Müxtəlif xalqları heç nə ümumi düşmənləri qədər möhkəm birləşdirmir.
Lakin hər ikisi İngiltərənin tarixi düşməni olan Şotlandiya və Fransa arasında “Qədim İttifaq” və ya “Auld Alliance” hələ o demək deyildir ki, Fransa hökuməti Şotlandiyanın müstəqilliyinə tərəfdardır. Əksinə.
Fransada elə bir kiçik bucaq var ki, o, həmişə Şotlandiya olaraq qalacaq. Söhbət Orlean və Burj arasındakı ucqar torpaq parçasından gedir.
Obinyi-sür-Ner qeyri-adi bir şəhərdir, çünki o 400 il Stüartlar sülaləsinin bir qolunun, yəni Şotland kral evinin mülkiyyəti olub.
Azenkur döyüşündən yeddi il sonra, 1422-ci ildə Darnlidən olan John Stuart adlı birisi kiçik bir ordunun başında Fransa sahillərinə üzüb.
O Fransa kralına ingilislərlə döyüşdə kömək edirdi və buna görə də Obinyi ona mükafat kimi verildi. Buradakı qəsr Fransız İnqilabına qədər şotlandların ixtiyarında idi.
“Bu bir hərbi alyans olub, lakin tədricən romantik bir alyansa çevrilib “
Roman Beguin
Bu gün bu bağlılığı xatırladan yalnız budur ki, hər ilin 14 iyulunda, Fransanın müstəqilliyi günündə burada Şotland festivalı keçirilir.
Həmin gün buraya Şotlandiyadan tuluqçular gəlir, yerli və əlbəttə daha naşı həvəskar musiqiçilərlə birlikdə konsert verirlər. Fransız aşpazlar həgis hazırlamağa cəhd göstərirlər, şərabla yanaşı viski də su kimi axır.
Onlar beləcə Qədim İttifaqı – Fransa və Şotlandiya arasında İngiltərəyə qarşı ortaq tarixi düşmənçilikdən qaynaqlanan birliyi bayram edirlər.
Bu Alyans barədə ilk yazılı mənbə 1295-ci ilə aiddir, hərçənd, yəqin demək olar ki, bu ittifaq daha az rəsmi şəkildə əvvəllər də mövcud olub və 1830-cu ildə şotland zabitləri Fransız kralının qvardiyasını təşkil edənədək davam edib.
“Bu bir hərbi alyans olub, lakin tədricən romantik bir alyansa çevrilib – deyir Obinyi şəhər bələdiyyəsində mədəniyyət işlərinə baxan Remi Beguin – Fransızlar həmişə şotlandları, şotlandlarsa fransızları seviblər. Biz bir-birini sevən cüt kimiyik”.
Əlbəttə, Obinyidə Kaledoniyaya aid hər şeyə aşkar bir rəğbət var.
Yerli sakinlər arasında yayılmış inanca görə, əslində bu, həqiqət də ola bilər, Yüz İllik Müharibədən sonra bir çox Şotland ailəsi Mərkəzi Fransanın Berri rayionunda məskunlaşıb. Turpin kimi yer adlarını bunun sübutu hesab edirlər.
Əlbəttə, Obinyidə, guya bütün kişilərin kilt (ətək) geyinməsinin bir qayda olması barədə deyilənlər daha az inandırıcıdır.
Belə bir geniş yayılmış mif də var ki, guya 1903-cü ilədək Qədim Alyans müqaviləsinə əsasən fransızlar Şotlandiya, şotlandlar isə Fransa vətəndaşlığı ala bilərmişlər. Lap əgər belə bir müddəa olubsa da, faktiki olaraq ondan heç kəs istifadə etməyib.
Lakin Şotlaniyanın müstəqiliiyi məsələsindən söhbət gedəndə, Obinyi merinin müavini Francois Gresset bildirir ki, bu, hazırda çox qızğın debatların mövzusudur.
“Emosional baxımdan, deyərdim ki, Obinyi camaatının əksəriyyəti buna tərəfdardır. Amma bu, çox mürəkkəb məsələdir və burada nəzərə alınası çoxlu faktorlar var, – deyir o, – burda biz qəti bir söz deyə bilmərik. Bu, şotland xalqının qəbul edəcəyi bir qərardır”.
Onun bu ehtiyatlanması belə bir məqamdan irəli gəlir ki, Şotlandiyanın tam müstəqilliyi müasir Fransanın məsuliyyət və prioritetləri ilə uzlaşmır.
Əlbəttə, Parisdə hökumətin heç bir təmsilçisi bunu açıq deməsə də, burada şotland müstəqlliyinə elə də böyük ruh yüksəkliyi ilə baxmırlar.
Faktorlardan biri regional nümunə məsələsidir. Fransa “bir xalq-bir dövlət” modelinə bağlıdır və o, Korsika və Britanni kimi regionların özlərinə yuva qurması ideaysına o qədər də xoş baxmır.
“Regional müstəqilliklər barədə çox hay-küy salınır, lakin separatçılıq riski yoxdur“
Dominique Moisi
Bununla belə, siyasətşünas Dominique Moisi-nin fikrincə, bu, Fransanın Şotland müstəqilliyinə tam dəstək verməməsinin əsas səbəbi deyil.
“Fransa İspaniya deyil. İspaniyada Kataloniya variantı tam real görünür. Fransada isə regional müstəqilliklər barədə çox hay-küy salınır, lakin separatçılıq riski yoxdur” – deyil təhlilçi.
“Fransada Şotland müstəqlliyinin əleyhinə olan ən güclü arqument bizim Birləşmiş Krallığı Avropaya bağlı olan və ildən-ilə güclənən Almaniya ilə balans yaradan güclü ölkə kimi görmək arzumuzdur” – deyir Moisi.
“Birləşmiş Krallığın qüdrətinə xələl gətirə biləcək nə varsa, o cümlədən Şotlandiyanın müstəqilliyi də Fransanın Avropadakı ambisiyalarına ziddir”.
7 əsr əvvəl Fransa və Şotlandiya arasında vahid məqsəd – İngiltərənin qüdrətini cilovlamaq məqsədi hərbi ittifaq yaradıb. Bu gün həmin həssaslıq qalır, lakin məqsədlər dəyişib.
Bu gün fransız əlini bir az utana-utana şotlandiyalı dostunun çiyninə qoyub deyir: “Bağışla, mon brave (mənim igidim)…Biz keçmişlərdə çiyin-çiyinə çox vuruşmuşuq. Amma indi, bu döyüş bizimki deyil”.
BBC