Hindistanda yaşayan 8 yaşlı Kəlimin əllərinin ağırlığı 8 kq, barmaqlarının uzunluğu isə 33 sm-dir.
Milli.Az Daily Mail-ə istinadən biğdirir ki, Kəlimin əllərinin belə nəhəng ölçüyə çatmasının səbəblərini həkimlər hələ tapa bilmirlər.
Oğlanın anası, 27 yaşlı Həlimə deyib: “Kəlim doğulanda onun əllərinin anormal olduğunu gördüm. Oğlumun əlləri sanki 6 aylıq uşağın əlləriydi. Barmaqları çox uzundu. Yardım etmək, müalicəyə başlamaq imkanlarımız yoxdur. Kasıbıq, həkimlərin dedikləri məbləğ bizdə yoxdur”.
Kəlim həyatından narazıdır. Onun sözlərinə görə, ən adi işi görə bilmir.
“Yemək yeyəndə qabdakı düyünü güclə götürür, stəkanı zorla tuturam. Çiməndə də anam olmadan heç nə edə bilmirəm. Uşaqlarla oynayanda da mənə sataşırlar, ələ salırlar. Nə edəcəyimi bilmirəm. Məktəbə getmək istəmirəm. Uşaqlar deyirlər ki, əllərimdən qorxurlar”, – Kəlim deyib.
Kəlimin atası, 45 yaşlı Şəmin fəhlə işləyir. Ailənin aylıq gəliri 15 dollardır.
Yerli xəstəxananın həkimi Ratan Sinqhin dediyinə görə, Kəlimdə limfangioma xəstəliyi var.
“Hələ belə xəstəliyi olan insanla qarşılaşmamışam. Kəlim ümumən sağlam uşaqdır. Onun ürəyi və ağciyərləri normadadır. Əllərinə gəldikdə isə… Müalicənin yollarını bilmirəm”, – R.Sinqh deyib.
Dehli yaxınlığındakı Qurqaon şəhərində yerləşən “Fortis Memorial” elmi-tədqiqat mərkəzinin əməkdaşı, professor Krişnan Çu isə hesab edir ki, Kəlimi müalicə etmək olar. Fəqət bunun üçün ən azı 30 min dollar gərəkdir.
Limfangioma orqanizmdəki limfatik sistemdəki fəsaddır və bu zaman bədənin müxtəlif yerlərində şişlər yaranır.