Öz xalqını və dövlətini silahla qoruyan milli ordular bəzən öz daxilindəki silahlı insidentlərlə gündəmə gəlir. Orduda yaxud ayrı-ayrı hərbi hissələrdə mövcud olan nizamnamədənkənar yazılmamış qanunlar, nəzarətsizlik, hərbi qulluqçuların fərdi mənəvi-psixoloji durumları, gənclik maksimalizmləri və s. amillər bəzən əsgərin öz silah yoldaşlarını kütləvi şəkildə qətlə yetirməsinə yol açır. Belə faciəvi hadisələrə sabit tendensiya kimi bütün dünya ölkələrində periodik olaraq qeydə alınır. Modern.az dünya ordularındakı ən qanlı silahlı insidentlərin siyahısın təqdim edir.
Arkanqergen sərhəd postunda qətliam (Qazaxıstan) – 15 ölü.
2012-ci il mayın 30-da Qazaxıstanın Çinlə sərhəddə yerləşən Arkanqergen sərhəd postunda 14 hərbi qulluqçunun və ərazidə ov edən bir nəfərin yanmış cəsədi aşkar olunur. İyunu 5-də sərhəd postunun şəxsi heyətindən yalnız bir nəfər, milliyyətcə rus Vladislav Çelax yaxınlıqdakı daxmalardan birində sağ aşkar olunur. Tezliklə, istintaq müəyyən edir ki, postun 15 nəfərdən ibarət şəxsi heyətində yeganə rus olan Çelax öz 14 milliyyətcə qazax olan hərbçi yoldaşı tərəfindən daim hədə-qorxu və təzyiq altında saxlanılıb. Sonda hisslərinə hakim ola bilməyən sərhədçi gecə post xidmətində olmağından istifadə edərək yatmış 14 əsgər yoldaşın güllələmişdi. Bundan sonra isə posta od vurub. İzlərini itirmək üçün yaxınlıqdakı ovçunu da qətlə yetirən Çelax bur neçə gün yaxın ərazilərdə gizlənib. 2012-ci il dekabrın 11-də məhkəmənin qərarı ilə o ömürlük azadlıqdan məhrum edilib və bu günə qədər cəzasını Jitikara həbsxanasında çəkməkdə davam edir.
Sakalauskas işi (SSRİ) – 8 ölü.
1987-ci ilin fevralın 24-də Sankt-Peterburq şəhərinin (o zamankı Leninqrad) Moskva vağzalında dəhşətli tapıntı aşkar olunur. SSRİ Daxili İşlər Nazirliyinin məhbusları Sibirdəki cəzaçəkmə müəssisəsinə aparan xüsusi eşelonun vaqonlarından birində 8 cəsəd aşkar olunur. Onlardan 6-sı məhbusları müşayiət edən daxili qoşunlar əsgərləri, 1-i qarovul rəhbəri və 1 nəfər mülki şəxs olur. Tezliklə müəyyən olunur ki, hadisə zamanı xidmətdə olmalı əsgərlərdən biri – litvalı Arturas Sakalauskas ölənlər arasında yoxdur. Sonradan aydın olur ki, o, silah seyfindəki 5 “Makarov” tapançasını gizlicə götürərək yatmış vəziyyətdə olan yoldaşlarını güllələyir və qatarı tərk edir. Bir neçə aydan sonra həbs olunan Sakauskas hadisənin motivi kimi xidmət yoldaşlarının onu zorlamasını göstərir. Arturas Sakalauskasın psixiki xəstəliklərdən əziyyət çəkdiyi müəyyən olunur. Məhkəmənin hökmü ilə o, SSRİ-nin, bu dövlət süqut etdikdən sonra isə Litvanın ruhi xəstəxanasına müalicəyə göndərilir.
Xocavənd qətliamı (Dağlıq Qarabağ) – 6 ölü.
2010-cu il iyulun 28-də Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal altındakı Xocavənd rayonunda yerləşən hərbi hissələrindən birində silahlı insident baş verir. Nəticədə baş leytenant Vardqes Tadevosyan, əsgərlər Qaregin Ovsepyan, Andranik Sarkisyan, Robert Ovanisyan, Artyem Manasyan və Karo Ayvazyan həlak olurlar. Sonradan mətbuata sızan məlumatlara görə döyüş postunda yatarkən aşkar olunan Karo Ayvazyan buna görə məruz qaldığı təhqirlərə dözə bilməyərək 5 nəfəri güllələyir və sonra özünə qəsd edir.
Daşkəsən və Göygöl insidentləri (Azərbaycan) – 13 ölü.
Təəssüf ki, ordudakı nizamnamədənkənar münasibətlər Milli Ordumuzdan da yan keçməyib. 2010-cu il yanvarın 28-də Daşkəsən rayonun N saylı hərbi hissəsində Bakının Yasamal və Nəsimi hərbi komissarlıqlarından həqiqi hərbi xidmətə çağırılmış əsgərlər Elxan Əziziov və Sadiq Məmmədov hərbi hissənin divizion komandiri, qərargah komandiri və daha iki zabiti qətlə yetirdilər. Daha iki nəfər isə xəsarət aldı. Rəsmi məlumatlara görə hadisəni törədən Elxan Əzizov və Sadiq Məmmədov hadisədən sonra özlərinə də qəsd edirlər. İstintaq hərbi hissədəki özbaşınalığı və hərbi qulluqçuların təhqir olunması hallarının qanlı insidentə səbəb olduğunu müəyyən etdi.
Buna görə 5 hərbi qulluqçu müxtəlif müddətlərə azadlıqdan məhrum edildilər.
Daha bir hadisə 2011-ci il fevralın 20-də Azərbaycanın Göygöl rayonu ərazisində yerləşən hərbi hissələrdən birində baş verib. Eyni vaxtda 7 hərbi qulluqçunun cəsədi aşkar olunur. Hərbi Prokurorluğun apardığı araşdırmaya əsasən hadisəni ölü aşkar olunan əsgərlərdən biri – Bakının Yasamal rayonu Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılan Zakir Quliyevin törətdiyi aydınlaşır. Zabit heyətinin passiv müşahidəçi rolu oynadıqları hərbi hissədə Zakir Quliyev əsgər yoldaşları tərəfindən dəfələrlə döyüldüyü və zorlandığı məlum olub. Sonda bakılı çağırışçı tabeliyindəki avtomatla yatmış vəziyyətdə olan yoldaşlarını güllələyib və özü də intihar edib.
Fort-Xud qətliamı (ABŞ) – 13 ölü. 2009-cu il noyabrın 5-də ABŞ-ın Texas ştatının Fort-Xud bazasında ölkə tarixinin ən qanlı daxili silahlı indsidenti baş verir. 39 yaşlı iordaniyalı hərbi həkim, mayor Malik Nadal Həsən hərbi bazanın tibbi müayinə mərkəzində növbə gözləyən yoldaşlarını atəşə tutur. İki tapança ilə silahlanmış Nadal Həsən 13 yoldaşının ölümünə, 32-sinin yaralanmasına səbəb olur. O özü də insident zaman 3 güllə yarası alır və iflic olur. Qılsa müddətdə aydınlşaır ki, hərbçi dini radikallığa meyl edib və “Əl Qaidə” terror təşkilatına simpatiyası ilə seçilib. 2013-cü ilin avqustunda Malik Nadal Həsən məhkəmənin qərarı ilə ölüm cəzasına məhkum olunub və hazırda həbsxanada edam olunacağı günü gözləyir.