Sinoptiklər gözlənilən hava proqnozu ilə bağlı açıqlama verdilər.
Avqustun 22-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, yağmursuz olacağı gözlənilir.
Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, sabah Bakı və Abşeron yarımadasında şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 24-27, gündüz 30-35 dərəcə isti olacaq.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 40-50 faiz təşkil edəcək.
Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh çimərliklərində 26-27, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovna çimərliklərində 27-28, Türkan, Hövsan, Şıx, Sahil çimərliklərində 28-29 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında avqustun 22-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam və gecə bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturunun gecə 21-26, gündüz 33-38, dağlarda gecə 14-19, gündüz 24-29 dərəcə isti olacağı gözlənilir.
Tibbi meteoroloji proqnoza gəlincə, kəskin isti hava şəraitindən sonra avqustun 24-dək Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və temperaturun bir qədər aşağı enməsi meteohəssas insanlar üçün müsbət amildir.