“Journal of Medical Ethics” jurnalında çap olunan araşdırmaya görə, 2008-2012 illəri arasında 611 xarici vətəndaş İsveçrədəki mütəxəssis təşkilatlardan kömək alaraq intihar edib.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bu illər arasında İsveçrədə cəmi 31 fərqli ölkədən xəstəyə xidmət edildiyi bildirilən işdə, xəstələrin 268-nin alman, 126-nın ingilis, 66-nın fransız, 44-nün italyan və 21-nin amerikalı olduğu bildirilib.
Araşdırma zamanı məlum olub ki, intiharı seçən xəstələrin yaşları 23 ilə 97 arasında dəyişir, orta yaş həddi isə 69-dur. İntihar edənlərin 47 faizi əsəb xəstəlikləri, 37 faizi xərçəng xəstəsi, qalan xəstələrin isə revmatizm və ürək narahatlıqlarından şikayətçi olublar. Xəstələrin 28 faizinin isə bir nenə xəstəlikdən əziyyət çəkdiyini bildirilib.
Araşdırmaya görə xəstələrin çoxu natrium pentobarbital içərək, dördü isə öldürücü dozada helium qəbul edərək intihar edib.
Altı ixtisaslaşmış təşkilatın xidmət etdiyi İsveçrədə federal səviyyədə yardımla intiharı qadağan edən bir qanun yoxdur.