Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsini təqdim edirik.
– Özbəkistanla qolsuz heç-heçəyə dair nə deyə bilərsiz?
– Çox isti vardı. Meydanda hərəkət etməyə çətinlik çəkirdik. Buna baxmayaraq, vacib oyun idi. Berti Foqts seçmə mərhələ öncəsi heyəti müəyyənləşdirməyə çalışır.
– Komandanın oyunundan razısız?
– Hər şey istədiyimiz kimi alınmadı. Temp aşağı idi. Amma yenə də qələbə qazanmalıydıq. Qol vura bilmədik, nəticədə də heç-heçə qeydə alındı.
– Qol üçün nə çatışmadı?
– Heyətdə yeni futbolçular çox idi. Bu üzdən komanda oyunu göstərə bilmədik. Meydanda bir-birimizi başa düşmürdük. Buna baxmayaraq, qol vəziyyətlərimizin olduğunu siz də gördüz. Sadəcə, onları qola çevirə bilmədik.
– AÇ-2016-nın seçmə mərhələsi ərəfəsində bu oyun o qədər də optimist düşünməyə əsas vermir…
– Biz tam heyətlə oynasaydıq, daha yaxşı çıxış edərdik. Təbii ki, seçmə mərhələ oyunlarında hər şey tam fərqli olacaq.
– Rusiya ilə yoxlama oyununda da belə mübarizə aparacaqsız?
– Rusiyaya qarşı tam fərqli oyun olacaq. Hava şəraiti də orada yaxşı olacaq. Rəqib güclü olanda istər-istəməz futbolçu özünə qarşı da tələbkar olur.
– Düzünü deyin, yığmamızın yeni futbolçuları xoşunuza gəldi?
– (gülür) Nə deyə bilərəm? Fikrimcə, bizim öz oyunçularımız daha yaxşıdırlar. Qoy yığmada yerli futbolçular çıxış etsinlər.