Saytlardan, qəzetlərdən oxumuş olarsınız, Bilgəhdə İH nümayəndəsinin təyinatı “yerlilər-gəlmələr” nifaqı yaradıb. Bilgəhlilər başda doğma deputatları Hacı Qalib olaraq ayağa qalxıblar ki, qəsəbənin böyüyü yerli adam olsun. İH başçısı da deyir, bu vəzifəni mənə cənab prezident etimad göstərərək verib, mən də bu adama etimad göstərirəm.
İndi bilgəhlilər çayxanada, orda-burda “yadellilərin istilası”ndan danışırlar, deyirlər, zəngilanlı niyə gəlib bizim kəndin ağsaqqalı olmalıdır, getsin, işğal altında qalan torpaqlarını azad eləsin, oranın rəhbəri olsun. Hacı Qalib elə deyir və özünü hazırda Babək Xürrəmidin kimi aparır.
Bu isə İH başçısı Adil Vəliyevin xətrinə dəyir, deyir, hamımız bu vətəninin oğluyuq, nə fərqi var kim haradandır.
Əlbəttə, İH başçısı düz deyir, kimin haradan olmasının elə də fərqi yoxdur, kadr siyasətində yer-yurd söhbəti nəzərə alınmasa, yaxşı olar. Məsələn, elə bu prizmadan yanaşsalar, bilgəhlinin Bilgəhdə rəhbər vəzifə tutmasına da təhəmmül etmək olar. Qoy bir dəfə də müdir özlərindən olsun, nə olacaq, nə fərqi var?
Doğrudan da, nə fərqi var ki, seçkilərdə irəli durub seçkini yerli kadr saxtalaşdıracaq, yoxsa gəlmə kadr? Rüşvəti doğulma-böyümə bilgəhli yığacaq, yoxsa Zəngilanda, Naxçıvanda doğulub-böyümüş birisi?
Əslində, bu məsələnin camaata, kütləyə o qədər də dəxli yoxdur, əsasən yığılacaq rüşvətdə, satılacaq torpaqlarda gözü olanlar üçün fərqi var. Onlar da haqlı olaraq fikirləşirlər ki, niyə öz camaatımızın rüşvətini özümüz almayaq, hansısa bir yadelli, məsələn, zəngilanlı gəlib alsın.
Orası da var ki, həmin yadelli zəngilanlı yox, məsələn, zəngəzurlu və ya şərurlu olsaydı, məsələnin məğzi xeyli dəyişərdi. Onda deputat Salahzadənin dəstəsi indiki kimi ötkəm olmaz, həmin kadrın üstünə getməzdilər.
Razılaşaq ki, zəngilanlı olmaqla zəngəzurlu olmaq eyni şey deyil. Düzdür, torpaq eyni torpaqdır, arada böyük məsafə də yoxdur, bir qəlbi yal-yamac var, amma zəngəzurlu, şərurlu olmaq siyasi məsələdir, zəngilanlı olmaq isə coğrafi anlam daşıyır.
Ona qalsa Naxçıvanda, Göyçədə, Vedidə doğulmuş İH başçıları, rəislər, prokurorlar, hakimlər, gömrükçülər və sair pullu vəzifələrin yiyələri A(ğstafa)-dan Z-yə (Zərdab) qədər bütün rayonlarda çalışırlar, amma onlara qarşı “bunt” eləyən yoxdur, eləcə, olsa-olsa bəzi çayxanada dallarınca aşağı desibelli söhbətlər gedir.
Amma vəzifə yiyəsi zəngilanlı olanda, vəziyyət dəyişir. Hətta o adam şükür eləsin ki, zəngilanlıdır, köçkündür, yaralıdır, yoxsa daha pis olardı. Salyandan, Ucardan, Şabrandan olsa, deyərdilər, booy, harda görünüb ki, ucarlı gəlib Bilgəhdə İH nümayəndəsi olsun. Sədərəkdən, Babəkdən olsa, başqa məsələ, amma şabranlı gəlib Bilgəhdə vəzifə tutacaq – olacaq işdirmi bu? Hər şeyin bir əndazəsi, təhər-tövrü, yol-yöndəmi var, hər kəs öz yerini, həddini biləcək.
Hələ indi yaxşıdır, 6-7 ildir mahalbazlıq, yerlibazlıq söhbəti o qədər də aktual deyil. Arada başqa yerlərdə təvəllüd tapanlardan da vəzifəyə qoyulanlar olur. Amma vaxt vardı, birinci sinifin sinifkomlarından tutmuş ta baş nazir və səhiyyə nazirinə qədər bütün vəzifələrin eyni mahallarda doğulanlardan ibarət olmasını təşkil etmək istəyirdilər.
Camaat orda-burda narazılıq edirdi, qımıldanırdı, “regionçuluq pis şeydir” deyə etiraz edirdilər. Amma ölkədəki vəzifələrin 80 faizinə yaxın civarda bütün postları qamarlamış kastanın fəalları da ortaya yeni ifadə atdılar, “antiregionçuluğu” haram elan etdilər və bəzi adamları bu cür damğaladılar. Artıq biri deyəndə ki, niyə bizim rayonda bütün vəzifəlilər ölkənin 400 kilometr o tərəfində yerləşən bir kəndin uşaqlarıdır, onlara deyirdilər, susun, antiregionçuluq eləməyin, milləti bölməyin.
Adamlar da məcbur olub susurdular, çünki qarşısında “anti” olan sözlərdən qorxurdular. Azmı adamları “antisovet”, “antipartiya”, “antipod” deyə cəzalandırmışdılar?
Sonradan vəziyyət dəyişdi və yavaş-yavaş dəyişməkdədir. İndi Bilgəh camaatı gərək ocağın üstünə benzin atmasın. Bu məsələ yenidən yoğunlasa, Gömrük Komitəsində eyni kənddən olan yüzlərlə kadrın xətrinə dəyəcək.