Amerika Birləşmiş Ştatlarında yaşayan 37 yaşlı Məryəm Mirzəxani bu yaxınlarda riyaziyyat üzrə nüfuzlu “Fields” ödülünü alanda yerli telekanalizasiyalarımız canfəşanlıqla bir dezinformasiyanı xalqa sırıdılar: guya Məryəm xanım İranda doğulmuş azərbaycanlıdır, bizim millətdəndir.
Belə gülünc fəxarət örnəyini bir qırağa qoyuram, çünki bu adam Biləcəridəki 297 saylı məktəbi qurtarmayıbsa, BDU “mexmatında”-zadda oxumayıbsa, bunun uğurundan sizə nə? İlk növbədə, adam ABŞ-ın ona yaratdığı təhsil, tədqiqat şəraitinə minnətdardır. Ancaq məsələni daha karikatur edən odur ki, AzadlıqRadiosu Məryəm Mirzəxanini tapıb, soruşub, xanım deyib azərbaycanlı olmağım yalandır. Bəs indi ora-burasına “dəqiq, qərəzli, vicdansız” şüarları yazılan telekanalizasiyalar nə qayıracaqlar, başlarına haranın daşını tökəcəklər?
Fikrimcə, yeganə çıxış yolu at kimi üzə durmaq, Məryəm xanımın azərbaycanlı olmasında israr etməkdir. Bizdə belə metodları yaxşı bacarırlar.
Təzə reportaj qayırmaq olar ki, bəs, Məryəm əslində azərbaycanlıdır, lakin ABŞ-ın Kaliforniya ştatında yaşayan erməni lobbisinin təzyiqləri üzündən qorxmuşdur. Ay qız, qorxma, müdafiə nazirimizin rəhbərliyi altında Los-Ancelesi alandan sonra sənə AMEA Riyaziyyat İnstitutunda hər cür şərait yaradılacaqdır, istəsən Balaxanı yolunda evin, altında maşının olar!
Gücləri birləşdirmək, “Səni axtarıram” verilişini işə qoşmaq lazımdır. Verilişə “SOCAR”ın Qum adasında neft çıxardan bir qoca işçisini çıxartmaq olar, deyərik ki, bu dayı Təbriz türkü Həmidağa müəllimdir, uzaq illərdə Rövnəq müəllimin dəvəti ilə işləməyə gəlmişdir, ancaq körpə qızı Məryəm o tayda qalmışdır. Bu yerdə geniş ekranda ailə məsələləri üzrə ekspert, manıs Tolik Samiraldonun göz yaşlarını göstərmək olar. İri planda Həmidağa müəllim deyər: “Məryəm, qızım, körpə balam, bağışla məni, mükafatın pulunu da istəmirəm, gəl Bakımıza, gör necə gözəlləşibdir! Gəl, bulvarda səni Şeytan çarxına mindirim, Binəqədi rayonunda icra başçısı Xaləddin müəllimin ”Təmiz Binəqədi” layihəsinə də dəstək olaq!”
Bu vaxt səhnənin kölgəliyində oturan sintezatorçu qardaş da həzin bir musiqi dınqıldadar, lap altdan-altdan isə türk müğənnisi Nilufərin “O da özlüyormuş, mənim bir tanem” zümzüməsi axıb gedər.
Ola bilər ki, Məryəm xanım vaxtilə İranda apendistini kəsdirməyə gedən Qusar sakini Mirzəxan Mirzəxanovun dini nikahdan – siğədən doğulan uşağıdır.
Hətta Yaqub müəllim Tarix İnstitutunun xəttiylə Məryəm Mirzəxaninin üz quruluşunu, DNK analizini aparıb onun qədim Şumer türklərindən biri olduğunu, Şəki ərazisində yaşayan Halvaçı Ələsgərin dost-doğma bacısı çıxdığını da yazsın.
Sözümün canı odur ki, rəhmətlik Tağı müəllim demiş, ora-bura burcutmağın, dızıldaşmağın yeri yoxdur. Məryəm xanım azərbaycanlı olduğunu boynuna almasa da (görünür, respublikamızın analoqsuz uğurlarına layiq olmadığını düşünərək bir az utancaqlıq edibdir; öləsən səni, qız!), biz bunu onun boynuna qoyarıq! Ən yaxşısı dincliklə, İqbal Ağazadə demişkən, dialoq yolu ilə bunu boyna almasıdır, ancaq alınmasa hüquq-mühafizə orqanlarımızın canı sağ olsun… Məryəm xanımı tutub gətirib bircə gün Nəsimi rayon Polis İdarəsində, sahə müvəkkili Cüvəllağı müəllimin kabinetində dindirsək nəinki azərbaycanlı olduğunu boynuna alacaqdır, hətta Xurşudbanu Natəvan, Tomris, Həcər, Gülər Əhmədova olduğunu deyəcəkdir! Bizim gənc, qürurlu dövlətimizin buna hər cür imkanları vardır.
İndi söz əlaqədar təşkilatlarındır, həmçinin Məryəm xanımındır. Ağıllı ol, qız.