Hökumət dəbdəbəli ehsanlara qadağa qoymağa hazırlaşır. Gələn xəbərlərə inansaq, bundan sonra yas məclislərində yemək verilməsi yasaq ediləcək, ancaq xurma-çay…
Belə baxanda yaxşıdır. Toy-yas mərasimlərində (hələ qəbiristanlıqları demirik) israfçılıq Azərbaycandakı kimi heç bir ölkədə əndazəsini aşmayıb. Nə qonşu İranda, nə də Türkiyədə bu cür əcaibliklər, xeyir-şər mərasimindən bunca özünüreklam və təkəbbürlülük üçün istifadə eybəcərliyi yaşanmır – gedib-gələnlər bilir.
Belə vəziyyətin altını isə hampa ilə ayaqlaşmağa çalışan imkansız təbəqə çəkir. Bu mənada yasaq ən çox kasıb toplumun ürəyincə olacaq. Ancaq burada təhlükəli məqam dövlətdən ayrı olduğu deyilən din sahəsinə hakimiyyətin artan müdaxiləsi, öz “şərtlərini” burada da diktə eləmək istəyidir.
Kim zəmanət verə bilər ki, azadlıqlara deyil, qadağalara simpatiyası ilə seçilən YAP iqtidarı sabah, tutaq ki, namaz qılma qaydalarına da müdaxilə etməyəcək? Yada salaq, az öncə məscidlərə axundların necə və hansı mövzuda xütbə oxunması barədə “tövsiyələr” göndərilib, ölkədə azan səsi, orta məktəblərdə hicab yasaqlanıb.
Məsələ də ondadır ki, bu kimi problemləri indiyədək dini idarə ruhaniyyətlə əl-ələ verib cəmiyyəti maarifləndirmə və şəxsi nümunə hesabına yoluna qoymalı idi. Hərgah, o da var ki, necə? Əgər telekanallar savadlı ilahiyyatçıların üzünə qapalıdırsa, hansı normal maarifləndirmədən söhbət gedə bilər?
Beləcə, dairə qapanmış olur: hakimiyyətin bir yasağı (modern islamın təbliğinə yaratdığı əngəl) onun başqa bir yasağına (ehsanlara qadağa) yol açır, məqsədli şəkildə zəiflədilmiş cəmiyyətə isə kənardan çəpik çalmaqdan, “ura!” qışqırmaqdan savayı heç nə qalmır.
Demokratik ölkə ilə avtoritar rejimli ölkələrin mühüm bir fərqi də elə ondadır ki, birincidə azadlıqlar boldur, antidemokratik ölkələrdə isə – yasaq və məhdudiyyətlər. Digər fərqləndirici xüsusiyyət: demokratik dövlətin öz vətəndaşının şəxsi dünyasına, mülkiyyətinə müdaxiləsi minimumdursa və ya heç yoxdursa, avtoritar rejimli ölkələrdə əksinə, hakimiyyət az qala vətəndaşı yataq otağınadək izləyir ki, nə vaxtsa müstəqil fikir söyləyən həmin vətəndaşı şantaj edə, əzə, şərləyə bilsin.
Bu xüsusda qəti təəccüblü deyil ki, YAP hakimiyyəti azadlıqlar haqda yox, daim qadağalar, məhdudiyyətlər haqda düşünüb. 21 ildə qəbul edilən qanunlara, mövcud qanunlara isə edilən güzəştlərə ötəri nəzər salmaq yetər: tendensiya ildən-ildə təməl insan haqlarının, söz-ifadə azadlıqlarının kökünü daha dərindən qazmaq yönündə olub.
Bunun təzahürüdür ki, məsələn, indi müxalif düşərgənin təmsilçiləri tez-tez deyir ki, mərhum Heydər Əliyevin dönəmində Azərbaycanda demokratiya varmış. Doğrudan da, 2003-cü ilin payızınadək ölkədə indikindən qat-qat çox azadlıq mövcud idi, telekanallar müxalif fikrin üzünə açıq idi, dini maarifləndirmə imkanları babat idi. Pis-yaxşı paytaxtın mərkəzinə yaxın ərazilərdə mitinqlər, yürüşlər keçirmək problem olmazdı.
Əfsus ki, kasad azadlıqları da xalqa çox gördülər, qadağa qadağanın ardınca gəldi, qanunlar sərtləşdirildi, cərimələr fantastik həcmdə artırıldı, İnzibati Məcəllənin bir sıra maddələri Cinayət Məcəlləsinə “köç” elədi. Düzdür, mövcud rejim dönəmində məhdudiyyətin götürülməsi halı da olub. Ancaq o da azadlıqlar, demokratiya əleyhinə işləyib, yəni sırf hakim qüvvənin maraqlarına xidmət edib – Konstitusiyada bir nəfərin ardıcıl iki müddətdən artıq prezident olmasına qoyulan qadağanın götürülməsi kimi…
Nəticədə hamı qadağalardan sıxılır, havasızlıqdan boğulur. Azərbaycan özü boyda, açıq səma altında həbsxanaya dönüb. Çıxış yolu isə var – demokratiyanın qapılarını, pəncərələrini açmaq! Açın pəncərə-qapıları, qoy hamının ciyərlərinə təmiz azadlıq havası dolsun. Qadağalarla dövlət idarə edilməz, azadlıqlarla edilər! Dövlət azadlıqlarla basılmaz olar, yasaq-məhdudiyyətlərlə yox! Baxın, Qərb dövlətlərinə, dünyaya hökm edən ABŞ-a…
Azadlıqları xalqa qaytarın, o özü öz problemini yoluna qoyacaq, o cümlədən toy-yas israfçılığını. Bir də axı hüzn mərasimində ehsana kim imkan verməyəcək – sahə müvəkkilimi? Bəs Avropa Məhkəməsi?