Ərazidə nəzarət kameraları yoxdur.
Şəhidlər Xiyabanında böyük ehtimalla dünən baş verən vandalizm faktı ilə əlaqədar redaksiyamız araşdırma aparıb.
Xatırladaq ki, bir neçə saat öncə sosial şəbəkələrdə məşhur İlham və Fərizə cütlüyünün məzarları üzərində olan şəkillərinin ləkələnmiş əksi yayılmışdı. Bu şəkli çəkən istifadəçi iddia edirdi ki, şəklin üzərindəki nəcis izləridir.
Ümumiyyətlə, şəhərin mərkəzində, mühafizə altında olan bir məkanda, həm də ölkəmizin özünə hörmət edən hər bir vətəndaşı üçün müqəddəs hesab edilən Şəhidlər Xiyabanında bunun necə baş verə biləcəyini aydınlaşdırmaq üçün ora yollandıq.
Qəbirdaşı toxunulmamış və ideal vəziyyətdədir, heç bir vandalizm faktı əlaməti yox idi.
Suallarımızı yönləndirəcək birinin uzun-uzadı axtarışlarından sonra ərazinin təmizliyinə cavabdeh olduğunu iddia edən bir nəfəri tapdıq. Amma həmin şəxs adını və konkret vəzifəsini deməkdən qəti imtina etdi.
Bizim məzar daşının şəklinin təhqir edilməsi haqqında sualımıza gəlincə “təmizlik başçısı” belə bir şeyin ola bilməyəcəyini söyləyib, çünki onun tabeçiliyində olan işçilərdən heç biri ondan “fırça və yuyucu vasitə” istəməyib və onun bu barədə heç bir məlumatı yoxdur. Sonda isə o bunun montajdan başqa heç nə olmadığını söyləyib.
Bu söhbətdən sonra biz ərazini mühafizə edən iki polislə də söhbətə nail olduq. Onlar bildirdilər ki, burada səhər saat 07.00-dan axşam saat 08.00-a qədər olurlar, axşam isə əraziyə patrul xidməti cavabdehdir, onlar isə gecə ərzində bir neçə dəfə Xiyabanı gəzirlər.
Amma məlum olub ki, bu hadisə ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin əhaliyə vətəndaş xidməti trestinin baş mühəndisi Sabir Həsənov İnterpress.az-a rəy bildirib:
“Çox güman ki, Xiyabanda şəhid İlham və onun həyat yoldaşı Fərizənin məzarının təhqiri xuliqanların işidir. Bu barədə bizə səhər xəbər veriblər, və məzar daşları dərhal təmizlənib”.
S.Həsənovun sözlərinə görə, ərazidə nəzarət kameraları yoxdur və ona görə də bu hadisənin kimin tərəfindən törədildiyi məlum deyil:
“Gecələr ərazidə iki nəfər polis əməkdaşı növbədə olur. Görünür, bunu edən polislərin diqqətindən yayınmağı bacarıb”.
Yəni gözlənilən baş verdi, məsul şəxslər kənarda qalmağa, heç nə olmamış kimi davranmağa üstünlük verdilər.
Amma olanlar göz qabağındadır. Bunu yayan istifadəçi bizimlə skrinşotu da paylaşıb, burada çəkilişin edildiyi vaxt aydın görünür. Ona görə də şəklin çəkiliş vaxtına dair danışılan nağıllar əsassızdır.
Qeyd edək ki, bu məqalə yazılan an redaksiyaya Azərbaycan Baş Prokurorluğundan bəyanat daxil oldu, bəyanatda bu faktla əlaqədar AR CM 245 maddəsinə (Məzar və ya meyitlərin təhqir edilməsi) görə cinayət işi açıldığı bildirilib. Bu maddə 2 il müddətinə icbari iş və ya 5 il azadlıqdan məhrum etməni nəzərdə tutur.