Nə işdirsə, vaxtaşırı bir çılğınlıq dünyanı başına götürür və biz də guya ki, dünyanın bir parçası olduğumuzdan başımızı başlara qoşuruq.
Son belə bir haqq-hesab başa buzlu su tökməkdir. Hazırda dünyanın dörd bir tərəfində tanınmış və tanınmamış adamlar başlarına buzlu su tökürlər – kimisi vannadan, kimisi vedrədən, kimisi xüsusi qurğudan, kimisi vertolyotdan. Bəli, bəli, bu işdən ötrü adına hərdən helikopter deyilən uçan aparat kirayələyənlər var. O gün televiziyada göstərirdilər.
Çox xub. Bir halda ki, bu dünya dəbidir, demək, biz qonşudan dala qala bilmərik. Hərçənd qonşularımızın heç də hamısı başına buzlu su tökmür. Gürcü, erməni, rus fikirləşincə, bizimkilər artıq dünya ilə inteqrasiya ediblər. Multukulturalizmizin şiddətindəndir, nədir…
Əslində, bizim regionda “baş” deyəndə ağıla ilk olaraq kəsilmiş başlar gəlir. Razılaşaq ki, baş kəsmək problemi üzərində kəllə sındırmaqdansa, yaxşısı elə başa buzlu su tökməkdir. Bundan daha yaxşısı başa isti su tökmək, vaxtaşırı duş almaqdır. Sosial şəbəkə fəalları eyzən gileylənirlər ki, tər, kir, his-pas iyindən metroda yol getmək olmur.
Amma sanitar-gigiyenik problemlərin bu söhbətə dəxli yoxdur, söhbətin mövzusu dünyanı sarmış çılğınlıqdır.
Bəs bu nədən ötrüdür?
Mətbuatda yazılanlara görə, başa buzlu su tökmək icadını çıxaranlar bu hərəkətlə ALS (Amiotrofik Lateral Skleroz) xəstəliyinə diqqət çəkmək, onunla mübarizəyə daha çox adamın qoşulmasına nail olmaq istəyirlər.
Bundan ötrü başa buzlu su tökmək vacibdirmi? Görünür ki, vacibdir. Çünki başına buzlu su tökən adam bir saniyənin içində öz sinir sistemində milyonlarla motor hüceyrələrini (neyronları) öldürür. Bu, bir növ əzadarlıq kimi bir şeydir. Yəni bizim neyronlarımız da qurban olsun, ALS xəstələrinin dərdinə şərik olaq.
İndi məsələnin başqa bir tərəfi də mövcuddur. Bir var, dünyanın o başında milyarder Billi Qeyts başına buzlu su töksün, bir də var, Sulutəpədə, Xırdalanda yaşayan Bilal və Qeys, yaxud Əhmədlidə yaşayan Bilqeyis. Çox fərqli şeylərdir.
Çünki cənab Qeyts başına buzlu suyu töküb videoya çəkiləndən sonra qurulanacaq və 50 milyardlıq varidatından 100 milyon ayırıb ALS xəstəliyi ilə mübarizə fonduna köçürəcək ki, fond mərəzin profilaktikası, müalicə dərmanlarının icadı üçün xərcləsin.
Amma Bilalın, Qeysin və Bilqeysin Sulutəpədə, Əhmədlidə oturub başlarına buzlu su tökməsinin nəyə xeyri var? Onlar hələ su tapmalıdırlar. Əhmədlidə camaat sovet vaxtından bəri “su, su” deyib dad çəkir, su idarəsində işləyənlərin adını “Yezid”, “Şümr” çağırır. Hətta deyilənə görə, su idarəsinin rəisləri dəyişəndə camaat onların əmək fəaliyyətini bu cür qiymətləndirir: “Bundan əvvəlki Yezid insaflıydı, təzə Yezid daha pisdir”.
Yəni Əhmədli camaatının, eləcə də susuzluqdan əziyyət çəkən digər yaşayış massivlərinin camaatı durub ALS xəstəliyinə görə başlarına buzlu su töksələr, kənardan pis görünər.
Adları eyzən “soyundu”, “hamamda görüntüləndi”, “hovuzda yaxalandı” kimi fellərlə çəkilən, son günlərdə başlarına buzlu su əndərən bəzi müğənniləri isə, sizi əmin edirəm, nə xəstəlik maraqlandırır, nə onun müalicəsi. Onlar üçün bu öz bədənlərinin gözəlliyini gözlər önünə sərmək və pullu sponsor (məşuqə saxlayan) tapmaq üçün daha bir fürsətdir.
Helikopterdən başına soyuq su tökdürən adamın hərəkətinə gəlincə, bu, bakılılar demişkən, “risovkalıq”dan başqa bir şey deyil. Adama deyərlər, belə humanistsən və səxavətlisən, helikopterin kirayələnməsinə verdiyin pulu ALS ilə mübarizə üçün xərclə, “Mən belə oğlanam” filminə çəkilmə.
Həkimlər deyirlər ki, ALS bizim camaatın “Allaq göstərməsin” qrafasına saldığı xəstəliklərdəndir və başa buzlu su tökməklə onu sağaltmaq olmaz. Hətta bu, daha təhlükəlidir. Ola bilər ki, başına buzlu su tökən adam şok keçirsin və ölsün.
Ona görə də, prezidentliyə namizədlərdən biri demişkən, əziz mənim hörmətli oxucularım, gəlin dünyanın o başında nəsə bir şey dəb olan kimi küyə getməyək. Necə deyərlər, bizim öz mentalitetimiz var. Hərçənd bilirəm ki, bu tövsiyənin xeyri yoxdur. Sabah Amsterdamda, Göteborqda şalvarçıxarma aksiyası start götürsə, mütləq bizdə də o aksiyaya qoşulmaq istəyənlər olacaq.