22 il idi ki, hər ilin bu günləri bütün postsovet məkanında olduğu kimi, Azərbaycanda da QKÇP mövzusu gündəmə oturur, müzakirə olunurdu. Bu il elə olmadı. Əslində bu mövzu heç vaxt olmadığı qədər məhz indi aktuallıq kəsb edir – Avrasiya İttifaqı ideyasının ortada olmasına görə.
Elə bir durum var ki, artıq yeni nəsil üçün QKÇP-nin nə demək olduğunu da izah etmək lazımdır. Bu, rusca abbreviaturadır (Qosudarstvennıy Komitet po Çrezvıçaynuyu Polojeniyu – yəni Fövqəladə Vəziyyət üzrə Dövlət Komitəsi – FVDK).
1991-ci ilin 19 avqustunda SSRİ-nin vitse-prezidenti Gennadi Yanayevin və baş nazir Valentin Pavlovun başçılıq etdiyi, sırasında Milli Təhlükəsizlik, Daxili İşlər və Müdafiə nazirliklərinin rəhbərlərinin də olduğu hökumət adamları QKÇP-FVDK yaradaraq ölkə prezidenti Mixail Qorbaçovu devirmək, guya ki, SSRİ-ni xilas etmək istəyirdilər.
Onların bu avantürasının ömrü cəmi üç gün çəkdi. Rusiya demokratları və artıq boğaza yığılmış xalq QKÇP-yə etiraz edərək ayağa qalxdı, Krımda istirahətdə olan Qorbaçov Moskvaya qayıtdı, QKÇP süqut etdi, DİN başçısı Puqo özünü güllələdi, Yanayev və qiyamçı nazirlər həbs olundu, Kommunist Partiyası ləğv edildi və SSRİ bir neçə ayın içində dağıldı.
QKÇP üzvləri SSRİ-ni qoruyub saxlamaq istədikləri yerdə dünyanın ən böyük dövlətinin sürətlə çökməsinə səbəb oldular.
Budur, 23 ildir ki, Rusiyanın hərbi-sənaye kompleksi, rus kəşfiyyatı, Rusiya millətçiləri, Rusiya kommunistləri bu tarixi faktı həzm edə, sinirə bilmir, köhnə qırmızı imperiyanı başqa adla, başqa rənglə, başqa bayraqla olsa da, bərpa etmək istəyirlər.
Bəs görək SSRİ öz-özünəmi dağıldı? Yaxud onu ABŞ və Qərb dağıtdımı?
Bu gün ortada müxtəlif söhbətlər, gizli fəaliyyətlərə, mürəkkəb bağlılıqlara dair konspiroloji iddialar çoxdur.
Çingiz Abdullayev kimi yazıçıların bədii əsərlərində xroniki olaraq SSRİ-nin dağılmasının əsas səbəbi kimi superdövlətlərin kəşfiyyat xidmətlərinin rolu qabardılsa da, əslində SSRİ-nin çöküşünün başlıca səbəbi partburjuaziya oliqarxiyasının tam deqradasiyaya uğraması, kommunizm ideyasının özünün puçluğunun faş olması, hərtərəfli iqtisadi tənəzzül, SSRİ-nin qocaman rəhbərliyinin ətaləti və s. idi. SSRİ-də mağazaların piştaxtaları boş idisə, insanlar yeməyə ət, yağ, qənd tapmırdılarsa, məgər bunu MKİ, Mİ-6, “Mossad” və başqa kəşfiyyat strukturları edirdimi?
Hamının gözü qarşısında ölkə yavaş-yavaş uçuruma yuvarlanırdı və heç kəs bunun qarşısını ala bilmirdi. Əslində Qorbaçovun ortaya atdığı “yenidənqurma”, “aşkarlıq”, “alkoqolizmə qarşı mübarizə”, “zəhmətsiz gəlirlərə qarşı mübarizə” və sair bu kimi islahatlar paketi məhz SSRİ-nin dağılmasının qarşısını almaq üçün idi.
Bu tərəfdən də az-çox yaranmış aşkarlıq və demokratiya meyllərindən sui-istifadə edərək, Qarabağı Azərbaycandan qoparmaq istəyən erməni millətçilərinin bütün SSRİ ərazisində tətiklədikləri millətçilik hərəkatları baş qaldırdı. Bu gün də heç yerdə etiraf edilmir, amma SSRİ-nin süqutunu ermənilər başlatdı. O zamanlar SSRİ-dən ayrılmaq tələbi ilə ilk olaraq məhz ermənilər çıxış etdilər. Budur, 15 respublikanın hamısı Rusiyadan ayrılıb, hətta Rusiyanın doğma qardaşı Belarus da müstəqil siyasət yeritməyə cəhd edir, yalnız bir ölkə Moskvanın paçasına yapışmış halda qalıb – Ermənistan.
QKÇP belə bir müstəvidə ortaya çıxdı. Bu komitə bir neçə gün də duruş gətirsəydi, öz ömrünü uzatmaq üçün kütləvi repressiyalara başlaması qaçılmaz idi. SSRİ-ni qoruyub saxlamaq üçün ölkə boyunca Stalinin adına, irsinə layiq repressiya dalğası kükrəməliydi. Bundan daha böyük zərəri ermənilər çəkəcəkdi, söz yox, amma bütün etnik konfliktlər də dondurulacaqdı.
Başqa cür mümkün deyildi. Ancaq bu da SSRİ xalqlarına rifah, inkişaf gətirməyəcəkdi. Ölkədə köklü islahatlara ehtiyac vardı, kommunist rəhbərlər isə islahat deyəni “dissident” elan edir, problemləri həll etməyin çəmini bilmir, eləcə hər şey donduraraq saxlamaq istəyirdilər.
Bu gün Putin də eyni fikirdədir. O da köhnə respublikaları bir araya yığmaq, dünya ölkələri ilə açıq konfrontasiyaya getmək, öz arxipelaqını yaratmaq, bununla belə, keçmiş müttəfiq respublikaları bir-birinə düşmən edən problemləri olduğu kimi saxlamaq xətti götürüb.
Əslində QKÇP-nin reallaşdırmaq istədiyi, ancaq bacarmadığı ideyalar hələ də aktualdır. Rus maşını qazlaya-qazlaya o istiqamətdə irəliləyir.