Yazıçıdan sətir başlıqları: “Əvvəllər ana olmağı təsəvvür etmirdim”; “Uşaqla daha çox həyat yoldaşım məşğul olur”; “Mən danışıram, o da gözlərini nəlbəki boyda açıb, qulaq asır və gülür”
2014-cü il iyunun 1-də ilk dəfə ana olmuş tanınmış yazar, publisist Günel Mövlud qəzetimizə müsahibə verib . Hazırda Almaniyada yaşayan G.Mövludun oğlu Nadir də bu ölkədə dünyaya göz açıb. Musavat.com-a istinadən Hacı Hacıyevlə ailəli olan G.Mövludun müsahibəsini sizlərə təqdim edirik:
– Günel xanım, ana olmaq necə duyğudur?
Qəribədir. Yaxşıdır, pisdir, bunu dəqiq deyə bilmərəm. Bircə onu bilirəm ki, çox yeni, qəribə, maraqlı duyğudur. Əvvəllər ana olmağı təsəvvür etmirdim. Demirəm ki, istəmirdim. İstəyirdim, amma təsəvvür edə bilmirdim. Düşünürdüm ki, məndən ana çıxmaz. Qəribə həm də təəccüblü gəlirdi. Necə ola bilər ki, adamın qarnında bir insan böyüsün, sonra çıxsın gəlsin ki, mən də varam və məni sən dünyaya gətirmisən. Əlbəttə, həyatda yeganə funksiyaları uşaq doğmaq olan qadınlar üçün bu asandır. Mənə isə çətin və mümkünsüz kimi görünürdü. Amma həyat belə gətirdi ki, “bu kaza məndən ötmədi”. İndi sizin suallara cavab yazıram, o da yanımda uzanıb, öz balaca dünyasında, öz dilində nəsə qığıldanır. Mən də hərdən çevrilib, baxıram ki, ümumiyyətlə, bu balaca adam kimdir və yanımda nə işi var? Çünki hələ də özümü inandıra bilmirəm ki, uşağım var, üstəgəl, onu özüm doğmuşam. Bir az da məsuliyyət və günah hissi var. Orda İŞİD 700 nəfərin başını birdən kəsir, İranda otuz nəfəri birdən krandan asırlar, Myanmarda insanları kütləvi şəkildə yandırırlar, Afrika ölkələrində qızların klitorunu kəsirlər, sən də belə qəddar dünyaya bir insan gətirib, ona deyirsən ki, di ala, bu dünyada yaşa…
– Bəs, o zaman, yaşam tərzinizdə hansı dəyişiklik baş verib?
– Folklorumuzdan sitat gətirsəm, vəziyyətimi təxminən belə ifadə etmək olar: “ Gözəlağa çox gözəl idi, vurdu çiçək də çıxartdı”. Onsuz da işim az deyildi. Yazı, tərcümələr, Meydan.TV-dəki iş, oxunulası yüzlərlə kitab, görüləsi yüzlərlə iş, məişət, yemək hazırlamaq, ərə qulluq, dostlara qayğı, nə bilim daha nələr…üstünə də bu gəldi. Əslində işim o qədər çox idi ki, yaşam tərzimdə heç nə dəyişmədi. Sadəcə həmin yüzlərlə işin ortasında arada bir neçə dəqiqə tapıb yeməyini, paltarını həll edirəm, bir də hər şeydən yorulanda oturub, onunla söhbət edirəm, vəssalam. Bəxtimə olduqca sakit uşaq düşdü deyə, elə bir çətinlik yaratmır mənə. Ağlağan deyil, ancaq nəsə istəyəndə ağlayır. Bir də tez-tez söhbət etmək istəyir. Mən danışıram, o da gözlərini nəlbəki boyda açıb, qulaq asır və gülür. Özü də məhz o vaxt gülür ki, mən gülməli şeylər danışıram. Belə, aramızda artıq kommunikasiya yaranıb. Görək, böyüyəndə də dil tapa biləcəyikmi?
Bir də ki, uşaqla daha çox həyat yoldaşım məşğul olur. O həkimdir, uşağın səhhəti ilə bağlı hər şeyə o diqqət edir, intizamı o nəzarətdə saxlayır, bu yaşda hansı vərdişlər aşılanmalıdısa, o aşılayır, müxtəlif musiqilər dinlədir. Hacı ideal atadır. Elə atası olduğuna görə oğluma həsəd aparıram.
– Qarşılıqlı münasibətləri yazılarınızda daim saf-çürük edirsiniz. Heç ailə qurub, ana olandan sonra əvvəl gəldiyiniz qənaətlərin hansındasa yanıldığınızı düşünmüsünüzmü?
– Hə, düşünmüşəm. Düşünürəm ki, həmin qənaətlərdə kifayət qədər möhkəm olmamışam. Şübhələrə yerim olub. İndi həmin qənaətlərim daha da möhkəmlənir. Nikahla, münasibətlərlə, ailə ilə və daha nələrlə bağlı hansı fikirlərdə idimsə, o fikirlərdə qalıram və düşünürəm ki, vaxtında sərrast yazmamışam. Həyat yoldaşım demişkən, o yazıların barıtını bol eləmək lazım idi. Çox yumşaq yazmışam, Allah xasiyyətimi kəssin…
– Azərbaycanlı ana ilə avropalı ananın arasındakı fərq nədədir?
Azərbaycanlı ana – ana deyil ki, uşaq inkubatorudur. Əlbəttə, istisnalar var, yaxşı analar var. Amma onlar istisnadırlar. Bizim ana uşağı doğur, tumanı ilə uaşğın burnunun fırtığını silə-silə birtəhər böyüdür, uşaq bir az özünə gələr-gəlməz başlayır onun həyatını cəhənnəmə döndərməyə. Kənd yerində uşağın uşaqlığını işə, təsərrüfata satırlar. Qoymurlar yazıq bir uşaq olub, oynasın, oxusun, əylənsin. Uşaqlığını yaşamağa qoymurlar. Şəhər yerlərində də başqa dərd olur. Ya hər işinə qarışıb, ana uşağı edirlər, ya da başlı-başına buraxırlar, gedib olur avaranın biri. Qızdısa evə həbs edirlər. Qadın yox, kiməsə arvad, hansısa ailəyə gəlin böyüdürlər. Oğlandısa, bir tikə vaxtından boynun min dənə iş qoyurlar. Avropalı ananın necə olduğunu deyə bilmərəm. Amma kifayət qədər alman ana gördüm. Rahat deyə bilərəm ki, almanlar ağlasığmaz dərəcədə ailəcanlı adamlardı. Onlar uşaq yox, şəxsiyyət böyüdürlər. Bizim ev sahibəmiz almandır. 4 yaşlı oğlu var. Oğlu ilə söhbət edir. Oğlunun uşaq bağçasındakı qız dostlarını evə çağırır, evdə onlarla oynayır, deyir oğlum indidən qızlarla ünsiyətdə olmağı öyrənməlidi. Oğlunu sevdiyi futbol komandasının oyunlarına aparır. Uşaq bütün günü kitab vərəqləyir. Rəngli karandaşlarla nəsə çəkir. Kağızdan nəsə yapışdırıb düzəldir. Bizdə də uşağı otuzdururlar saatlarla televizorun qabağında. Sonra da uşaq olur debil. Kim deyirsə ki, Avropada ailə dəyərləri yoxdur, qələt edir. Alman tanıyıram ki, hər həftəsonu səhər saat 7-də Berlindən çıxır ki, saat doqquzda şəhərdən iki saat uzaqlığında yaşayan valideynləri ilə birlikdə səhər yeməyi yesin. Avropada böyük-kiçik deyilən şey bizimkindən bircə cəhəti ilə fərqlənir: burada kiçik böyüyə hörmət elədiyi kimi, böyük də kiçiyə hörmət edir.
– Yaradıcılığınız necə, davam edirmi?
Əlbəttə. Azadlıq Radiosuna həftədə bir yazı yazıram. Xeyli tərcümələrim var. Romanıma əlavələr elədim. Sentyabrda son düşüncələrimi əlavə edib, çapa vermək fikrim var. Yeni şeirlər var. Bir yaradıcı layihə də var ki, onu payızda altı nəfər yazarla birlikdə başlamalıyıq. Amma vaxt, detallar dəqiq deyil deyi, tam olaraq nə olduğunu deyə bilmərəm.
– Ölkəyə dönməyi düşünürsünüz?
Dəfələrlə demişəm, yenə də deyirəm: özümün də, ailəmin də gələcəyini Gürcüstanda görürəm. Buna indi yox, 2012-ci ildə qərar vermişəm. Sadəcə zaman məsələsidir. Ümid edirəm ki, bu zaman qısa olacaq. Tiflisdən ötrü burnumun ucu göynəyir. Gürcü dostlarımdan ötrü çox darıxmışam. Hərdən yuxuda Tiflis küçələrini görürəm. O ki, qaldı Azərbaycana, orda mənim doğma heç bir yerim yoxdu. Doğulduğum kənd yoxdur. Yeniyetməliyimi keçirdiyim çadır şəhərciyini yandırıblar. Tələbəliyimi keçirdiyim Bakının ağaclarını kəsib, ruhsuz, cansız beton nəhəngə çeviriblər. O ölkədə mənim keçmişim olan bircə bina, bircə həyət belə qoymayıblar. İnsan isə belədir ki, keçmişi olmayan yerlərə bağlana bilmir.
– Oğlunuz haranın vətəndaşıdır?
– Mən də, həyat yoldaşım da Azərbaycan vətəndaşıyıq. Oğlumuz da Azərbaycan vətəndaşıdır. Almaniyada qəbul edilən qanuna görə, müəyyən şərtlər daxilində 21 yaşından sonra Almaniya vətəndaşı ola bilər. Bu artıq onun öz seçimidir. İstəyər, alar, istəyər, almaz.
– Onun taleyi ilə bağlı nə düşünürsünüz, planlarınız varmı?
– Mən ancaq onu yaxşı insan kimi böyütməyi düşünürəm. Rahat oxuya bilsin, həddi-buluğa çatana qədər özünü, yerini tapmağa qərar versin deyə ona şərait yaratmaqdı planım. Peşəsi, yaşayacağı yeri, sevəcəyi qadını, keçirəcəyi həyat tərzini, dinini ya dinsizliyi, siyasi baxışlarını isə özü seçəcək. Mən onu vaxtında kitablarla, elmlə, ədəbiyyatla, mədəniyyətlə tanış edəcəm, gözəl dəyərlər aşılayacam. Sonra özü bilər. Nəyi seçəcəyindən asılı olmayaraq, həmişə dözümlü yanaşacam. Bircə arzum budur ki, fanatik dindar, millətçi, irqçi olmasın. Qəddar insan olmasın. Avara olmasın.
– Bir daha ana olmağı düşünürsünüzmü?
Əlbəttə. Çətini birinci dəfə idi. İndi arxayınam. Başa düşdüm ki, mən uşaq saxlaya bilərəm. Özü də birini yox. Cəmiyyətin bədbəxtliyi ondadır ki, ziyalı adamlar cəmi bir və ya iki uşaq dünyaya gətirir. Amma bu səhvdir. Ziyalı ailədə böyüyən uşağın savadsız, cahil olmaq şansı azdır. Cahillər isə bir ucdan doğub-törəyirlər. Çox vaxt uşaqları da özləri kimi, oxuya bilmir, ya da istəmir. Nəticədə savadsız, cahil ailələrdə böyüyənlərin sayı ilə ziyalı ailədə böyüyənlərin sayı arasında dəhşətli uçurum yaranır. Buna görə də, ziyalı ailələr çox uşaq dünyaya gətirməlidirlər. 4, 5, 6, 7 bir sözlə, nə qədər mümkündüsə, o qədər çox uşaq doğub, böyütməli, cəmiyyətə çoxlu savadlı insan, ölkəyə çoxlu savadlı vətəndaş verməlidirlər. Hazırda düşünürəm ki, təxminən, 6 uşaq doğub, böyüdəcəm. Bəşəriyyətə 6 nəfər savadlı insan bağışlayacam. Əgər maddi imkanım yaxşı olsa, orqanizmim davam gətirsə, 7, 8 uşaq da ola bilər. Həyat yoldaşım da uşaq istəyəndir. İdeal atadır. Odur ki, heç bir maneə görmürəm.
Günel xanım, qəzetimizə özəl fotolar da göndərdi. Onları da təqdim edirik.
Fəridə Abdıyeva