Mərhum eks-prezident Elçibəyin oğlu Ərturqutun iş məsələsi hərbi xidmətdən qayıtdığından bəri vaxtaşırı gündəmə gəlir. Eks-prezidentin, özü də milli-azadlıq hərəkatına rəhbərlik etmiş, ölkənin dövlət müstəqilliyini bərpa etməsində müstəsna rol oynamış bir şəxsiyyətin oğluna iş verilməməsi üzündən mövcud hakimiyyəti yamanlama halları da baş verirdi.
Budur, xəbər var ki, Ərturqut FHN-in bazasında 3 aylıq kurs keçir, sonra bir işlə təmin olunacaq.
Birincisi, öz ölkəsində bir iş tapıb işləmək onun haqqıdır – bütün ali təhsilli, karyera qurmaq istəyən gənclər kimi.
İkincisi, FHN-in adı gözə böyük görünə bilər, amma Ərturqutu üç aydan sonra orada nazir müavini vəzifəsinə qoymayacaqlar, nazirliyin idarələrindən birindəki hansısa şöbədə sıravi bir iş verəcəklər.
İndi qınaq, məzəmmət hədəfi dəyişib. Dünənə qədər hakimiyyəti Ərturquta iş verməməyə görə qınayırdılarsa, bu gün Ərturqutun özünü hakimiyyətin iş təklifini qəbul etməsinə görə qınaq hədəfi etmək təşəbbüsləri var.
Söz yox, o adi, sıradan bir adamın oğlu deyil, milli-hərəkatın liderinin, simvolunun oğludur və atdığı hər addımda, danışdığı hər kəlmədə boynuna biçilmiş obraza xələl gəlməməsinə çalışmalıdır.
Amma o, gəncdir, azaddır və öz yolunu, siyasi mövqeyini müəyyənləşdirməkdə, öz həyatını özü bildiyi kimi yaşamaq istəməkdə sərbəstdir.
Əbülfəz Elçibəy aldığı təhsilə, savada, tərbiyəyə görə, yaşadığı mühitin, dövranın, zəmanənin gərdişi ilə demokrat türk millətçisi, dissident, böyük humanist və siyasət adamı kimi yetişmişdisə, oğlu şəxsiyyət kimi formalaşarkən birəbir onun izi ilə addımlaması mümkün deyil.
Onun öz dünyagörüşü, öz maraq və dostlar dairəsi var və əgər bu gənc özündə siyasətlə məşğul olmaq üçün yetərli əzm, iradə, həvəs görmürsə, atasının siyasi irsinə sahib çıxması mümkün, hətta düzgün də deyil.
Ərturqut Elçibəyin bioloji varisidir. Bioloji varis olmaq hələ o demək deyil ki, o, üzərinə siyasi varislik statusu da götürməlidir və atasının yarımçıq qalmış siyasi yolunu davam etdirməli, onun vaxtilə rəhbərlik etmiş olduğu siyasi təşkilatı dirçəltməyə, siyasi arenaya atılmağa cəhd etməlidir.
Çoxlu başqa nümunələr də gətirmək olar. Məsələn, gözəl səsi olan məşhur bir müğənninin övladının səsi yoxdursa, o, istəsə də atasının sənət yolunu davam etdirə bilməz. Eyni şey rənglər dünyasında yaşayan rəssama da aiddir – oğlu rənglərlə işləməyi sevmirsə, necə olacaq. Məşhur yazıçının oğlu nəinki kitab yazmağı, hətta kitab oxumağı sevmirsə, ondan “atasının yolunu davam etdirməsi”ni necə ummaq olar?
Nəyə görəsə siyasət hər kəsə çox asan bir peşə kimi görünür. Çoxları elə bilir ki, hər kəs siyasətlə məşğul ola, ortaya iradə, ambisiya qoya bilər.
Ancaq elə deyil. Siyasətçi olmaq üçün insandan daha çox keyfiyyət tələb olunur – analitik beyin, güclü iradə, kütləni ələ almaq, inandırmaq bacarığı, geniş mütaliə, dərin və hərtərəfli savad, fenomenal yaddaş və hövsələ, özünü bir çox dünyəvi həzz və nemətlərdən məhrum etmək fədakarlığı, məhrumiyyətlərə, o cümlədən həbsə, təhqirə məruz qalmaq perspektivinə hazırlıq və sair və ilaxır.
Bütün bu keyfiyyətlərin cəmləşdiyi adamlar lider olurlar. Ancaq bizimki kimi ölkədə bu keyfiyyətlərə fitrətən sahib olaraq, yaxud onları özündə kultivasiya edərək becərdikdən sonra lider olmaq hələ insana xoşbəxtlik gətirmir, insanın ömrü permanent iztirablar, keşməkeşlər içində keçir. Günümüzdə o cür insanların bir çox nümunələri var.
Ona görə də ölkəmizdə yaranmış situasiyada müxalif siyasi lider olmaq populyar canatma hədəfi deyil. Bu, əksər insanlara cəlbedici görünmür. Çoxları istəyir ki, sadə, ancaq təminatlı həyat sürsünlər, qalmaqalların içində olmasınlar, adları hər gün, hər dəqiqə hallanmasın, kimlərinsə rəğbət və ya nifrət obyektinə çevrilməsinlər.
Ərturqut da belə bir həyat yaşamasını istəyirsə, atasının siyasi varisi olmaq istəmirsə, buna heç kəs qarışa bilməz. Buraxın, yaşasın. Bəlkə gün gələcək, o da siyasi həyata atılmaq üçün özünü hazır hiss edəcək, kim bilir.