“Ərdoğanın təbriki normal haldır”.
Oxu.Az-ın suallarına Strategic Outlook Institution-un (Türkiyə) siyasi analitikiMehmet Fatih Öztarsu cavab verir.
– R.T.Ərdoğanın ölkə prezidenti seçilməsi ilə əlaqədar olaraq Türkiyənin siyasətində hansısa dəyişiklikləri gözləmək lazımdırmı?
– Ərdoğanın prezident seçilməsi qanuanuyğun hadisə idi. Türkiyənin daxili və xarici siyasəti 2002-ci ildən indiyə kimi necədirsə elə olduğu kimi də qalacaq. Amma ölkənin parlament sistemində dəyişikliklər gözlənilir. Nəticələri yaxın günlərdə görəcəyik.
– Sarkisyanın Türkiyə prezidentinin seçilməsi münasibəti ilə təbrikini Yerevan və Ankaranın yaxınlaşmasına yeni cəhd kimi qiymətləndirmək olarmı?
– Sarkisyan Soçidə İlham Əliyevə müharibəyə başlamadığı üçün təşəkkür edib. Bununla da onun daha tez-tez diplomatik dildən istifadə etdiyini görürük. Ərdoğanın təbriki normal haldır. Bununla yanaşı, bu, Sarkisyanın Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq istədiyini göstərir. Türkiyənin daxili siyasəti nə qədər təzadlı olsa da, xarici siyasətdə Türkiyə Qərbə doğru addımlamalı olduğunu bilir.
– Erməni KİV bəzi gizli mənbələrə istinadən xəbər veriblər ki, prezident Ərdoğan gələn ilin aprelində, 1915-ci il hadisələrinin qurbanlarının xatirəsini yad etmək üçün Ermənistana gələcək. Bu məlumatı həqiqətə uyğun hesab etmək olarmı?
– Biz hamımız erməni KİV-nin qurmalara meyilli olduğunu bilirik. Onların uydurmanı fakt kimi gündəmə gətirən yetəri sayda nəşri mövcuddur. Heç kim Ərdoğanın 2015-ci il aprel ayının 24-də nə edəcəyini ehtimal edə bilməz. Düşünmürəm ki, o, bu barədə son qərarı vermiş ola. Hər şey zaman və şəraitdən asılı olaraq dəyişə bilər.
Əlbəttə, əgər Sakisyan Qarabağ məsələsində pozitiv addımlar atarsa, Yerevana səfər bəlkə də baş tutsun, belə ki, bu məsələyə Türkiyə həssas yanaşır. O qədər həssas yanaşır ki, hətta 1915-ci il hadisələri Ankara üçün Qarabağ problemindən sonra gəlir. Çünki münaqişədə işğal məsələsi mövcuddur və yüz minlərlə insan bu vəziyyətlə əlaqəli pis şəraitdə yaşamağa davam edir.
– Siz faktiki olaraq mənim Qarabağ məsələsində nizamlanmanın hiss ediləcək dərəcədə inkişafına qədər Ankara ilə Yerevanın münasibətinin yaxşılaşmasının mümkünlüyü barədə növbəti sualıma cavab verdiniz.
– Qeyd etdiyim kimi bu münasibətlərin normallaşması prosesini Azərbaycan və Ermənistan arasında münasibətlərin müsbət dinamikasının inkişafı sürətləndirə bilər.
– Yeri gəlmişkən, Türkiyədə bu yaxınlarda erməni-Azərbaycan münaqişəsi ərazisində baş verən hadisələr diqqətlə izlənilirdi. Siz Türkiyənin münaqişənin həllinə real şəkildə vasitəçi ola biləcək kənar oyunçulardan olması məsələsini necə şərh edərdiniz?
– Bildiyiniz kimi, Azərbaycanın bəzi yaralı əsgərləri Türkiyədə müalicə olunur. Xarici işlər naziri Əhməd Davudoğlu onlara şəxsən baş çəkib, bu isə erməni KİV-də narazıçılığa səbəb olub. Türkiyə Qarabağ məsələsində vasitəçi yerini tutmağa hazırdır. Ankara tərəflərin mövqelərini yaxınlaşdırmaq üçün addımlar ata bilər və daima müvafiq məramı bəyan edir. Təbii ki, Yerevan və Bakı da bunun lehinə olan fikir söyləməlidirlər.
– Ermənistan ordusunun Azərbaycan ərazisindən çıxarılmasının sonda yalnız onun xeyrinə olması iddiasına və Ermənistanın indiyə qədər kənarda qaldığı regional layihələrə qoşulmasına gətirib çıxara bilərmi?
– Məncə, Ermənistan üçün ən böyük problem Rusiya ilə əlaqəli olan və onu ən vacib hesab edən ölkə rəhbərliyidir. Bu rəhbərliyin Qarabağın işğalında iştirak edən hərbçilərin olması isə ayrı problemdir. Hərbi keçmiş və Rusiyadan asılılıq Ermənistanı regional inteqrasiyadan kənarda saxlayır.
Ötən il onlarla etiraz aksiyası keçirilib. Amma Qərbin dəstəyi olmadığı üçün Sarkisyan rejiminə qarşı olan bu aksiyaların heç bir effekti olmadı. Onların yalnız iki çıxış yolu var: ya Sarkisyan siyasətini dəyişəcək, ya da bu ölkədə Qərbin dəstəyi ilə inqilab keçirilərək Sarkisyan və onun rejiminin tərəfdarları devriləcək. Hər iki variant regionun və Ermənistanın xeyrinədir.