Azərbaycan adına bu rüsvayçılığın da şahidi olduq. Taleyin istehzasına bax ki, illər uzunu haqqı pozulanların müdafiəsi ilə məşğul olan hüquq müdafiəçilərinin indi özlərinin müdafiə komitəsi yaradıldı. Təbii ki, rüsvayçılıq belə bir qurumun təsis edilməsi deyil, vəziyyətin bu həddə necə gəlib çatması, yaxud çatdırılmasıdır.
Təməl prinsipi insan haqları olan Avropa Şurası Nazirlər Komitəsinə rəhbərlik edən bir ölkədə bu cür hadisələrin yaşanması ölkəmiz adına ikiqat utancvericidir…
Deyir, hamı xəstələnəndə həkimin yanına qaçır, bəs həkim naxoşlayanda neyləsin? Azərbaycanda ictimai “sanitarların” kütləvi “xəstələndiyi”, qəhətə çəkildiyi dönəmə daxil olmuşuq. Bu minvalla millət, cəmiyyət günün birində yiyəsiz, müdafiəsiz, “müalicəsiz” qalacaq.
Xüsusilə də mövcudluq arealı sürətlə daralmaqda olan demokratiya adacığının – 1-2 müstəqil yazar və media orqanının aqibəti yaxşı olmayacaq. Görə-görə gəlmirikmi?
İl-ildən məmləkətdə təməl haqlar, söz-ifadə azadlıqları sahəsində vəziyyət daha böhranlı duruma girir, barmaqla sayılacaq sayda olan vətəndaş cəmiyyəti institutlarının fəaliyyət imkanları ən müxtəlif üsullarla, qadağalarla məhdudlaşdırılır. Siyasi müxalifətin tam susdurulması, birpartiyalı sistemin tam və qəti qələbəsi üçün göstərilən titanik səylər də ki, öz yerində.
Nəyə nail olmaq istəyirlər görən ölkə yönətimləri? Bir məmləkətdə əgər tənqidçi media, tənqidçi müxalifət, şəffaflığın mühüm şərtlərindən sayılan müstəqil QHT-lər də olmayacaqsa, yalnız, tərif, pripiska, mədhiyyə, yalan atmosferi hökm sürəcəksə, bu hakimiyyətin nöqsanını kimsə onun üzünə deməyə, yazmağa cürət etməyəcəksə, Azərbaycana sivil dünyada hörmət qoyan, onun Qarabağ dərdini anlayan qalacaqmı? Narazı və qəzəbli xalqla “X” günündə qəfil üz-üzə qalmaqdan heçmi qorxmur indiki hakimiyyət?..
Bu ayın əvvəllərində Qarabağ münaqişəsi zonasında atəşkəs dövrü üçün görünməmiş gərginlik yaşandı, faktiki mini-müharibə baş verdi, gənc əsgərlərimiz həyatlarını itirdilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, ancaq genişmiqyaslı müharibənin bir addımlığında olduğumuz, vətəndaş barışının hava-su kimi lazım olduğu həmin müdhiş anlarda da Azərbaycanda repressiyalar, siyasi təqiblər səngimədi.
Bunu Qərb mediası da dərhal gördü və fiksə elədi. Və Qərb təhlilçiləri əgər cəbhədəki qarşıdurmadan, mümkün müharibə ehtimalından bir cümlə yazdılarsa, iki-üç cümlə Azərbaycandakı hüquqi dərəbəylikə, insan haqlarına davam edən qaba münasibətə həsr elədilər. Və vurğu bir daha ona salındı ki, belə bir hakimiyyətin torpaqları hərblə azad eləmək niyyəti ciddi sayıla bilməz.
Vətən savaşı olmadı. Belə baxanda yaxşı ki, olmadı. Savaş vaxtı deyil. Xalq-hakimiyyət münasibətlərinin aydınlaşmadığı bir vaxtda, Qarabağ veteranının siyasi motivlərlə iki ildir zindanda saxlanıldığı zamanda nə müharibə, kiminlə müharibə? Stalin yenə Hitlerlə savaş başlayanda nə vaxtsa haqsız yerə tutdurduğu generalları, hərbi mütəxəssisləri dərhal azad eləmişdi, bizdə o da olmadı.
Müharibə varsa da, gedirsə də, o, yalnız daxildə, hakim qüvvə ilə yadfikirli düşərgə arasında gedir. Qarabağda “blits-müharibə” günlərində də dayanmayan bu müharibədə iqtidarın qəti qələbəsinə bir şey qalmayıb. Ancaq nə yazıq ki, bu qələbə Azərbaycan adına, Qarabağ naminə olmayacaq. Əksinə.
***
Odur ki, ölkədə Ümummilli Qarabağı Müdafiə Komitəsindən qabaq hələ çox müdafiə komitələri yaradılacaq. Bəlkə də hüquq müdafiəçilərinin müdafiə komitəsi yaradanların özlərinin də az sonra müdafiə komitəsinə ehtiyacı olacaq, nə bilmək olar. Keşkə, təxminlərimizdə yanılaq. Keşkə, Azərbaycanda müdafiə komitələrinə heç vaxt ehtiyac olmasın. Bax, onda deyə biləcəyik ki, bəli, bu ölkə də mədəni cümhuriyyətlərin səfində yer alıb, biz də mədəni məmləkətlərdənik…