Təzəlikcə kimsə sosial şəbəkədə belə bir əhvalat paylaşmışdı və bu əhvalat bizim hüquqqulu-mühafizə sistemi üçün nümunəvi sayıla bilər.
Uşaq həyətdə davaya düşübmüş, qarşı tərəf bunu söyübmüş, həmin vaxt yaxınlıqdan polis keçirmiş. Bəzi uşaqlar da hələ safdırlar, “polis əmi” nağıllarına inanırlar, ona görə bu uşaq yaxınlaşıb polisə, deyib ki, filankəs mənə “köpəyoğlu” dedi, onu cəzalandır. Polisin cavabı uşağı şoka salıbmış, deyilənə görə, uşaq bir həftədir nəinki pampers taxmaqdan imtina edir, hətta AzTV-yə də baxmır! Cavab belə olubmuş: “Get, sən də ona köpəyoğlu de”.
Əlbəttə, bizim hüquq-mühafizə orqanlarının qədim ənənələrə uyğun çalışması və “gözə göz, dişə diş” prinsiplərini gənc, yetişməkdə olan nəslə aşılaması çox yaxşı haldır.
Bu arada haşiyə çıxaraq qeyd edim ki, keçən həftə bir qrup səbayelli uşağın “Gənc heydərçilər” dəstəsi adı altında Qusara, hərbi hissədə yaradılan pioner düşərgəsinə göndərilməsini sevinclə izlədim. Arzu edirəm Pavlik Morozov da yetişsin!
Ancaq polisin uşaqlara bu cür tərbiyə verməsi mənfi nəticələr də yaradır, cəmiyyətdə polisə etibar itir. Misal üçün, Yasamalda bir ana və qızının faciəsi olayındakı kimi. Orda ailənin bir qızı evdən qaçmışdı, ana və digər qızı isə 9-cu qatdan atılaraq ölmüşdü. Hadisə intihardır, yoxsa nədir, bunu polis araşdıracaq. Bəs araşdırmaya inam varmı? Qəzetimizin əməkdaşı iki gün qabaq hadisə yerindəki qonşularla söhbət edib yazı hazırlamışdı. Mən onu oxuyanda dərəbəyliyə bir daha heyrət etdim. Sən demə, evin “kişisi” (dırnaq arasında yazmağa məcburuq) qadını boşasa da bir otağı zorla tutubmuş. Arvad-uşağı daim döyürmüş, onların zülümlə qazandığı pulları içkiyə verirmiş. Və bu zülm illərdir davam edirmiş!
Bəs bu illərdir davam edən zülmə polis, prokurorluq niyə münasibət bildirməyib? Niyə zülmə məruz qalanlar, cinayəti görən qonşular bu haqda məlumat verməyiblər? Bunun bircə səbəbi var: polisə cəmiyyətdə etimad, inam sıfır səviyyəsindədir. İnsanlar qanuna müraciət etməyi, hüquqda ədalət axtarmağı “işverənlik” sayırlar.
Elə son günlərin başqa bir əhvalatını yada salaq. Bakıdakı özəl klinikalardan birində olmuş tragikomik əhvalatı. Baş həkim, eyni zamanda klinikanın müdiri həkimlərdən birini işdən çıxartmaq istəmişdi. Həkim bununla razılaşmamışdı. İş məhkəməyə getmişdi. Son cümləni yalandan yazdım, kimdir məhkəməyə, istintaqa inanan? İşdən çıxarılan həkimlə baş həkim yaxalaşıblar, daha sonra “köhnə qəbristanlığın yanında” görüş təyin ediblər. Necə deyərlər, “razborka” üçün. Görüş yerinə hər iki tərəfin dəvət elədiyi kriminal avtoritetlər, idmançılar gəlmişdir. Nəticə: 3 bıçaqlanmış şəxs. Bunlardan biri işdən çıxarılan həkimdir.
İndi özünüz fikirləşin, bu ağılın yiyəsi olan həkimlər əllərində cərrah bıçağı olarkən necə davranırlar? Amma bu tək bizim problem deyil, Azərbaycan xalqının ümummilli problemidir. Bizi narahat edən hüquqa, dövlətin ədalətinə kütləvi etibarsızlıqdır. Çünki hər şey, bütün pisliklər bundan başlanır. “Ədalət mülkün təməlidir” – Türkiyədə məhkəmə salonlarında başa vurulan bu şüar durumu dəqiq ifadə edir. Ədalət olmayan dövlət məhvə məhkumdur.
Mən, təbii, anlayıram ki, yapistlərin qurduğu sistemdə ədalət axtarmaq gülməlidir, bəzi oxucular da bu sadəlövhlüyümə görə indi qımışırlar. Haqlıdırlar. Amma mən ictimai-siyasi sektora qarşı repressiya aparatından danışmıram, aşağı səviyyədə, “asan-xidmətin arayışı” tipində ədalətciklərdən bəhs edirəm. Heç olmazsa bunu təmin etsinlər. Məsələn, SSRİ-də insan azadlığı yox idi, ancaq milis də heç vaxt uşağa deməzdi ki, səni söyənə sən də köpəyoğlu de. Sovet milisi söyən uşağı tapıb onun qulağını dartardı.
Yaxşı ənənələri bərpa eləyin. Pioner düşərgəsi kimi. Xalq drujinaları da olsun.