoymaq, ən azı dişlərini çəkib mırıq qoymaq.
Bunun məhz belə olduğunu bilmək üçün dağa-daşa düşməyə ehtiyac yoxdur. Hədəfdə xaricdən maliyyələşən QHT-lərdir. QHT-lərə Dövlət Yardımı Şurasının xətti ilə maliyyələşən təşkilatlara güldən ağır söz deyən yoxdur. Nə işdirsə, Azərbaycan dövlətindən qrant alan QHT-lərin bütün işləri qaydasındadır, hamısı aydan arı, sudan durudur, amma xarici donorların maliyyələşdirdiyi QHT-lərin işində əyintilər, pozuntular var.
Bu, ona görə belədir ki, QHT Şurasının xətti ilə qrant alanlar artıq islah olunub, nəzarətə götürülüblər, heç bir problem yarada bilməzlər, amma xaricdən maliyyələşənlər müstəqillik davranışlar sərgiləyir, müxtəlif hesabatlar hazırlayır, siyasi məhbusların siyahısını tərtib edir, nüfuzlu beynəlxalq təşkilatlarla təmas qururlar və s.
Bu isə hakimiyyəti narahat edir. Qəbristanlıq sükutunun yaradılmaq üzrə olduğu bir ölkədə adda-budda gələn etirazçı səslər boğulmalıdır – plan, məqsəd budur.
Hakimiyyət hesab edir ki, repressiya dalğasına məruz qalan və boğulan QHT-lərdən sonra ölkədə “ictimai-siyasi sabitliyin” bərqərar olması daha sürəkli xarakter daşıyacaq. Ondan sonra at arğacı, vur qılıncı, dünya da sənindir, dövran da.
Bu niyyətin gerçəkləşməsinə mane olan yeganə faktor Azərbaycanın siyasi baxımdan Avropa ailəsinin üzvü olması və Avropa ölkələrinin, beynəlxalq təşkilatlarının bu cür həbsləri, repressiyanı təqdir etməməsidir. Yoxsa Azərbaycanın Özbəkistan və Türkmənistana çevrilməsinə çox qalmayıb.
Yeri gəlmişkən, müxalifət qüvvələrinin son 20 ildə uğur adına qeyd edə bildikləri təkcə bu idi: “Öz mövcudluğumuzla ölkənin Özbəkistana dönməsinin qarşısını almışıq”. Artıq bu nailiyyət də əldən çıxmaq üzrədir.